Tamahına kar olanlar tələbə-aktyorların təqdimatında
Azərbaycanda aktyorluq ixtisasının tədris olunduğu yeganə ali təhsil müəssisəsi Mədəniyyət və İncəsənət Universitetidir. Ölkəmizdə dövlət və özəl olmaqla 50-yə yaxın teatr, səhnə fəaliyyəti ilə məşğul olan qurum, kollektiv var. Bəzi bölgə teatrlarını çıxmaq şərtilə əksəriyyətinin peşəkar aktyor sarıdan korluğu da yoxdur. Əslində, olmamalıdır da. Çünki bu universitetdən ildə ən azı 15 aktyor məzun olur. Teatrı idarə edən hər bir şəxs bilir ki, onun truppasında peşəkar, səhnənin tələblərinə cavab verən aktyorlar olmalıdır. Universitetdə ömrünü sənətə, teatra həsr edən təcrübəli pedaqoqlar çalışır.
Onlardan biri də Xalq artisti, səhnəmizdə və kinomuzda məxsusi izi olan Məmməd Səfadır. Onunla görüş-müsahibə təklifimə “Məni sevindirmək, əməyimi bir də öz qələminizdən oxucunuza çatdırmaq istəyirsinizsə, onlardan yazın. Çünki ən azı ömrümün 3-4 ilini həm də onlara sərf edirəm. Bizdən sonra gələnlər onlardır. Qoy bir az da onları tanıdaq”, – deyib əsl müəllim əxlaqı, ustadlarından görmüş olduğu ağayanalıqla tələbələrini nişan verdi...
Universitetin tələbələr qaynayan dəhlizində itməmək üçün “Böyük səhnə”ni xəbər alıram. Nümayişə bir saatdan artıq vaxt qalsa da, müsəlləh əsgərsayağı bütün heyət oradadır. Süleyman Sani Axundovun “Tamahkar” pyesi əsasında “Tamah-kar” adlı tamaşa hazırlanır. Adlarını bir-bir sadalayım: kurs rəhbəri Məmməd Səfa, səhnə danışığı müəllimi Nadir Hüseynov, kafedra müdiri Gülşad Baxşıyeva, rəqslərin quruluşçu və musiqi tərtibatçısı Səbinə Məmmədova, bədii tərtibatçı Fidan Cəfərova; rolları ifa edənlər: Ümid (Ağa Murad), Elnur (İmran), Əzizəxanım (Gülzar), Fəxri (Məhərrəm bəy), Kənan (Hacı Saleh), Könül (Şərəf xanım), Fəridə (Nabat), Fərid (Qulu), Əlizamin (Əliqulu), İlahə (Dəstə başçısı), Ayşən (Rəqqasə), Aytac (İlan).
“Tamahkar” komediyasi S.S.Axundovun ilk əsəridir və onu böyük dramaturq M.F.Axundzadənin “Hacı Qara” əsərinin təsiri ilə 1899-cu ildə qələmə alıb. Ədib pyesdə dövrün bir sıra mənfiliklərinə, o cümlədən xəsisliyə, tamahkarlığa, qadınların mənəvi baxımdan əsarətdə saxlanılmasına qarşı çıxır. Sadə və aydın dildə yazılan komediyada müəllif gülüşün müxtəlif təsvir vasitələrindən maraqlı şəkildə istifadə edir.
Əsərdə qaldırılan və təəssüf ki, bu gün də aktual olan problemə zəmanəmizdən baxan Məmməd Səfa müəllim və tələbələri bizə bir həqiqəti də sakitcə izhar edirlər: hər övlad öz valideyninin əsəri, hər insan cəmiyyətinin məhsuludur.
Tamaşa dinamik gənclərin fərqinə vardıqları və bəlkə də tez-tez şahidi olduqları eybəcərlikləri aydın göstərirdi. Oradakı qəhrəmanlar və onların münasibətləri sayəsində biz var-dövlətə hərisliyin cəhənnəm atəşinə çevrilib hər yanı və hər kəsi qarsalayacağına inanırıq. Elə bu inamın yaratdığı qorxu ilə də xəsis və hiyləgər ataya, saf sevgisi üçün mübarizədə uduzan qızcığaza, ondan beş-üç abbası qoparmaq üçün min cür hiyləyə əl atan məddahlara, bir parça qəndi çox gördüyü nökər-naiblərə – bir sözlə, hər kəsə haqq qazandırırıq. Hətta ömrünü siçovulsayağı pul kisəsinin həndəvərində keçirən, başqalarını aldada-aldada ən böyük yanlışı özünə edib tamahında gömülən Ağa Muradı da anlayırıq.
Tələbələrin qəhrəmanlarının hamısı maraqlı, baxımlı və fərqli idilər. İddialı gənclər rəqslərdə, plastik elementlərin icrasında sinxronluğa nail olsalar da, oyun boyu qətiyyən bir-birini təkrarlayıb ümumi çərçivədən çıxmadılar.
Salonda hamıdan arxada, qaranlıq küncdə dayanıb həyəcanını boğmağa çalışan müəllimlərinin özlərinə bəlli zəhmindənmi, yoxsa səhnədən tamaşaçılara qarışan oyun üslubunun verdiyi məsuliyyətdənmi biz əvvəldən sona qədər bu dəliqanlıların tempinin düşdüyünü görmədik.
Tamaşanın ana ideyasına xidmət edən düşünülmüş pərakəndəlikdə belə oturmuş bir mizan vardı. Plastik həll musiqi tərtibatı və rəssam işi də alqışa layiq idi.
Bir sözlə, uzağı 2-3 ilə (dram teatrı və kino aktyorluğu ixtisası üzrə 3-cü kurs tələbələridir) teatr səhnələrində, kinoekranda görəcəyimiz gənclər ifaları ilə həm də ustadlarına alqış qazandırdılar...
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2023.- 24
fevral.- S.5.