“Tarın pərdələrini düzənə
qurban...”
Azərbaycan tarı... Onun sədası əsrlərdir qəlblərimizi oxşayır, ruhumuza sığal çəkir. Əbəs deyil ki, tarı “Azərbaycan milli musiqisinin təmiz nəfəsi” kimi səciyyələndiriblər.
Mərhum musiqişünas Məcnun Kərimov tarı belə tərif edib: “Tar Azərbaycan simli musiqi alətləri arasında texniki və dinamik imkanlarına görə ən mükəmməl çalğı alətidir. Azərbaycan tarı həm xarici görkəmi, həm səs tembri, həm də ifa tərzinə görə başqalarından fərqlənir, daha mükəmməl hesab edilir. “Tar” qədim türk sözü olub, Azərbaycan dilində bu gün də bir çox mənalarda işlədilir. Məsələn, “tarım çəkmək”, “tarma”, “tar etmək” və s. Böyük bəstəkar və pedaqoq Üzeyir Hacıbəyli Azərbaycan tarının texniki ifaçılıq və səslənmə imkanlarına istinadən yazırdı: “Tar Şərq musiqi təhsilini artıra bilən alətlərdən ən qiymətlisi və ən mühümüdür”.
Rusiyalı musiqi alətləri tədqiqatçısı V.Vertkov isə birmənalı şəkildə tarın vətəninin Azərbaycan olduğunu bəyan edir: “Tar Xəzər dənizinin gündoğan və günbatan türk bölgələrində tarixən çox geniş yayılmışdı. Azərbaycanlılar tar çalmaqla sənətin ən yüksək səviyyəsinə yüksəlmişlər. Ancaq Azərbaycan tarlarına sahib çıxmaq istəyənlər də vardır...”.
Bəli, tarın vətəni Azərbaycandır. Azərbaycanın tar ifaçılıq sənəti 2012-ci ilin 3-7 dekabrında Parisdə keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyasında “Simli musiqi aləti tarın hazırlanma və ifaçılıq sənəti” faylı kimi “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na daxil edilib. Tarımızın dünya mirası kimi tanınması, sözsüz ki, Azərbaycan mədəniyyəti adına böyük nailiyyətdir. Bu nailiyyət Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi və aidiyyəti dövlət qurumlarının birgə səyi ilə əldə edilmişdi.
Tar əsasən muğam üçlüyünün tərkibində aparıcı alətdir və muğam sənətinin inkişafında müstəsna əhəmiyyətə malikdir. Muğam sənətinə söykənən Azərbaycanın milli operalarında da solo ifalar tarla müşayiət olunur.
XIX əsrin ikinci yarısından etibarən görkəmli tarzənlər nəsli yetişməyə başlayıb. Mirzə Sadıq (Sadıqcan), Mirzə Mansur Mansurov, Məşədi Zeynal Haqverdiyev, Məşədi Cəmil Əmirov, sonralar Məmmədxan Bakıxanov, Sərvər İbrahimov, Bəhram Mansurov, Həbib Bayramov kimi sənətkarlar bu sənətin yaşadılması və təbliğinə mühüm töhfələr veriblər. Bu ustadların davamçıları olan tarzənlər XX yüzillikdə Azərbaycan tar ifaçılığını daha da zənginləşdiriblər.
Bu gün ölkəmizdə tar ifaçılığı özünün yüksək inkişaf dövrünü yaşayır. Solo ifaçılıqda, ansambllarda, müşayiətdə tar yenə də ön sıralardadır. Bu alətin ustad ifaçılarından tanıdıqları, işinə dəyər verdikləri ustaları xəbər aldıq. Xalq artistləri Vamiq Məmmədəliyev, Ağasəlim Abdullayev, Əməkdar artist Valeh Rəhimov Bakıda tar alətini hazırlayan bir neçə ustanın ünvanlarını nişan verdilər.
Onlardan Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fəaliyyət göstərən Aslan Məhərrəmovun emalatxanasına yollandıq. O, qabaqcıl təhsil işçisidir. 30 ildən çoxdur tar alətinin sirrini gənc nəslə öyrədir. Deyir ki, tar alətini hazırlayan gərək tarı ifa etməyi də bacarsın. O səbəbdən də emalatxanada üç usta birlikdə çalışır. Biz emalatxanada olanda usta Fəxrəddin Cəfərov da böyük sevgi ilə növbəti alətin üzərində işləyirdi.
– Aslan müəllim, tarzənlərimiz sizə tez-tezmi müraciət edirlər? Tarın hansı hissələrinin daha çox təmirə ehtiyacı duyulur?
– Ümumi təmirlə bağlı hər gün işimiz var. Sırf alətin hazırlanması da eləcə. Ən çox çanaq hissənin qol ilə birləşən yerinin çatlaması və pərdənin dəyişməsinə təsadüf olunur. Tarda pərdə hər 6-7 aydan bir dəyişməlidir. Şagirdlər 1-2 ildən bir dəyişirlər. Amma peşəkar ifaçılar 6 aydan bir tarın pərdəsini yeniləyirlər.
– Pərdə nədən hazırlanır və mütəmadi dəyişdirilməsi zərurəti nə ilə bağlıdır?
– Dəyişdirilməsinə səbəb tarın səsinin həmişə saz qalmasıdır. Pərdə qaramalın ürəyindən hazırlanır. Onun da texniki üsulları var. Qəssablar ürəyin pərdəsini ayırıb saxlayırlar. Biz onların arasından seçim edirik. Çox kiçik ölçüdə olanlar işə yaramır. Soyuducunun buzxanasında saxlanılır. İstifadə ediləndə buzu açılır, üstünün piyləri təmizlənir və tam şəffaf hala gətirilir. Mal ürəyinin pərdəsi bərk olur, yumruqla vursan da, cırılmır.
– Ən çox kimlər sizə müraciət edir?
– Tanınmış tarzənlərin, demək olar ki, əksəriyyəti. Xalq artistləri Zamiq Əliyev, Vamiq Məmmədəliyev, Möhlət Müslümov, Firuz Əliyev, Ələkbər Ələkbərov, Elçin Həşimov.
– Demək, ən ünlü tarzənlərimiz sizi seçirlər.
– Özümü tərifləmək kimi çıxmasın, mən heç də pis ifaçı olmamışam. Sadəcə, pedaqoqluğu seçdim. Müəllimim görkəmli tarzənimiz Sərvər İbrahimov olub. Uzun illər Həmid Vəkilovdan dərs almışam. İfa etdiyimə görə də tarı gözəl bilirəm. Tar mənim 40 illik dostumdur.
– Emalatxana neçə ildir fəaliyyət göstərir?
– Bu ünvanda beş ildir. Məktəbin rəhbərliyinə bu diqqətə görə təşəkkür edirəm. İstedadlı uşaqlara, potensialı olan müəllimlərə burada yüksək dəyər verilir.
– Ümumiyyətlə, tar alətinə maraq necədir?
– Ölkə rəhbərliyinin, Heydər Əliyev Fondunun muğama göstərdiyi diqqət nəticəsində tar və kamança ifaçılığına da axın var. Bir neçə il əvvəl həvəs az idi. Muğam müsabiqələrindən sonra tara tələbat artıb. Şagirdlər dərsə həvəslə gəlirlər.
– Tarın hazırlanması yeni nəsillərə necə ötürülür? Bu sahə üzrə bir peşə məktəbi varmı?– Xeyr, bu sənət ustadan şagirdə keçməklə yaşadılır. Özüm alət üzrə ali təhsil almışam. 2002-ci ildən böyük muğam bilicimiz Valeh Rəhimov məni bu sahədə həvəsə gətirdi. Çox ustalara müraciət edirdik. Bəzən yaxşı alınmırdı. Tara lazım olmadan müdaxilə edirdilər. Bunun da səbəbi musiqi təhsilinin olmamasıdır. Valeh müəllimlə tarın ilk dəfə üzünü, pərdəsini dəyişdim. Beləcə, yavaş-yavaş öyrənməyə başladım. Yəqin işim tarzənlərin xoşuna gəldi və iş elə artdı ki, gördüm tək adamın işi deyil. Biz üçümüz də tar sinfini bitirmişik. Tarın özünəməxsus, qəribə xüsusiyyətləri var. Onun qolunu çox cüzi, millimetr geri qoysan, səsi dəyişiləcək. Tarın “canı” oxdan asılıdır. Bu oxun yerini düz oturtmasan, səslənmə itəcək. Tələbə vaxtı bəzən ustaya tar aparmışam. Düzəliş edəndə qolunu tərpədirdi. Bunu etmək olmaz. Oxu millimetrlə arxaya qoysan, sim onu cüzi qabağa gətirəcək və pərdələrdə xoşagəlməz səslər əmələ gələcək. Bəzən tarı təmir edib ifaçıya köklənməmiş şəkildə də verirlər. Gərək usta hazırladığı tarı ifa edib baxsın ki, hansı pərdədə nə çatışmazlıq var. O qədər alışmışam bu işə ki, əlimi pərdələrə sürtəndə nöqsanı görə bilirəm.
– Tara edilən əlavələrə münasibətiniz necədir?
– Düzü, yaxşı deyil. Xalq artisti Ramiz Quliyev çoxsaylı müzakirələrdə bunun əleyhinə çıxır. Klassik Azərbaycan tarına toxunmaq olmaz. Tar 4 kökdə səslənməlidir. Avropa və Azərbaycan bəstəkarlarının əsərlərini orkestrlə ifa etmək üçün “do” köklənir, gündəlik səsi “si”, “si bemol”, bir də var “lya” kökü. Tar bu dörd notda da yaxşı səslənməlidir. Arzulayıram ki, dülgərlikdən tar aləti düzəltməyə gələn ustalar, heç olmasa, emalatxanada köməkçi olaraq musiqi təhsili olan bir şagirdi yanlarında işlə təmin etsin. Qazanc xətrinə alətə xələl gətirmək olmaz. Tar dədə-babadan gəlib, əsrlərin yadigarıdır. Çox eksperimentlərdən keçib. Pərdəni gah plastikdən, gah balıq dərisindən, gah da başqa dərilərdən hazırlayırlar və nəticədə tarın səsi itib gedir.
– Bu gün hansısa yeni ixtira varmı?
– “Ratar” adlı alət var, yəni elektro tar. Ondan da tar səsi gəlmir. Türk sazının bütün
sxemini yığıblar,
sadəcə, çanağı
Azərbaycan tarıdır.
Məqsəd də budur ki, tar ifa edən
uşaqlar əlavə
alətə meyillənməsinlər.
– Bəs tarın əsas özəlliyi nədədir? Alət neçə hissədən
ibarətdir?
– Tar yeganə alətdir ki, onu iki
əllə tutub, iki əllə də ifa edirsən.
Azərbaycan tarı, əsasən,
üç hissədən
– çanaq, qol və kəllədən ibarətdir. Tarın çanaq
hissəsi tut, qol və kəllə hissələri isə qoz ağaclarından hazırlanır. Ümumi
uzunluğu 850 mm, çanağının
hündürlüyü 165, eni isə 185 mm-dir. Qoluna 22 pərdə bağlanır. Çanağının üzərinə mal ürəyinin qurudulmuş
pərdəsi çəkilir.
Müxtəlif diametrli
11 metal simi vardır. Sümük və ya ebonitdən
hazırlanmış kiçik
mizrabla səsləndirilir.
– Maraqlı müsahibə üçün təşəkkür
edirik.
Bəli, qədim alətimiz olan tarın adı bu gün
təkcə UNESCO-nun siyahısında
yer almaqla qalmır, istedadlı tarzənlərimizin sinəsində
dünyanın mötəbər
səhnələrində səslənir,
əcnəbilərin də
könlünü oxşayır. Hər pərdəsində yüz
sirr gizlədən tar
xalqımız var olduqca yaşayacaq...
Lalə Azəri
Mədəniyyət.- 2023.- 24
fevral.- S.5.