Bakıda “Yapon küləyi”
Yaponiyanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə fevralın 22-də Beynəlxalq Muğam Mərkəzində “KUNI-KEN” Şamisen rok qrupunun konserti keçirilib.
“Yapon küləyi” tədbirlər silsiləsi çərçivəsində keçirilən konsertdən əvvəl Yaponiyanın ölkəmizdəki səfiri Vada Cuniçi qrup haqqında məlumat verib. Qeyd edib ki, bu ilin fevral-mart aylarında Yaponiya səfirliyi Azərbaycanda “Yapon küləyi” adlı silsilə tədbirlər keçirir: “Bununla ölkənizin sakinlərinin Yaponiya mədəniyyəti və adət-ənənələri ilə tanış olmaq imkanı yaranıb. Bakı küləklər şəhəri olduğuna görə Yaponiya ilə bağlı mədəniyyət tədbirləri də burada həzin küləklər kimi əsir. “KUNI-KEN” Şamisen qrupunun üzvləri olan Kuniaki və Kenci qardaşları dünyanın bir çox ölkələrində konsertlər veriblər. İndi isə onlar Bakı səhnəsindədir”.
Yaponiya ilə Azərbaycan arasında mehriban münasibətlərin, qarşılıqlı hörmət və etimadın qurulmasının təqdirəlayiq olduğunu bildirən səfir ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.
Sonra Mie prefekturasının Yokkaiçi şəhərindən olan Kuniaki və Kenci qardaşları özünəməxsus ifaları ilə tamaşaçıların qarşısında çıxış ediblər.
Qeyd edək ki,
dünyanın bir çox
ölkələrində çıxış edən qrupun ifaçıları 2016-cı ildən Yokkaiçi şəhərinin turizm səfiri kimi də fəaliyyət
göstərirlər.
Mədəniyyət.- 2023.- 24
fevral.- S.8.