Xocalı soyqırımına həsr olunan “Yaddaş”
“Cadenza” orkestrinin konserti
Fevralın 21-də Beynəlxalq Muğam Mərkəzində (BMM) “Cadenza” orkestrinin “Yaddaş#2” adlı konserti keçirildi.
Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunan konsertdə musiqişünas Səfaqət Məmmədova proqramda səslənəcək əsərlər və onların müəllifləri haqqında məlumat verdi.
Daha sonra orkestr Orxan Həşimovun “Piano və solo üçün violin”, Fərhəng Hüseynovun “Stabat Mater”, Qalib Məmmədovun “Simli kvartet”, Ayaz Qəmbərlinin “Miniatür”, Tahir İbişovun “Epitafiya” və Azər Hacıəsgərlinin “613.1992” əsərlərini təqdim etdi.
Proqram üçün seçilmiş əsərlər dinləyicini kədərin və dəhşətin dərin qatlarına apararaq sanki yalnız buraxırdı. İfaçıların təqdimatı da peşəkarlıq baxımdan təsirli idi. Solistlər – Əməkdar artist Fəridə Məmmədova (soprano), Ümid Mustafazadə (violin), Samir Əsədov (violin), Anar Məmmədov (bas-klarnet), Afaq Qarayeva, Rəna Fərhadova (hər ikisi piano) əsərləri lirik və kədər notlarında böyük ustalıqla nümayiş etdirə bildilər. Musiqi əsərlərində qəm-qüssə intonasiyaları ilə yanaşı, mübarizə ruhu və qalib ruh da hakim idi.
Qeyd edək ki, “Cadenza”nın “Yaddaş” silsiləsindən ilk konserti də ötən ilin may ayında BMM-də keçirilmişdi.
Lalə
Mədəniyyət.- 2023.- 24
fevral.- S.3.