Mədəniyyətimizin böyük hamisi  

(əvvəli ötən sayımızda)

 

 

Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

1977-ci il 6 noyabr

Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev Bakıda Nəriman Nərimanovun xatirə muzeyinin açılış mərasimində iştirak edib. Heydər Əliyev respublika rəhbərliyi adından zəhmətkeşləri, Bakı sakinlərini görkəmli dövlət xadimi və Azərbaycan xalqının sədaqətli oğlunun xatirəsini yaşadacaq muzeyini açılışı münasibətilə təbrik edib. Qeyd olunub ki, muzeyin zəngin ekspozisiyası humanist maarifpərvərin çoxcəhətli və yorulmaz fəaliyyətini əks etdirir.

1977-ci il 10 dekabr

RSFSR-in Ulyanovsk şəhərində Nəriman Nərimanovun abidəsinin açılış mərasimi keçirilib. Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev mərasimdə nitq söyləyib.

1977-ci il 27 dekabr

Azərbaycan KP MK-nın plenumunda məruzə ilə çıxış edən Heydər Əliyev respublikada mədəniyyət sahəsinin daha da inkişaf etdirilməsi üçün görülməli işlər, bu sahədə mövcud problemlər barədə də danışıb.

“...Zəhmətkeşlərin ideya-siyasi, əmək, mənəvi və estetik tərbiyəsində biz mədəniyyət müəssisələrinin imkanlarından tamamilə istifadə etməliyik. Lakin mədəniyyət müəssisələrinin bir çoxu öz işini primitiv qurur və zəhmətkeşlərin daim artan mədəni tələbatını nəzərə almır. Kənd yerlərində mədəni-maarif işi daha zəif aparılır. “Kənd əhalisinə mədəni xidməti daha da yaxşılaşdırmaq tədbirləri haqqında” Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin qərarı ilə əlaqədar olaraq mədəni-maarif müəssisələrinin fəaliyyətinin əsaslı surətdə yaxşılaşdırmaq sahəsində tədbirlər sistemi hazırlanıb həyata keçirilməlidir.

Yaradıcılıq ittifaqları qarşısında böyük və məsul vəzifələr durur. Özlərinin bütün fəaliyyəti ilə onlar bədii yaradıcılığın daha da inkişaf etməsinə, ölkənin və respublikanın həyatında dərin dəyişikliklərin ədəbiyyat və incəsənət əsərlərində parlaq şəkildə əks olunmasına, yeni insanın mənəvi simasının, xalqın qəhrəmanlıq ənənələrinin açılıb göstərilməsinə, cəmiyyətin mənəvi sərvətlərinin artırılmasında bədii yaradıcılıqla məşğul olan ziyalıların, mədəniyyət müəssisələrinin rolunun yüksəlməsinə kömək etməlidirlər...”.

1978-ci il 4 fevral

Bakı şəhərində böyük bəstəkar Qara Qarayevin anadan olmasının 60 illiyi münasibətilə təntənəli gecə keçirilib. Bəstəkara “Lenin” ordeni və “Sosialist Əməyi Qəhrəmanı” fəxri adının “Oraq və çəkic” qızıl medalı təqdim edilib. Heydər Əliyev mərasimdə çıxış edib.

“Öz yaradıcılıq fəaliyyətinin qırx ili ərzində böyük qabiliyyətə və parlaq istedada malik olan Qara Qarayev tükənməz əzmkarlığı, fədakarlığı, əməksevərliyi sayəsində böyük və şanlı yol keçmişdir. Onun formaca milli yaradıcılığı respublikamızın hüdudlarından çox-çox kənara çıxmışdır. Dərin beynəlmiləlçilik ruhu ilə aşılanmış bu yaradıcılıq bütün sovet xalqının sərvətinə çevrilmişdir. Bu gün Qara Qarayev görkəmli bəstəkarlar arasında haqlı olaraq layiqli yer tutur...

Əsası böyük Üzeyir Hacıbəyov tərəfindən qoyulmuş Azərbaycan professional musiqisinin gözəl ənənələrini bəstəkar müvəffəqiyyətlə davaminkişaf etdirir. Xalqın yaratdığı nə varsa, hamısından bacarıqla istifadə edən, öz yaradıcılığını rusdünya klassik musiqisinin nailiyyətləri ilə zənginləşdirən Qara Qarayev özünəməxsus bəstəkarlıq məktəbi, təkcə Azərbaycan musiqi mədəniyyətinin deyil, həm də bütün sovet musiqi mədəniyyətinin inciləri sayılan gözəl əsərlər yaratmışdır. Onun yaradıcılığı fəlsəfi dərinliyi, bədii gözəlliyi, xüsusi koloriti ilə fərqlənir. Musiqi yaradıcılığını elmi tədqiqat işi ilə əlaqələndirən Qara Qarayev musiqişünaslığın nəzəri problemlərinin işlənməsinə böyük xidmət göstərmişdir.

Böyük ictimai xadim olan Qara Qarayev xalqlar dostluğunu möhkəmləndirmək üçün bu sahədə də çox görür, beynəlxalq meydanda dövlətimizi ləyaqətlə təmsil edir. İndi Qara Qarayev yaradıcılıq qüvvələrinin çiçəkləndiyi bir dövrü keçiriro, şübhəsiz, hərarətli qəlbi və parlaq zəkası ilə öz xalqına gözəl əsərlər bəxş etmək üçün hələ çox görəcəkdir...”.

***

Mədəniyyət sahəsində qabaqcıl fəaliyyət, incəsənət xadimlərinin yaradıcılıq nailiyyətləri dövlət tərəfindən qiymətləndirilirdi.

1977-ci il 14 noyabr

Mətbuat sahəsində fəal işlədiklərinə görə və “Pioner” jurnalının 50 illiyi ilə əlaqədar olaraq jurnalın redaktoru Nəriman Süleymanova “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib, bir neçə əməkdaş isə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə təltif edilib.

1977-ci il 5 dekabr

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə təsviri sənət sahəsində xidmətlərinə görə bir qrup şəxsə fəxri adlar verilib:

“Xalq rəssamı” fəxri adı – Elbəy Rzaquliyev, Elmira Şahtaxtinskaya.

“Əməkdar incəsənət xadimi” – İbrahim Zeynalov (heykəltəraş), Oqtay Sadıqzadə (rəssam), Lətif Feyzullayev (rəssam), Elcan Şamilov (heykəltəraş).

“Əməkdar rəssam” – Hüseyn Əliyev, Davud Kazımov, Vidadi Nərimanbəyov, Xalidə Səfərova.

“Əməkdar mədəniyyət işçisi” – Əziz Əliyev, Rüfət Rəfizadə (hər ikisi sənətşünas).

 

Hazırladı: V.Orxan

(davamı var)

Mədəniyyət.- 2023.- 24 fevral.- S.5.