Mədəniyyətimizin böyük hamisi
İllərin xronikasından (50)
Ümummilli lider
Heydər Əliyev böyük siyasətdə
olduğu bir qərinədən artıq
dövrdə, doğma
xalqının taleyində
tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli
incəsənətin, ədəbiyyatın
inkişafı, respublikada
mədəni-maarif işinin
qabaqcıl səviyyədə
təşkili sahəsində
də müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin
mədəniyyətə diqqət
və qayğısı
onun dövlət xadimi kimi fəaliyyətinin
bütün mərhələlərində
– sovet Azərbaycanına
rəhbərlik etdiyi illərdə, Moskvada,
SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana
onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı
səhifələrlə yazılıb.
O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük
hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları
“Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim
edirik...
(əvvəli ötən
sayımızda)
1994-cü il 28 dekabr
Prezident
Heydər Əliyev görkəmli yazıçı-publisist
Cəlil Məmmədquluzadənin
Bakıdakı Ev-Muzeyinin
açılış mərasimində
çıxış edib.
“Biz 70-ci illərin
əvvəllərində xalqımızın
ayrı-ayrı böyük
şəxsiyyətlərinin ev-muzeylərini yaratmağa
başladıq və ilk belə muzey
böyük bəstəkarımız
Üzeyir Hacıbəyovun
Ev-Muzeyi oldu. 76-cı ildə böyük şairimiz Səməd Vurğunun Ev-Muzeyi yarandı. Ondan sonra da belə
muzeylərin yaradılması
haqqında mən göstərişlər vermişdim.
Şübhəsiz ki,
həmin muzeylərin yaranması üçün
bu evlərdə yaşayan adamlar başqa yerlərə köçürülməli idi.
Bu işləri biz o vaxt görürdük.
İndi siz deyirsiniz ki, 82-ci ilin əvvəlində artıq bura boşalmışdı. Binanı
təmir etmək, bu ekspozisiyaları toplamaq üçün bəlkə 5-6 ay lazım idi. Ancaq üstündən 12 il keçdi...
Moskvada yaşayan
vaxt əgər mənə xəbər gəlsəydi ki, bu muzey açılıb,
çox sevinərdim.
Sonra mən gəldim Azərbaycana, Naxçıvanda yaşayan
vaxt bununla maraqlandım. Dedilər: yox, açılmadı. Nəhayət, Bakıya işə qayıdan kimi yenə də bu məsələ
ilə maraqlandım və lazımi tədbirlər görmək
barədə göstərişlər
verdim...
İndi görürsünüz,
açıldı ki.
Yəni nə qədər çətinliklər
də olsa, belə bir muzeyi
açmaq çətin
bir şey deyildir... Burada təkcə Cəlil Məmmədquluzadənin şəxsiyyətinə
yox, ümumiyyətlə,
mədəniyyətimizə, ədəbiyyatımıza olan
münasibət özünü
göstərir. Hər
bir belə mədəniyyət ocağının,
muzeyin yaranması bir tərəfdən mədəniyyətimizi, mədəni
irsimizi, tariximizi, keçmişimizi, köklərimizi
təbliğ edir. İkinci tərəfdən
də bu şəxslərin, bu şəxsiyyətlərin yaradıcılığını
təbliğ edir və bunlar böyük tərbiyə
ocağıdır, mədəniyyət
ocağıdır...”.
Heydər Əliyev
muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini
yazıb: “Azərbaycan
xalqının böyük
yazıçısı, maarifçisi,
ictimai xadimi Cəlil Məmmədquluzadənin
Ev-Muzeyi açılır.
Bakı şəhərində
yeni mədəniyyət
ocağı, Mirzə
Cəlil ocağı fəaliyyətə başlayır.
Bu, C.Məmmədquluzadənin
yaradıcılığına, onun ədəbi, mədəni irsinə, onun xalqımızın tarixində əvəzsiz xidmətlərinə verilən
yüksək qiymətin
rəmzidir...”.
***
Heydər Əliyev
həmin gün
Respublika Sarayında (indiki
Heydər Əliyev Sarayı) Cəlil Məmmədquluzadənin 125 illiyinə
həsr edilmiş təntənəli yığıncaqda
da çıxış
edib.
“...Cəlil Məmmədquluzadə
öz yaradıcılığı
ilə, əsərləri
ilə, publisistikası
ilə, böyük mətbuatçılıq fəaliyyəti
ilə Azərbaycan xalqının milli oyanışında, milli dirçəlişində əvəzsiz
rol oynamışdır.
Xalqımızın milli
şüurunun formalaşmasında
məhz “Molla Nəsrəddin” jurnalının
və Mirzə Cəlil fəaliyyətinin
rolu misilsizdir...
...Cəlil Məmmədquluzadənin
yaradıcılığında Azərbaycanın bütün
milli xüsusiyyətlərini,
eyni zamanda ümumbəşəri dəyərləri
əks etdirən fikirlər bizim milli ideologiyanın əsasıdır və həmin ideologiyanın yaranması üçün
böyük bir vasitədir, böyük bir sərvətdir. O dövrdə həm milliliyə bağlı olmaq, həm də dünyəvi, ümumbəşəri dəyərləri
qiymətləndirmək, onları
öz yaradıcılığında
əks etdirmək və xalqımızın
ümumi səviyyəsini
qaldırmaq cəhdləri
böyük vətəndaşlıq
cəsarəti idi, böyük xidmətdir və bunu biz
daim qiymətləndirməliyik.
Cəlil Məmmədquluzadənin fəaliyyətində
ən dəyərli cəhətlərdən biri
də Azərbaycan xalqının dilinin inkişafı üçün
göstərdiyi xidmətlərdir.
“Anamın kitabı” əsəri Azərbaycan üçün çox dahiyanə bir əsərdir. Çünki
bizim xalqımız, respublikamız Şərqin
və Qərbin, Şimalın və Cənubun qovuşuğundadır.
Əsrlər boyu ayrı-ayrı istiqamətlərdən
xalqımıza təsirlər
olmuşdur. Ancaq xalqımızın dahi simaları Azərbaycan dilini daim yaşadıb,
Azərbaycanın milliliyini
yaşadıb, milli şüuru yaşadıb,
milli məfkurəni yaşadıblar... “Anamın
kitabı”nda yazılan, təsvir olunan meyillər bu gün də
cəmiyyətimizdə özünü
büruzə verir.
“Ölülər” əsəri
haqqında. Mən tam cəsarətlə deyə bilərəm ki, dünya ədəbiyyatında buna
bərabər ikinci əsər tapmaq mümkün deyildir. Bu əsər Cəlil Məmmədquluzadənin
həm nə qədər böyük filosof olduğunu göstərir, həm də onun yalnız
özünəməxsus yaradıcılığını,
özünəməxsus fitri
istedadını əks
etdirir. Mirzə Cəlil bu əsəri
yaradarkən heç də dinə müxalif çıxmayıb,
əksinə, bu əsərlə islam dininin xalqımız üçün nə qədər böyük mənəvi dəyər olduğunu sübut etməyə çalışıb.
Eyni zamanda o, dini təhrif edənləri, dindən istifadə edib fırıldaqçılıqla məşğul olanları
ifşa edib, tənqid atəşinə
tutubdur.
Biz Cəlil Məmmədquluzadənin “Ölülər”
əsərindən bu
gün də bəhrələnməliyik. Çünki
bu gün də dini təhrif
edənlər, dindən
öz məqsədləri
üçün istifadə
edənlər, dindən
istifadə edərək
xalqımızı cəhalətə
uğratmağa çalışanlar
az deyil. Təəssüf ki, mənəviyyatda çatışmazlıq,
mənəviyyatda gerilik
bizi bu gün
də sıxır...”.
1994-cü il 30 dekabr
Heydər Əliyev
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik
Günü münasibətilə
Azərbaycan xalqına
təbrik müraciəti
ünvanlayıb.
1994-cü il 31 dekabr
Heydər Əliyev
Yeni il münasibətilə
Azərbaycan xalqını
təbrik edib.
1995-ci il 6 yanvar
Heydər Əliyev
Dağıstanda (Rusiya
Federasiyası) yaşayan
azərbaycanlıların nümayəndələrini
qəbul edib.
1995-ci il
7 yanvar
Prezident
Heydər Əliyev Milad bayramı münasibətilə Bakıdakı
Kamera musiqisi salonunda keçirilən mərasimdə iştirak edib.
Hazırladı: Vüqar
Orxan
(davamı var)
Mədəniyyət.- 2023.- 26 iyul.-
S.5.