Tanınmış cazmen
yubileyini səhnədə qeyd
edib
Beynəlxalq Muğam Mərkəzində mayın 26-da gitaraçı, cazmen, Türkiyədə fəaliyyət göstərən həmvətənimiz Ələsgər Abbasovun 65 illiyi münasibətilə yaradıcılıq gecəsi keçirildi.
İfaçının həyat və sənət yolu haqqında məlumat verildi. Diqqətə çatdırıldı ki, Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) məzunu olan Ələsgər Abbasov uzun müddət görkəmli cazmen, Xalq artisti Rafiq Babayevin yaratdığı bir çox heyətlərdə çalışıb.
Sonra səhnə musiqiçilərin ixtiyarına verildi. Yubilyarın uzun illər birgə çalışdığı Xalq artistləri Salman Qəmbərov, Cəmil Əmirov, Əməkdar artist Tofiq Cabbarov, Ahmet Özkulalı (zərb alətləri), müğənni Ebru Çətin (hər ikisi Türkiyə), Nicat Paşazadə (bas gitara) Ələsgər Abbasovla eyni səhnəni bölərək təbriklərini musiqinin dili ilə çatdırdılar. Proqramda bir-birindən fərqli üslub və janrda caz improvizasiyaları təqdim edildi.
Qeyd edək ki, Ələsgər Abbasov konservatoriyanın Simli alətlər fakültəsində təhsil alıb. Vaxtilə “Abşeron” və Vaqif Mustafazadənin “Muğam” qrupunda çalışan musiqiçi daha sonra Azərbaycan Dövlət Televiziya və Radiosu Estrada orkestrinin və “Cəngi” qrupunun üzvü olub. Həmçinin Xalq artisti Cəmil Əmirovun rəhbərlik etdiyi ansamblda çalışıb. Bir çox yerli və beynəlxalq caz festivallarının iştirakçısıdır.
Lalə
Mədəniyyət.- 2023.- 2 iyun.-
S.7.