Braziliyada Azərbaycanın Müstəqillik
Günü münasibətilə konsert
Braziliya Federativ Respublikasının paytaxtı Braziliya şəhərində Azərbaycanın Müstəqillik Günü münasibətilə diplomatik ziyafət, həmçinin Xalq artisti, ustad musiqiçi Ənvər Sadıqov və pianoçu bəstəkar, Əməkdar artist Emil Əfrasiyabın iştirakı ilə konsert təşkil olunub.
Azərbaycanın Braziliyadakı Səfirliyindən bildirilib ki, tədbir Braziliyanın Hərbi orkestrinin ifasında hər iki ölkənin himnlərinin səsləndirilməsi ilə başlayıb.
Çıxış edən səfir Rəşad Novruz ölkəmizin qədim adət-ənənələrə, zəngin sərvətlərə, qədim tarixə və möhkəm müstəqillik təməlinə malik olduğu barədə söz açıb.
Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri senator Nelsinyo Trace və Braziliya Xarici İşlər Nazirliyinin rəsmisi təbrik çıxışı ediblər. Çıxışlarda Azərbaycanın Braziliya üçün regionda əhəmiyyətli tərəfdaş olduğu, ikitərəfli münasibətlərin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.
Tədbir rəngarəng musiqi proqramı ilə davam edib. İfaçılarımız tərəfindən “Yenilməz batalyon”, “Əhməd haradadır?” filmlərindən musiqilər, “Uzundərə” rəqsi, “Şərq və Qərb” kompozisiyası, digər nümunələr, eləcə də Emil Əfrasiyabın Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr etdiyi “Ataya məktub” əsəri ifa olunub. Musiqiçilərin çıxışı böyük maraqla qarşılanıb.
Tədbirdə Braziliya rəsmiləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Mədəniyyət.- 2023.- 2 iyun.-
S.8.