Mədəniyyət Nazirliyində Böyük Britaniya Baş nazirinin nümayəndəsi
ilə görüş
Azad edilmiş ərazilərdə mədəni infrastrukturun bərpası üzrə əməkdaşlıq məsələləri də nəzərdən keçirilib
Xəbər verildiyi kimi, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ölkəmizə səfər edib. Ənənəvi olaraq keçirilən Bakı Enerji Həftəsində iştirak etmək üçün Azərbaycana gələn xanım Emma Nikolsonun budəfəki səfəri də iki ölkə arasında təkcə iqtisadi münasibətləri deyil, eyni zamanda humanitar sahədə əməkdaşlığın geniş spektrini əhatə edir.
Mayın 30-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonla görüşüb.
Görüşdə Azərbaycanla Böyük Britaniya arasında mədəniyyət və yaradıcı sənayelər sahəsində əməkdaşlıq məsələlərinə nəzər salınıb, o cümlədən Britaniya Şurasının (British Council) Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi layihə və proqramların əhəmiyyəti qeyd olunub.
Azərbaycanın mədəni irsinin qorunması və dünyaya təqdim edilməsində Böyük Britaniya ilə əməkdaşlığın önəmi vurğulanıb, gələcəkdə musiqi, film sənayesi, muzey, heykəltəraşlıq, ədəbiyyat sahələrində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Azərbaycanın erməni işğalından azad olunmuş torpaqlarında dağıdılmış mədəni infrastrukturun, eləcə də heykəltəraşlıq nümunələrinin bərpası ilə bağlı ekspertlərin cəlb edilməsi, yeni metodikaların tətbiqi məsələləri də müzakirə olunub.
Qeyd edək ki, Böyük
Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi 2016-cı ildən bu
yana Azərbaycana dəfələrlə səfər
edib və bu səfərlər
zamanı ikitərəfli mədəni əlaqələrə
diqqət ayrılıb, xanım Nikolson
Bakıdakı aparıcı mədəniyyət
ocaqlarının fəaliyyəti ilə tanış olub. Həmçinin onun Vətən müharibəsindən (2020) sonra ölkəmizə səfərləri əsnasında
işğaldan azad
edilən ərazilərdəki vəziyyət, otuz
ilə yaxın müddətdə erməni
işğalçıları tərəfindən
xalqımızın mədəni irsinə qarşı həyata
keçirilən vandalizm
aktları, Prezident İlham
Əliyevin rəhbərliyi ilə bu ərazilərdə
aparılan geniş quruculuq
işləri nəzərə çatdırılıb.
2022-ci ildə Emma Nikolson
Milli İncəsənət Muzeyinin “Mədəniyyətimizin incisi Qarabağ”, “Azərbaycan
incəsənəti minilliklər boyu” sərgilərini
ziyarət edib. Bu günlərdə,
2023-cü il mayın 25-də isə Böyük Britaniyanın Baş
nazirinin nümayəndəsi Londondakı dünyaca məşhur Viktoriya
və Albert Muzeyinin “Rafael” qalereyasında Ümummilli
lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş
Azərbaycan incəsənəti gecəsində iştirak edib.
Mədəniyyət.- 2023.- 2 iyun.-
S.3.