Qəzalı vəziyyətə düşən Dairəvi
qala bərpa olunur
Lənkəran şəhərində yerləşən,
el arasında Zindan qalası kimi tanınan Dairəvi qala qəzalı
vəziyyətə düşüb. Dairəvi qala sonuncu dəfə
2006-cı ildə bərpa olunub. Lakin sonradan tarixi abidənin
damında yaranmış qəzalı vəziyyət nəticəsində
qalaya ciddi ziyan dəyib. Hazırda qalada təmir-bərpa
işlərinə başlanılıb.
Mədəniyyət Nazirliyi yanında Mədəni
İrsin Qorunması, İnkişafı və Bərpası
üzrə Dövlət Xidmətindən bildirilib ki, ölkə
ərazisindəki tarix-mədəniyyət abidələrində
monitorinqlər aparılır, onların faktiki durumu, texniki vəziyyəti
öyrənilir. Lənkərandakı Dairəvi qala dam
örtüyünün çökməsi ilə bağlı
qəzalı vəziyyətə düşüb, hazırda
bununla bağlı qalanın ətrafında və içərisində
təmizlik, abadlıq işləri görülür,
qalanın mühafizəsi istiqamətində zəruri tədbirlər
həyata keçirilir.
XVIII əsrin ikinci yarısına aid Dairəvi qala Lənkəran
qala sisteminin cənub tərəfdən dayaq məntəqəsi
olub. XIX əsrin əvvəlində bölgənin rus
qoşunlarının işğalından sonra tikili həbsxana
kimi istifadə edilib. Dairəvi qalanın
hündürlüyü 20 metr, diametri 72 metr, istinad
divarlarının qalınlığı aşağı ətrafda
2,8 metr, yuxarıda isə 1,5 metrdir.
Dairəvi qala Nazirlər Kabinetinin 2001-ci il 2 avqust
tarixli qərarı ilə ölkə əhəmiyyətli
tarixi abidə hesab olunur və dövlət tərəfindən
mühafizə edilir.
Mədəniyyət.- 2023.- 7 iyun.- S.4.