Həmkəndlisinin şəhadətindən sonra hərbçi olmağa qərar vermişdi...

 

Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən igidlərimizi oxucularımıza tanıtmaqda davam edirik. Bu dəfə Vətən müharibəsinin şəhid kiçik çavuşu Elçin Nəsirovu yada salırıq.

Elçin Ramiz oğlu Nəsirov 1988-ci il yanvarın 13-də Füzuli rayonunun Əhmədalılar kəndində anadan olub. 1993-cü ildə Birinci Qarabağ müharibəsi ilə əlaqədar ailəsi ilə məcburi köçkün kimi İmişli rayonunda məskunlaşıb. Birinci sinfə 1994-cü ildən İmişli rayon 2 saylı orta məktəbində gedib. 2006-cı ildə Füzuli rayon Əhmədalılar kənd B.Əliyev adına tam orta məktəbi bitirib. 2006-2008-ci illərdə həqiqi hərbi xidmətdə olub. Sonra bir müddət mülki işlərdə işləyib. 2016-cı ildə müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində cəbhənin ön sıralarında olub, Hadrut qəsəbəsi Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə böyük şücaət göstərib. Oktyabrın 24-də Füzuli rayonunun Qorqan kəndi istiqamətində gedən ağır döyüşdə qəhrəmancasına şəhid olub. Bir gün sonra doğulduğu Əhmədalılar kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin bacısı Zülfiyyə Nəsirova qeyd edir ki, Elçin çox mehriban, gülərüz, qayğıkeş bir qardaş idi: “Elçin orduda kəşfiyyatçı snayper kimi xidmət edirdi. Döyüş yoldaşları onun məsuliyyətli, cəsarətli peşəkar hərbçi olduğunu, hədəfə aldığını dəqiq vurduğunu deyirdilər. Elçin futbolu çox sevirdi, hətta məktəb dövründə kənd uşaqlarından ibarət futbol komandası yaradaraq rayon üzrə yarışlarda iştirak edərdi. 2016-cı ilin Aprel döyüşlərində şəhadət şərbətini içən qəhrəmanlarımızdan biri kəndimizin igid oğlu Orxan Həmidov idi. Onun şəhid olması Elçini çox sarsıtmışdı. Qardaşım həmin gündən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətə başladı”.

Zülfiyyə xanım bildirir ki, Elçin şəhadətindən bir gün əvvəl evlərinə gəlib: “Elçinin üzündə yorğunluq, gözlərində bir durğunluq vardı. Anam onaOğul, paltarını dəyiş, yuyum, təmiz geyin, get” dedi. O isə belə cavab verdi: “Ana, paltarımı çox ehtiyatla yu. O paltarda qədər şəhid qanı var, bilmirəm. Bəlkə mənim qanım o qanlara qarışdı, onda üzülməzsən ana, oğlunla fəxr edərsən”. Süfrə arxasında əyləşib yemək yeyərkən yenə Bəlkə sonuncu dəfə sizinlə bir süfrədə otururamdedi. Evdən çıxanda bir daha geri dönərək atamın, anamın üzünə baxdı. Ertəsi gün axşam saatlarında Elçinin şəhid xəbərini aldıq. Atam onun yoxluğuna 3 ay dözə bildi, 2021-ci il yanvarın 10-da vəfat etdi”.

Elçin Nəsirov ölümündən sonra ölkə başçısının müvafiq sərəncamları iləVətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görəmedalları ilə təltif edilib.

Allah rəhmət eləsin.

 

Nurəddin

Mədəniyyət.- 2023.- 7 iyun.- S.6.