Loğman möcüzəli sənət
Aşıq Əkbər
Cəfərov-90
İyirminci əsr
Azərbaycan aşıq
sənətinin həm
ifaçılıq, həm
də yaradıcılıq
sahəsindəki uğurlarının
ləyaqətli daşıyıcıları
olan qüdrətli saz-söz ustalarına könül borcumuz çoxdur. Onların sazı-sözü, ifaçılıq
məharəti illər,
onillər boyu ruhumuzu oxşadı, sənət zövqümüzü
biçimləndirdi, dizimizə
taqət, ürəyimizə
təpər verdi. XX əsrin 30-50-ci illərində
Aşıq Mirzə, Aşıq Əsəd, Şirvanlı Mirzə Bilal, Qaraçıoğlu
İbrahim, Sadiq Sultanov, Xındı Məmməd, İslam Yusifov və Qara Mövlayevin şərəfləndirdiyi sənət
meydanı sonrakı onilliklərdə sevgi və nisgillə xatırlandı:
Mahaldan-mahala atını sürdün,
Ağır toylar
gördün, məclislər
gördün.
Gəlinlər gətirdin, qızlar köçürdün,
Çox nəmərlər
aldın, ay Mirzə dayı –
deyib kövrələn
Xalq şairi Hüseyn Arifin həmin dönəmi yuxu kimi, nağıl
kimi əzizləməsi
günü bu gün də saz-söz əhlinin ürəyindəndir.
Əllinci illərdən
Aşıq Şəmşirin,
Hüseyn Cavanın, Mikayıl Azaflının,
Əmrah Gülməmmədovun
sənətə gətirdiyi
ab-hava yeni bir saz-söz nəslini qanadlandırdı.
Bu sırada Hüseyn Saraçlı, Kamandar Əfəndiyev, Şakir Hacıyev, İmran Həsənov, Murad Niyazlı, Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov,
Mahmud Məmmədov və başqa istedadlı saz-söz ustadının adını
çəkmək olar.
Bu yerdə, “Onların içində biri də vardı”,
– deyə, sadaladığım
siyahıda böyük
bir boşluğun olduğunu söyləsələr,
ad çəkilməsə
belə, hər kəsin ürəyindən
Aşıq Əkbər
Cəfərovun adı
keçər. Təkcə
adı keçməz,
unudulmaz şaqraq səsi, hamını heyrətdə qoyan möcüzəli zənguləsi,
şirin, məlahətli
danışığı, sözü-söhbəti keçər...
“Hamını heyrətdə qoyan” deyərkən yadıma amerikalı musiqişünas
professor Alan Lomaksın Aşıq Əkbərin səsini dinləyib onun sehrində qalaraq söylədiyi sözlər
düşdü. 1964-cü ildə təqribən otuz yaşında olan cavan Əkbər
və balabançısı
Müseyib Abbasov Moskvada keçirilən Beynəlxalq Musiqi Festivalında çıxış
etdiyi zaman bənzərsiz ifadan heyrətə və vəcdə gələn professor Alan Lomaks özünü saxlaya bilməyib deyir: “Mən həyatım boyu çox yerlər gəzmişəm və çox gözəl səslər eşitmişəm.
Ancaq sənin səsin kimi gur, şaqraq və məlahətli səsə ilk dəfədir ki, rast gəlirəm”.
Həmin tədbirdə
Aşıq Əkbərlə
birlikdə olan unudulmaz aşıqşünas
alimimiz Əminə Eldarova belə bir məqamı ayrıca vurğulayırdı:
“Festivalda dünyanın
müxtəlif ölkələrini
təmsil edən yüzlərlə istedadlı
ifaçı varıydı.
Alan Lomaks bizim dilimizi bilməsə də, məhz Aşıq Əkbərin gözəl
ifası yüzlərlə
ifa arasından onu özünə çəkmişdi. O, Əkbərin
ifasında bir neçə mahnını
lentə yazdırdı,
bir müddət sonra isə, eşitdiyimə görə,
həmin mahnıları
iki milyon tirajla ayrıca val halında buraxdırdı. Üstündən
uzun illər keçəndən sonra
2006-cı ildə Bakıya
gələn başqa bir amerikalı musiqişünas professor Anna Oldflid həmin
lent yazısının
bir nüsxəsini mənə bağışladı.
Alan Lomaks Əkbərin möcüzəli
səsi barədə bizə dediklərini orada da söyləyir.
Bu böyük musiqişünas 2002-ci ildə
dünyasını dəyişib”.
Aşıq Əkbər
ifaçılıq ləmsinə
görə Aşıq
Mirzə Bayramovun məlahətli səs-oxu üslubunu davam etdirirdi. Ancaq onun bülbültək cəh-cəhi təkrarsız
gözəlliyə malik
idi. Adətən saz havası aşığın səsini,
ifasını tamamlayıb
gözəlləşdirir. Əkbərin bənzərsiz
şirinliyə malik olan səsi isə tamam başqa bir mənzərə ortaya qoyurdu. O, oxuduğu zaman səsində çağlayan möcüzəli
məlahət saz havalarını gözəlləşdirirdi.
“Ovşarı”, “Şahsevəni”,
“Kərəm gözəlləməsi”,
“Qəhrəmanı”, “Mirzəcanı”,
“Çoban bayatı”,
“Göyçə gözəlləməsi”,
“Aşıq Söyünü”
sırasından olan neçə-neçə saz
havasının ifa biçimində onun səs möhürü var. İndi bu havalar adətən
Əkbər ləmsində,
onun müəyyənləşdirdiyi
oxu biçimində ifa olunanda adama
xoş gəlir. Çünki onların ən nümunəvi ifası məhz Əkbər səsi, Əkbər ifası ilə yaddaşlara köçmüş, ürəklərdə
yuva bağlamışdır.
Hansı məclisdə
olmasından asılı
olmayaraq, Əkbər həmişə ürəkdən
oxuyardı. Oxuduğu
zaman ürəyi səsində görünürdü,
işıq kimi, nur kimi bərq
vururdu səs çalarları. Tanrı
ona boy-buxun, yaraşıq verəndə
səxavətini əsirgəməmişdi.
Bu səbəbdən Əkbər təkcə səsiylə yox, görkəmiylə, üz-gözünün
nuruyla, mehriylə də məclisə yaraşıq gətirərdi.
Sazı bağrına
basanda başqa bir aləmdən gələn mələkmisal
bir adama bənzəyirdi.
***
Əkbərin ifa və oxu
tərzində, məclis
aparmağında, əgər
belə demək mümkünsə, bir ziyalılıq var idi. Çox ölçülü-biçili danışırdı, hərəkət
plastikasına, etik davranış normalarına
xüsusi diqqət yetirərdi. Mərifət,
qanacaq, abır-həya,
ləyaqət kanıydı.
Əli də açığıydı, könlü
də!
İfa etdiyi
havanın müxtəlif
məqamlarındakı zil-bəm
keçidlərini, eləcə
də bir havadan başqa havaya adlama manerasını
o qədər böyük
ustalıqla həyata keçirirdi ki, gerçəkləşdirdiyi sənət
məharətinə heyran
qalmaya bilmirdin. İfa boyu vurduğu
güllər, boğaz
qaynatmaları, zəngulələr
də bir ayrı aləmiydi. Oxuduğu zaman nümayiş etdirdiyi səs gözəllikləri
o qədər çoxqatlı
və zəngin idi ki, səsinin
hansı nöqtəsinə
diqqət yetirirdinsə,
məlahət görürdün,
şirinlik dadırdın.
Bunun bir səbəbi də Aşıq Əkbərin sazla bərabər “balabanı – balaban elmini” dərindən bilməsi idi. O, sənət aləminə
balabançı kimi gəlmiş, sonra aşıqlığa adlamışdı.
Havanın uyğun bir yerində sazla balabanı deyişdirmək ənənəsini
də o yaratmışdı.
Aşıq Əkbər
hələ sağlığında
böyük bir ifaçılıq məktəbi
yaratmışdı. Onun
ləmsində oxuyanların
miqyası doğma Tovuzun hüdudlarından çox-çox uzaqlara yayılmışdı. Göyçədə,
Gəncədə, Kəlbəcərdə,
Gədəbəydəki davamçılardan
başqa, Təbriz-Qaradağda,
Zəncanda da “Əkbər yolu” gedənlərin sayı beş deyil, on deyil. Bu
gün o taylı-bu taylı Azərbaycanın
elə bir mahalı, elə bir obası tapılmaz ki, orada Əkbərin adı bilinməsin, ifası sevilməsin. Hətta sazdan-sözdən
uzaq adamlar belə “Ögey ana” və “Böyük
dayaq” filmlərində
oxuyan aşığa
– Əkbər Cəfərova
heyranlıqlarını gizlədə
bilmirlər.
***
Zəngin
söz və havacat repertuarı var idi Aşıq Əkbərin. Çoxlarından
fərqli olaraq Şirvan havalarına da dərindən bələdiydi.
Otuzdan yuxarı dastanı yerli-yataqlı bilirdi. Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Hüseyn Şəmkirli, Aşıq
Ələsgər, Aşıq
Hüseyn Bozalqanlı,
Molla Cuma kimi qüdrətli söz ustadlarının əksər şeirləri
onun sinəsindəydi.
Tovuzdan çıxan aşıqlar və el şairləri haqqında ən mötəbər qaynaq da onun yaddaşıydı. Ömrünün son illərində
min bir zəhmət bahasına “Tovuzun qırx gülü” adlı bir kitab da hazırlayıb “Yazıçı”
nəşriyyatına təqdim
eləmişdi. Deyəsən,
arada-bərədə itə-bata
düşdü...
Sözün-havanın axar-baxarına çox həssasıydı.
Gözəl oxumağından
əlavə, səliqə-sahmanlı,
ürəyəyatan deklamasiyası
da var idi. Aşıq şeirlərinin elə gözəl açıqlamasını
verirdi ki, söz sərrafı olduğu o saat bilinirdi. Təbii ki, bu səbəbdən özünün
də söz-düzüb
qoşmaq meyili var idi. Səsindəki-ifasındakı
məlahət və mükəmməlliyə
çatmasa da, Əkbər
sinəsindən pərvazlanan
qoşmalar, gəraylılar,
hər necə də olsa, Əkbər
yadigarıdı, ondan
bizə qalan könül ərməğanıdı:
Əkbər nəğmə dedi
bir də çöllərə,
Oynayan şimşəyə, axan
sellərə.
Töküldü ağ yağış,
qovuşdu dərə,
Təzə sular gəldi, çay təzələndi.
Burada yaz yağışının
poetik lövhə şəklində canlandırılması
sözügedən təbiət
hadisəsinin özü
qədər təbiidir.
“Töküldü ağ
yağış, qovuşdu
dərə” misrasındakı
peyzajın gözəlliyinə
baxın: şıdırğı
yaz yağışı
elə tökülür
ki, dərənin dərə
olduğu bilinmir, yağış onu görünməz eləyib!
Yola saldım ötüb gedən yazları,
Yaş ötdükcə təzələdim
sazları,
Dünən “əmi” dediklərimin
qızları,
Bu gün mənə “Əkbər əmi” dedilər –
bəndindəki xəlqi kolorit və poetik səmimiyyət də unudulmazdır.
Cəmi əlli
altı il yaşayan “Əkbər əmi”nin – Aşıq
Əkbərin 1990-cı ildəki
qəfil itkisi onun sənətinin vurğunlarını nə
saznan, nə də söznən ovuda bildi. Biz
də ustad sənətkarın vaxtsız
vəfatından sarsıldıq
və bu şeir yazıldı:
Yayın ortasında,
yaylaq çağında,
Bülbüllər bülbülü bizdən
ayrıldı.
Qəfil xəzan
əsdi ömür bağında,
Cığırdan çəkildi, izdən ayrıldı.
Belə yaratmışdı
onu Yaradan,
Sözü şəhdi-şəkər,
özü nur adam.
Başı açılmazdı
qonaq-qaradan,
Məclisdən çəkildi, sözdən
ayrıldı.
Duyğular sayrışan
ürəyi vardı,
İlin hər
çağında könlü
bahardı.
Səsində bülbüllər cəh-cəh
vurardı,
Hayıf ki
tez soldu, yazdan ayrıldı.
Yanıb Orxan
Paşam, qorda qalıbdı,
Həsrətli gözləri yolda qalıbdı,
Tanrının insafı harda qalıbdı –
Əkbər köç eylədi, sazdan ayrıldı...
***
...Sazın-sözün nə demək olduğunu bilən hər kəs Aşıq Əkbərin adamın ruhuna dalğa-dalğa yayılan
məlahətli səsindən
doymur, onu ürəyinin, canının
qidası, dərmanı
sayır. Sözün
əsl mənasında,
ilğıma bənzəyən
bu səs o qədər həlim və mehribandır ki, ona yoldaşlıq
eləyib səfərə
çıxmaq, onunla birlikdə uzun bir yol getmək
hər bir saz sevdalısının ürəyindən olur. Dinlədikcə dinləyirsən,
yormur, usandırmır
Əkbərin səsi.
Səni daim uğura, işığa çağırır bu səs. Ən yorğun, əzgin-üzgün
çağında, hətta
xəstə vaxtında
belə qoluna girib ayağa qaldıra bilir, ümidə doğru, sabaha doğru aparır. Bu baxımdan Aşıq Əkbər səsi dünənin nisgilli xatirəsində qalan bir səs deyil,
bu günün-sabahın
yarasına məlhəm
qoyan, sevən ürəklərin işığını
artıran, bütün
zamanların gözəl
duyğularını sığal
çəkə-çəkə qanadlandıran və sözügedən bənzərsiz
keyfiyyətlərinə görə
ulu Tanrının müqəddəs dərgahından
gəldiyinə heç
bir şübhə yeri qoymayan ilahi
bir sədadır. Əkbər səsinin, Əkbər sənətinin
loğman möcüzəsi,
sirli-sehrli şəfası,
inşallah, heç bir zaman tükənməyəcək...
Məhərrəm Qasımlı
Əməkdar elm xadimi, professor
Mədəniyyət.- 2023.- 7 iyun.- S.6.