Balaca kişilər və böyük qəhrəmanlar
Yeri parçalayıb
əzəmətiylə
Torpaqdan
elə bil divlər qalxdılar...
O tarixi anları,
hər birimizin ruh olaraq bədənimizi
tərk edib səngər-səngər dolaşdığımız,
qəlpə-qəlpə “yaralandığımız”,
torpaq olub qarış-qarış “azad”
olduğumuz vaxtda yazıçı-dramaturq İlqar
Fəhminin “Balaca kişilər” adı verdiyi igidlik vəsfi duyğularımıza
qol-qanad verdi
Əməkdar artist, Dövlət Gənc Tamaşaçılar
Teatrının quruluşçu
rejissoru Nicat Kazımovun səsləndirdiyi
misralar cəbhədən
gələn acılı-şirinli,
sevincli-kədərli, qaralı-ağlı
xəbərlərin fonunda
ayrı bir duyğu burulğanı yaratmışdı.
Yox, əlli
yaş azdı, yüz yaş, beş yüz yaş
Bircə saniyədə
qocalır adam.
Səngərdən qalxanda, öz boyundan da
Beş yüz
dəfə artıq ucalır adam...
Canı, qanı
Vətən torpağına
qarışa-qarışa yaddaş
olan, sirdaş olan, əbədiyyət olan oğulların ədəbiyyata dönüşü
idi bu şeir.
Odur ki, eləcə poetik söz olaraq qala bilməzdi. Qalmadı da. Nəticədə sonsuzluğa
uzanıb, bizləri vətənsizlik əzabından
qurtarıb, didərginlik
girdabında sıxılmağa
qoymayanlar haqqında səhnə nümunəsinə
çevrildi.
Beləcə, Vətənə sədaqət
andı içən böyük igidlərə
həsr olunan “Balaca kişilər” səhnəyə çıxaraq
bizə bir də oradan səsləndilər...Vətən
sevdalı, şəhid
ehtiramlı, qazi qürurlu tamaşa bizi mətləbdən uzaqlaşmağa bir an belə qoymadı.
44 günlük savaşdan
bəhs edən tamaşada ən vacib məqam onun yüksək vətənpərvərlik yükü,
emosional təsir imkanı, təbii təsvir forması və səmimi ifadə üslubudur. Heç bir pafos, heç bir vəziyyətə görə çılğın
əlavələrdən istifadə
olunmamışdı. Tərtibatdan
replikalara, dialoqlardan ən kəskin təsvir elementlərinə
qədər hər nəsnə bizi iki zaman arasında
qoyurdu: uzaq keçmiş və yaxın dünən.
Tamaşanın quruluşçu rejissoru Nicat Kazımov, quruluşçu rəssamı
Vüsal Rahimdir. Rolları Əməkdar artistlər Şövqi Hüseynov, Rasim Cəfər, Elnur Bəhramxan, aktyorlar Bəhram Əliheydər, Rəşad Səfərov,
Araz Pirimov, Xaliq Bəkirov, Hüseyn Bayramov, Ümman Budaqov, Nurlan Süleymanlı, İlhan Sadıqov, Ramiq Nəsirov, Müşfiq Əliyev, Ceyhun Məmmədov, Anar Seyfullayev, Mirzəağa Mirzəyev ifa edirlər.
Qeyd etdiyim
kimi, tamaşa zaman üçün qısa, tarix üçün böyük
nəticələr hasil
edən 44 günlük
İkinci Qarabağ savaşının gənc
qəhrəmanlarına həsr
olunub. Onlar müharibəni o ana qədər kitablarda oxuyub, filmlərdə izləmiş, döyüşü
kompüter oyunlarında
görmüş, Vətən,
ölüm, şəhadət
haqqında fikirləri
sosial şəbəkələrdə
oxuyub, patriotik söz savaşında itib-batan rəylərdən
oxumuşdular. Hələ
nə yatıb, nə yuxu görmüşdülər
ki?!
Cəmi 4-5 ayın
əsgərləri – daim
tarixi şəxsiyyətləri
mühakimə edə-edə
onlara həm də bəraət verməyə çalışan
tarix müəllimi, Rejissorluq fakültəsinin
böyük kino arzulu məzunu, əmisi oğlunun qisasını almaq üçün düşmənə
kini ürəyində
böyüdə-böyüdə məqam gözləyən,
şuşalı ola-ola
Şuşa həsrətlisi,
heç vaxt görmədiyi atasına qovuşmaq arzulu internat sakini, nişanlısını gözü
yolda qoyub, toy günlərini saya-saya xəyallarda xoşbəxt olan aşiq, Yaradan ilə Vətən sevgisini eyni tarazlıqda saxlayan dindar, qısası, bir qabdan yemək
yeyib bir-biri ilə ən sadə arzularını belə sevə-sevə bölüşən balaca
kişilər birdən-birə
müharibə alovunun
tam ortasına düşürlər.
Tamaşa da
elə beləcə başlayır: düşmənin
yeni postunu ələ keçirib, növbəti əraziləri
azad edən xüsusi təyinatlı qüvvələrin döyüşçüləri
yeni mövqelər üçün irəli getməlidirlər. Posta nəzarət gənc əsgərlərə tapşırılır.
Bir də yaralı zabitə. Beləcə, yaralı zabit ilə gənc əsgərlər
baş-başa qalırlar.
Hadisələr də bundan sonra başlayır. Posta erməni əsgər soxulur, ardınca gözlənilməyən qonaqlar
– gizlənmiş həmlə
qruplarının aramsız
hücumları başlayır.
Bayaqdan postun kənarındakı düşmən
cəsədlərindən qorxub
iyrənən, erməni
əsirə “Qarabağ
Azərbaycandır!” dedirdən,
yeni postu özləri
alıbmış kimi
pozalar verib, sosial şəbəkələrə
şəkillər göndərənlər
çətin vəziyyət
qarşısında qalırlar.
Düşmən sayı çox,
əlavə qüvvənin
gəlişi də xeyli gec. Amma bir yol da var: qoyub getmək. Bu barədə düşünənlər
də olur. Bu işdə erməni əsirin “əməyi” lap
çox olur. Hə, bir də
“Anam mənim ölümümü bilsə,
ürəyi partlayar”,
“Mən toyumun olmasını istəyirəm”,
“Qarabağ haqqında
film çəkməliyəm” kimi “məsum” səbəblər. Amma bu qorxu və həyat
eşqindən ən üstə olan başqa bir duyğu – Vətənə
sevgi ağır basır və balaca kişilər sonadək vuruşurlar.
Burada erməni əsirin hiyləsinin qurbanı olan da, açıq döyüşdə şəhadəti
dadan da, ani zəfəri
qeyd edəndə snayperə tuş gələn də, ilk həmlədə kontuziya alıb ürəyində
və dilində Səfəvilər dövlətinin
banisi Şah İsmayıl Xətai, Gəncə xanlığının
sonuncu hökmdarı Cavad xan, Qarabağın
hökmdarı İbrahim Xəlil
xan, Bakı hakimi Hüseynqulu xanla dərdləşib-döyüşən
əsgər də qəhrəman olur.
Nəticə olaraq biz bir anın içində böyüyən, dəyişən
və qəhrəman kimi əbədiləşən
balaca kişiləri görürük. Az qala hər birimizin həyatda görüb, zamansız itkisi ilə barışmadığımız
Vətən daşına
çevrilən igidləri.
Tamaşanın emosional təsiri
yüksəkdir. Hərəkət,
tərtibat, musiqi həlli və ən əsası, rejissorun fərqli zamanlar arasında sinxron rabitəsi və bu əlaqələndirmədəki
fakt yığınından
qaçmaqla həm də zaman və şəxsiyyətlərin təsviri
yaxşı düşünülüb.
Məsələn, tamaşaçı
bir-biri ilə dialoqa gələ bilməyib, əsrlərdi
bir-birini ittiham edən xanları da, vahid dövlət yaratmaq üçün minlərlə qurbanlar verən şahları da, böyük amallar üçün dəfələrlə
qırğına verilən
sadə adamları da zamanın süzgəcindən
keçirir. Beləcə,
bizə miras qalan düşmən və onunla mübarizəmizdəki hələlik
son döyüşdə hər
kəs nə babaları qınayır, nə də miras qalan yükü
sabaha saxlamaq istəyir.
Tamaşanın tərtibatı – post, sağ və sol kulislərdəki qala qapısı xarakterli tarixi keçidlər və mərkəzdə qurulub kökü zala yayılan ağac çoxqatlı tərtibatın sadə və məzmunlu təsvirini verir. Mizandan mizana hər kəs – qala qapılarından çıxıb posta qalxan şah və xanlar da, şəhid olduqdan sonra işığa qovuşan əsgərlər
də ağacın gövdəsindən keçərək
gedirlər. Sadə tərtibatın ən təsirli izharı torpaq üçün canından keçənlərin
orada əbədi kök salacaqlarına və bütün zamanlarda vahid bədən və ruh kimi qalacaqlarına
işarədir.
Aktyor oyununa gəlincə, ayrılıqda müqayisə
aparmaq bir az çətindir. Çünki biz burada ifaçılıq məharəti,
aktyorların fərdi
bacarıq və təsir imkanlarını ayrılıqda nümayişindən
çox kollektiv bir iş gördük.
Doğrudur, tamaşanın müəyyən
elementləri, dramaturji
xəttindəki qüsurları
da yox deyildi. Sadəcə, bu bir səhnə təcrübəsi və emosionallığın diktəsi
ilə hasil olan işdir deyə istənilən mühakimə və müqayisə qüsurlu
ola bilər.
Onu da qeyd edək ki, İlqar Fəhminin “Balaca kişilər” poeması 44 günlük Vətən müharibəsi
dövründə ərsəyə
gəlib. Az sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrının Vətən
müharibəsi mövzusunda
elan etdiyi müsabiqədə
qalib olub. Deməli, digər teatrlar da belə müsabiqə təşəbbüsləri
irəli sürüb,
yeni səhnə işlərinin,
bu mövzularda tamaşaların səbəbkarı
ola bilərlər...
Həmidə
Mədəniyyət.-
2023.- 7 iyun.- S.5.