Millət naminə yaşayanların xatirəsini
yaşatmaq
Tariximizdə dəyərli izlər qoymuş bir soy haqqında
sənədli kino hekayəti
Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında “Millət
naminə. Əbdül
Kərim bəy Mehmandarov” bədii-sənədli
filmi çəkilib. Filmdə Mehmandarovlar soyunun timsalında tanınmış həkim
və ictimai xadim, xeyriyyəçi Əbdül Kərim bəy Mirzə Mustafa bəy oğlu Mehmandarovun
(1854-1929) ömür yolu
və fəaliyyətinə
işıq salınır.
İyunun 5-də Nizami Kino Mərkəzində
ekran işinin təqdimat mərasimi keçirildi. Tədbirdə
Bakı Şəhər
İcra Hakimiyyətinin
başçısı Eldar
Əzizov, mədəniyyət
nazirinin müavini Murad Hüseynov, millər vəkilləri, mədəniyyət və
incəsənət xadimləri
iştirak edirdilər.
Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək
filmi tarixi yaddaşımıza işıq
tutan parlaq ekran nümunələrindən
biri kimi dəyərləndirdi. O, Mehmandarovlar
nəslinin Azərbaycan
tarixində və ictimai həyatında rolunun ifadəsi baxımından filmin əhəmiyyətini vurğuladı.
Qeyd olundu ki, tarixi-publisistik formada lentə alınan filmdə rejissor foto və
videoarxiv materiallarından
yaradıcı şəkildə
istifadə edib. Filmin özünəməxsus
dili və montaj üslubu ilə rejissor çox maraqlı bir forma tapıb.
Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Mehmandarovlar soyunun nümayəndəsi Mustafa
Mehmandarov Şuşada
Mehmandarovlar malikanə
kompleksinin yüksək
səviyyədə təmir-bərpasına
görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailələri adından təşəkkürünü bildirdi. Dirijor bu xeyirxah addımı
təkcə ulu babalarının xidmətlərinə
deyil, həm də Azərbaycan tarixinə, mədəni irsinə diqqət və qayğı kimi səciyyələndirdi.
AMEA-nın A.Bakıxanov
adına Tarix İnstitutunun direktoru professor Kərim Şükürov Əbdül
Kərim bəy Mehmandarovun həyat və fəaliyyəti haqqında məlumat verdi.
Filmin ssenari
müəlliflərindən biri, qala-şəhərimiz
haqqında çoxsaylı
kitab ərsəyə
gətirən, “Şuşa”
qəzetinin redaktoru Vasif Quliyev Mehmandarovların
Azərbaycanın etnogenezində
böyük rol oynayan nəsillərdən
olduğunu qeyd etdi. Tədqiqatçı
müəllifi olduğu
“Mehmandarovlar” kitabını
43 ilə yazdığını
dedi, maraqlı faktları diqqətə çatdırdı.
Filmin rejissoru,
Əməkdar incəsənət
xadimi Yavər Rzayev yaradıcı heyətə və ekran işinin ərsəyə gəlməsində
əməyi keçən
hər kəsə minnətdarlığını bildiri.
Çıxışlardan sonra “Millət naminə. Əbdül Kərim bəy Mehmandarov” filmi nümayiş olundu. Ekran əsəri Ümummilli lider Heydər Əliyevin “Şuşa təkcə şuşalılar üçün
deyil, bütün azərbaycanlılar üçün,
Vətənini, millətini
sevən hər bir vətəndaşımız
üçün əziz
bir şəhərdir,
əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”
fikirləri ilə başlanır.
Film XIX əsrin ikinci yarısından etibarən Azərbaycanın
ictimai-siyasi, mədəni
həyatında mühüm
izlər qoymuş Qarabağın ünlü
nəsillərindən olan
Mehmandarovlar haqqındadır.
Qarabağ hakimi
İbrahimxəlil xan Cavanşirin dövründə
xanlığın mehmandarı
(xanlığa gələn
yüksək səviyyəli
qonaqları qarşılayıb
yola salan) olmuş Mirzə Əli bəylə başlanan Mehmandarovlar soyunun nümayəndələri
daha sonra Şuşada, Lənkəranda
və Azərbaycanın
digər bölgələrində
yaşayıblar. General Səməd
bəy Mehmandarov isə Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri olub.
Bədii-sənədli filmin əsas qəhrəmanı Əbdül
Kərim bəy Mehmandarovdur. O, Peterburq Tibb-Cərrahlıq Akademiyasının
məzunu olub, həkimlik fəaliyyəti
ilə yanaşı,
XX əsrin əvvəllərində
ermənilərin azərbaycanlılara
qarşı törətdiyi
qırğınlara qarşı
şuşalıların mütəşəkkil
müqavimətinin yaradılmasında
mühüm rol oynayıb. Əhməd bəy Ağaoğlu tərəfindən 1905-ci ildə
erməni-daşnak terrorizminə
və çar istibdadına qarşı yaradılmış “Difai”
(“Müdafiə”) təşkilatının
Şuşa bölməsinə
rəhbərlik edib.
Ekran əsərinin
rejissoru Yavər Rzayev, ssenari müəllifləri Yavər
Rzayev və Vasif Quliyev, operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı Azər
Hacıəsgərli, montaj
rejissoru Elşad Rəhimov, prodüseri Nazim Hüseynovdur.
Çəkilişləri Bakıda və Şuşada, o cümlədən
Mehmandarovların malikanəsində
aparılan filmdə Əbdül Kərim bəy rolunu Əməkdar artist Şövqi Hüseynov canlandırıb.
Lalə
Mədəniyyət.-
2023.- 7 iyun.- S.1;2.