Bakıda II Türk Dünyası Ədəbiyyat
və Kitab Festivalı keçirilir
Anar: “Türk dünyasının gəncliyi
gələcəyə kitabla
getməlidir”
İyunun 5-də – ölkəmizdə ənənəvi
qeyd olunan Şairlər Günündə
– Bakıda
II Türk Dünyası
Ədəbiyyat və
Kitab Festivalının
açılışı keçirildi.
İyunun 11-dək davam edəcək festival Beynəlxalq Türk Müəllifləri
Birliyinin təşkilatçılığı,
Azərbaycan Yazıçılar
Birliyi (AYB), Azərbaycan
Respublikası Mədəniyyət
Nazirliyi, Milli Məclisin Mədəniyyət
komitəsi, AMEA, Bakı
Şəhər İcra
Hakimiyyəti, Beynəlxalq
Türk Mədəniyyəti
və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası,
TÜRKSOY, TÜRKPA, Yunus Əmrə
İnstitutu, İLESAM və
digər qurumların dəstəyi ilə gerçəkləşir.
Festivalın açılışı Azərbaycanın
Dövlət Himninin səsləndirilməsi ilə
başladı. Vətən
uğrunda canından keçən şəhidlərin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Birinci
Qarabağ müharibəsi
qazilərinin ifasında
“Əsgərnamə elegiya”
adlı musiqili kompozisiya təqdim olundu. Musiqili kompozisiyadan sonra Vətən müharibəsi
iştirakçıları olan şairlər öz şeirlərindən
nümunələr səsləndirdilər.
Həmin şairlər
həm də “İgidlərin sözü”
layihəsinin (layihə
rəhbəri Nigar Həsənzadə) iştirakçılarıdır.
Açılış mərasimində çıxış
edən Azərbaycan Yazıçılar Birliyinin
sədri Xalq yazıçısı Anar
II Türk Dünyası
Ədəbiyyat və
Kitab Festivalının
əlamətdar bir ildə – Azərbaycan xalqının Ümummilli
lideri Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin
yaranmasının 100 illiyinə
təsadüf etdiyinə
diqqət çəkdi.
Türk dünyasından
nümayəndələrin bir araya gəldiyi
kitab və ədəbiyyat bayramını
yüksək dəyərləndirən
Anar qeyd etdi ki, türk
xalqlarının gəncliyi gələcəyə
kitabla getməlidir. Çünki kitab, ədəbiyyat, mədəniyyət
nəsilləri tərbiyə
edir.
Milli Məclisin
Mədəniyyət komitəsinin
sədri Qənirə
Paşayeva, AMEA-nın
vitse-prezidenti akademik Dilqəm Tağıyev, millət vəkilləri, Xalq şairi Sabir Rüstəmxanlı,
Cavanşir Feyziyev, Azərbaycanın TÜRKSOY-dakı
nümayəndəsi Elçin
Qafarlı, Beynəlxalq
Türk Mədəniyyəti
və İrsi Fondunun Qırğızıstan
üzrə layihə rəhbəri Mirbek Karıbayev və başqaları çıxış
edərək festivalın
əhəmiyyətini yüksək
qiymətləndirdilər.
Kitab və
ədəbiyyat bayramı
gün ərzində müxtəlif layihələrin
təqdimatı ilə
davam etdi.
Qeyd edək
ki, bu il
festival daha geniş proqramla kitab və ədəbiyyatsevərlərin
görüşünə gəlib.
Festival çərçivəsində müxtəlif tədbirlər,
film nümayişləri
ilə yanaşı, hər gün bir ölkəyə (Azərbaycan, Türkiyə,
Qazaxıstan, Qırğızıstan,
Özbəkistan və
Macarıstan) həsr
olunacaq.
Festivalda 50-dən çox nəşriyyat,
30-a yaxın xarici ölkə nümayəndəsi
iştirak edir.
Tədbirdə iştirak edən Beynəlxalq Türk Akademiyasının nümayəndəsi
Merjandos Badiloğlu (Qazaxıstan) jurnalistlərə
müsahibəsində bildirdi
ki, II Türk Dünyası Ədəbiyyat
və Kitab Festivalında BTA türkşünaslıq
və Türk dünyası ölkələrinin
ədəbiyyatı ilə
bağlı elmi nəşrləri təqdim
edir: “Beynəlxalq Türk Akademiyası 17 ildir fəaliyyət göstərir, bu müddət ərzində
dünyanın müxtəlif
dillərində, o cümlədən
Azərbaycan dilində
200-ə yaxın elmi əsər nəşr olunub. Tədbirdən sonra festivalda təqdim olunan nəşrləri Bakıdakı
elm və təhsil müəssisələrinin
kitabxanalarına hədiyyə
edəcəyik. Türk
dünyasının kitabları
türk xalqlarının
yaxınlaşmasına töhfə
verir və böyük əhəmiyyət
kəsb edir”.
Festivalın açılışında Bakıda
səfərdə olan
Latviya Universitetinin professoru Kaspars Klavinç də iştirak edirdi. Alim bizimlə söhbətində Koreya mədəniyyəti və
dili sahəsində fəaliyyət göstərdiyini
dedi: “Ancaq Azərbaycanın mədəniyyəti
və tarixi ilə də maraqlanıram. Çünki
Azərbaycanda müxtəlif
mədəniyyətlər birləşir.
Bakıya səfərimin
məqsədi AMEA-nın
Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunda azərbaycanlı
həmkarlarımla əməkdaşlıq
əlaqələri qurmaqdır.
Belə bir festivalın keçirilməsi
böyük təşəbbüsdür,
burada hər kəs lazımi nəşri tapa bilər”.
Onu da bildirək ki, paytaxtın Hüseyn Cavid prospektində AMEA-nın binasının qarşısındakı parkda
təşkil olunan festivalda müxtəlif sahələrə dair nəşrlər, eləcə
də rəngkarlıq
və qrafika sənəti üzrə əl işləri təqdim edilir.
L.Azəri
Mədəniyyət.-
2023.- 7 iyun.- S.1;2.