Tələbələrin məktəb-studiya şagirdləri ilə açıq dərsləri
Elmin bütün
sahələrinin təməli
təlim-tədrisdən başlayır.
Azərbaycan professional
musiqi təhsilinin təməli isə bizlərə Üzeyir Hacıbəylidən miras
qalmış Bakı Musiqi Akademiyasında (BMA) qoyulub. Bu tədris
ocağı dünya səhnəsini fəth edən görkəmli musiqiçilər yetirib. Hər bir tanınmış
musiqiçinin keçdiyi
məktəb xatırlanır,
onun haqqında bir fikir söyləyir.
100 yaşlı musiqi pedaqogikamızın tarixindən
gəlib keçmiş
Mayor Brenner, Georgi Şaroyev, Vladimir Kozlov, Lidiya Yeqorova, Regina Siroviç, Kövkəb Səfərəliyeva
kimi müəllimlərin
məktəbləri bu
gün davam etməkdədir.
Bu məktəbin
uğurlu nümayəndələrindən
biri – mərhum Tərlan Seyidovun (1943-2023)
təlim-tədrisə verdiyi
dəyər hər kəsə məlumdur. Onun təşəbbüsü,
zəhməti ilə yaradılan Orta ixtisas musiqi məktəb-studiyası BMA tələbələrinin
pedaqoji təcrübə
məkanı kimi də xüsusi əhəmiyyət daşıyır.
Məktəb-studiyada tələbələrin
pedaqoji təcrübə
dərsləri daima diqqət mərkəzində
saxlanılır, eyni zamanda müxtəlif konsert və tədbirlərə cəlb
olunaraq səhnə fəaliyyətinə geniş
yer verilir.
Tələbələr təhsil illərindən pedaqogika elmi ilə tanış olur və ilk
təcrübələrini məktəb-studiya
şagirdləri ilə
həyata keçirirlər.
Burada onlar müəllimlərindən əxz
etdiyi metodika və özlərində formalaşdırdığı yeni texnikaları ilə fəaliyyətə
başlayırlar. Bu proseslər məktəb-studiya
şagirdləri üçün
nə qədər əhəmiyyətli olsa da, tələbələr
üçün müəllimlik
peşəsinin məsuliyyətini
anlamasında daha vacib anlardır.
Bu günlərdə
(31 may) BMA-nın Metodika və xüsusi pedaqoji hazırlıq kafedrası
tələbələrinin məktəb-studiya
şagirdləri ilə
açıq dərslərini
izlədik.
Klarnet ixtisası
üzrə Anar Məmmədovun 2-ci kurs tələbəsi Namiq Səlimov məktəb-studiyanın
1-ci sinif şagirdi Kənan Həsənliyə
(müəllim: F.Məmmədov)
V.A.Motsartın “Allegretto”
əsərini keçir.
Asta tempdə əl çalaraq şagirdi üçün səslərin
düzgün ölçüsünü
anlamasına və əsərin ritmini saxlamasına kömək edir. Bu anda
kafedra müdiri professor Elnarə Məmmədova tələbəyə
şagirdində ritm hissiyyatının formalaşması
üçün metronomdan
istifadəni tövsiyə
edir. Sonra isə tələbə alətin düzgün şəkildə əldə
tutulma qaydasını
şagirdinin hələ
də mənimsəməkdə
çətinlik çəkdiyi
kiçik nüansları
izah edir. Əlbəttə, 1-ci sinif şagirdinin, ilk növbədə, aləti
düzgün tutmasına
nail olmaq vacib şərtdir. Tələbə sinfinə
görə proqramı
düzgün seçib,
ritm hissiyyatı isə tədricən formalaşa bilər.
Fortepiano ixtisası
üzrə dosent Nərgiz Əlizadənin
2-ci kurs tələbəsi
Hidayət Sadıqbəyli
2-ci sinif şagirdi Sabir Rüstəmxanlıya
(müəllim: Nərminə
Əliverdizadə) Y.Baraxtinanın
Paqanini mövzusuna “Variasiyalar” əsərini keçərkən öncə
variasiya forması ilə bağlı məlumat verir, kiçik motivlər üzərində işləyərkən
vurğunun düzgün
düşməsinə çalışır.
Şagird əsəri
artıq əzbər öyrənib, bu halda müəllim asanlıqla əsərin istənilən yerində saxlayıb hər bir nüans üzərində – dinamika,
səslərin bərabər
ardıcıllığı, hətta 2-ci barmağının
düzgün istifadəsinə
nail olmaq üçün öz ifasını göstərməklə
işləyir.
Fortepiano ixtisası
üzrə dosent Mədinə Tuayevanın
2-ci kurs tələbəsi
Əli Adıgözəlov
isə violin ixtisası üzrə 7-ci
sinif şagirdi Yusif Məmmədliyə “Ümumi fortepiano” fənnində Sevda İbrahimovanın “Evləri
var xana-xana” Azərbaycan xalq mahnısı işləməsini
öyrədir. Tələbə
özünü səhnədə
daha sərbəst, müəllim kimi hiss edir. Bu
onun açıq dərsə hazırlıqlı
olmasından irəli gəlir. Öncə özünü və şagirdini təqdim etdikdən sonra öyrətdiyi mahnının
bəstəkarı haqqında
və mahnının xarakteri ilə bağlı qısa, vacib məlumatı diqqətə çatdırır.
Dərs zamanı Əli Adıgözəlovun
öz ifası ilə başlayan xalq mahnısının ansambl işləməsi dinləyicilərdə xoş
əhval yaradır. Milli mahnımızın oxunaqlı ifasını əldə etmək üçün müxtəlif
yolları izah edən tələbə-müəllimin
əsərin ruhunu dərinliklərinə qədər
duyduğunu hiss edirik. Violin sinfinin şagirdi Yusif Məmmədlini isə fortepianoda sərbəst ifasına görə alqışlayırıq.
Zərb alətləri
ixtisası üzrə
Firuz Hüseynovun 2-ci kurs tələbəsi Kamil Hüseynzadə
6-cı sinif şagirdi
Rüfət Məmmədova
(müəllim: F.Hüseynov)
marimba alətində D.Şostakoviçin “İspan
rəqsi” əsərini
keçir. Tələbə
alətin tarixindən,
vətənindən və
quruluşundan söz açdıqdan sonra onun simfonik orkestrdə
rolunu qeyd edir. Nota nəzər
yetirdikdə isə öncə əsərin ölçüsü, tempi
ilə bərabər onun solo və
yaxud müşayiət
üçün yazılmasına
diqqət yetirir. Geniş izahlı, açıq dərs sayəsində marimba alətində liqanın və müxtəlif texniki
səhvlərin üzərində
işin necə aparılması ilə tanış oluruq.
Violin ixtisası
üzrə Nairə Qulamovanın 2-ci kurs tələbəsi Səriyyə
Nəsibova 10-cu sinif şagirdi Fatimə Tapdıqovaya (müəllim:
M.Aslanova) Ç.Viottinin
“¹ 22 konsert”inin I hissəsini keçir. Təcrübəçi tələbə
bəstəkarın yaradıcılığına
nəzər salaraq, burada konsert janrının üstünlüyünü
söyləyir. Əsəri
başlamazdan öncə
temp, ölçü
kimi vacib nüanslara diqqət ayırır. S.Nəsibova
dərs zamanı öz ifasında əsərin texniki çətinliklərinin aradan
qaldırılması ilə
yanaşı, emosional
təsirinin göstərilməsi
üsullarında dinamikanın
əhəmiyyətini nümayiş
etdirir.
Dərs prosesinin
açıq, geniş
auditoriya qarşısında
keçirilməsi təcrübəçi
tələbələrin və
məktəb-studiya şagirdlərinin
yaradıcı potensialını
daha da inkişaf
etdirir.
Tutu Hüseynova
BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının müəllimi, musiqişünas
Mədəniyyət.- 2023.- 9 iyun.- S.7.