“Göydə
bircə ovuc tüstüsü qaldı”...
Şəki teatrının Bakıya gətirdiyi “21:15
qatarı” haqqında
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi
və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı
ilə reallaşan “Qonaq teatr” layihəsində
bu dəfə Şəki Dövlət Dram Teatrı paytaxtda sənətsevərlərlə
görüşüb. Yaradıcı
kollektiv iyunun 5-də
ATXİ-nin səhnəsində
türk yazar Toyğun Orbayın “21:15 qatarı” pyesinin tamaşasını təqdim
edib.
Bir neçə
il əvvəl Əməkdar incəsənət
xadimi Bəhram Osmanovun quruluşunda Akademik Milli Dram Teatrında uğurlu səhnə ömrü yaşayan bu əsər ümumən həyat və ölüm haqqında düşüncələrin
ifadəsi kimi oyunçudan da, tamaşaçıdan da bir anlamda “ruhundan
ayrılmağı” tələb
edir. Qəhrəmanın
da dediyi kimi, “içiboş cismə tamaşa üçün”. Onu da qeyd edim
ki, ixtisasca beyin cərrahı olan müəllifin 2002-ci ildə qələmə aldığı pyes Türkiyənin bir neçə teatrında, eləcə də ölkəmizlə yanaşı,
Fransa və İngiltərədə səhnəyə
qoyulub.
Bir neçə
il əvvəl Əməkdar incəsənət
xadimi Bəhram Osmanovun quruluşunda Akademik Milli Dram Teatrında uğurlu səhnə ömrü yaşayan bu əsər ümumən həyat və ölüm haqqında düşüncələrin
ifadəsi kimi oyunçudan da, tamaşaçıdan da bir anlamda “ruhundan
ayrılmağı” tələb
edir. Qəhrəmanın
da dediyi kimi, “içi boş cismə tamaşa üçün”.
Onu da qeyd
edim ki, ixtisasca beyin cərrahı olan müəllifin 2002-ci ildə
qələmə aldığı
pyes Türkiyənin bir neçə teatrında, eləcə də ölkəmizlə yanaşı, Fransa və İngiltərədə
səhnəyə qoyulub.
Şəki teatrında
“gerçəkliyin məngənə
oyunu”na gənc rejissor, maraqlı düşüncə və
zövqə malik Elvin Nuri quruluş
verib. Səhnə əsərinin quruluşçu
rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Surə İslamova, musiqi tərtibatçısı
Zeynəb Xəlilovadır.
Rolları Əməkdar
artistlər Akif Yusifov (Vağzal məmuru), Rəhim Qocayev (Kişi), aktyorlar Lalə Məmməd (Qadın) və Rəsul Məmmədrəhimov (İkinci
kişi) ifa edirlər.
...Bir platformalı
kiçik dəmiryol vağzalı: sağ tərəfdə qapısı
platformaya baxan, kiçik pəncərəsi
səhnəyə açılan
bir otaq var. Pəncərənin üstündə “Kassa” yazılıb. Tamaşaçılarla
üzbəüzdə skamya,
skamyanın solunda isə lampaları solğun, sarımtıl işıq saçan iki elektrik dirəyi.
Sağda – otağın
ön divarının
lap yuxarısında asılan vağzal saatı 21:15-i göstərir.
Səhnə elə işıqlandırılıb ki,
gecə olduğu bilinir.
Pərdə açılır. Kişi
skamyada əyləşib
qəzet oxuyur, eyni zamanda qulaqlıq
taxıb musiqi dinləyir. Vağzal məmuru uzunsaplı süpürgə ilə yeri süpürür, topladığı çör-çöpü
– skamyadakı qadın
çantasını, səhnənin
önündəki saat
əqrəbini – zibil qutusuna atır. Sonra əsgi ilə skamya, lampa və kassa
pəncərəsinin tozunu
alır. Əynindəki
təmiz, lakin nimdaş nəzarətçi
geyimi, qocaldığı,
artıq pensiya yaşına çoxdan çatdığı əyilən
qamətindən sezilsə
də, buna inad çevikliyi də sezilir. İşini tamamlayır. Sonra heç vaxt bilet satıb,
qatar qarşılayıb,
yola salmağını
görmədiyimiz kassasına
– özünün kiçik
məzarına girir.
Ucaboylu, səliqəli
geyimli ortayaşlı
kişi də öz işindədir – qəzetdən oxuyub, musiqidən zövq aldığını göstərir.
Vağzala gələn
ortayaşlı, səliqəli
və tələskən
qadının da fərqində deyil. Qadın çamadanı çəkə-çəkə kassaya yaxınlaşır
və şüşəni
döyür. Vağzal
məmuru pəncərəni
açır. Qadın
həyəcanlı halda
21:15 qatarının nə
zaman gələcəyini
soruşur. Etinasız
deyilən “bilmirəm”dən
əsəbiləşərək vağzal saatına baxır, “saat 21:15 olub ki...” deyərək
ümidsizcəsinə dəmir
yoluna boylanır.
Yaşlı məmur pəncərəni
örtür, sonra qapını açıb
eşiyə çıxır,
süpürgəni götürüb
təzədən yeri
süpürməyə başlayır.
Qadın çaşqınlıq
içində onu seyr edir. Sonra
suallardan və səbirsiz sərnişinlərdən
bezmiş halda “Xanım, o saat həmişə 21:15-i göstərir”
deyir. Sonra daha da gərilərək
ona “Yaxşı, onda, Allah xətrinə,
deyin: bu mirət qatar, adətən, saat neçədə gəlir?”
sualını verən
qadının intizarına
birdəfəlik son qoyaraq qəti şəkildə “Heç
neçədə” cavabını
verib, yenə də kassa-məzarına girir.
Qadın çaşmış
halda bir müddət yerində donub qalır. Sonra çamadanını
çəkə-çəkə Kişinin əyləşdiyi
skamyaya yaxınlaşır
və bir qıraqda əyləşir.
Hərdənbir dönüb
nəzərlərini Kişiyə
zilləyir. Amma o, qəzet oxumağa, musiqi dinləməyə elə aludə olub ki, bu
baxışları hiss
eləmir.
Onlar bir-birinin
fərqinə varmaq üçün çoxdan
gecikmiş iki son yolçudurlar. Əslində, heç biri niyə və nə üçün yaşadıqlarını,
daha doğrusu, niyə bu boyda
ömrü istədikləri
kimi yaşamadıqlarını
dərk ediblər.
Tamaşa boyu
biz həyata gələndən ölüm
uğrunda mübarizəmizi,
əslində, dünyaya
ölmək üçün
gəldiyimizi dərk etdiyimiz halda belə yaşamaqdan çox, “yaşatmaq”, “başqaları nə deyər, nə düşünər”, “bəlkə
belə olsa, daha yaxşıdır”, “yox əşi, sabah daha maraqlı
olar”, “qoy, bu gün, bu
ay, bu il
keçsin, daha yaxşı olacaq” kimi cəfəng və tüfeyli düşüncələrimizin darmadağın olduğunu
dərk edirik.
Doğurdan e, məgər elə deyil? Elə bil kimsə mərkəzdə oturub, əlini çənəsinə
dayayan teatrşünası,
yarıqaranlıq səhnədə
işığı düzgün
nöqtəyə verməyən
işıq rəssamını, telefonunu
səssiz rejimə qoymayan qıvrımsaç
gənci, kamerasının
işığını söndürmədiyi
halda düz zalın ortasında o yan-bu yana gedən
təcrübəsiz televiziya
operatorunu nişan verirmiş kimi nə isə pıçıldayır: Sənin
qatarın nə vaxt gələcək?...
Onlar da,
siz də, elə mən də yoruldum. Bu an sonda onsuz
da hamının vədəsiz
hesab etdiyi səs gəlir – taq, taq, taq.
Bayaqdan gərilən sinirlərə ürək
döyüntülərinin artan ritmi də
əlavə olunur. Qadın tələsir, sevinir, həyəcanlanır.
Kişi isə “Hazırlamalı bir şeyim yoxdur. Həm də, o çamadanı əziyyət
çəkib sürütləməyin,
21:15 qatarına yük
götürmürlər!...” deyib uzun
işıq dirəyinin
öləziyən ziyasında
özü də bir dirəyə “dönür”. Qadın isə Kişinin nə dediyini sanki eşitmir. Həyəcanlı halda, çamadanını sürütləyə-sürütləyə,
platformanın arxa tərəfinə keçərkən
“gəlsənizə!” deyib
qatar yoluna boylanır.
Kişi
isə heç yerindən də qımıldanmır. Birdən
işıqlar sönür.
Sürətlə keçən
qatarın fit səsini xatırladan uğultu vağzala yaxınlaşdıqca güclənir,
vağzaldan uzaqlaşdıqca
zəifləyir. Səhnənin
arxasındakı divara
sanki sürətlə
keçib gedən qatarın açıq pəncərələrindən işıqlar düşür.
Tamaşaçıların qulağına relslərə
dəyən təkərlərin
səsi gəlir. Birdən işıqlar itir, relslərə dəyən təkərlərin
səsi get-gedə uzaqlaşır və nəhayət, gecənin qaranlığında əriyib
yox olur.
Səhnə təkrar işıqlananda
Qadın çaşqın
halda görünür.
O, heyrət içində
vağzal məmuruna baxır. Kişi isə artıq yoxdur. Kitabı və musiqi dinləmək üçün
cihazı bir az əvvəl əyləşdiyi skamyanın
üstündədir.
Yalnız bu
zaman “Dayanmadı!” deyən qadının necə ağır yükün altında olduğunu hiss edirik. Bu itki
bircə adətkər
vağzal məmurunun vecinə deyil. Odur ki, yenidən
bezmiş halda geriyə – otağına gedə-gedə “Zatən heç dayanmır” nidasında işini, ola bilər ki, həm də
ömrünü bitirir.
Qadın isə
hələ də çaşqınlıq içindədir.
O, geriyə dönüb
Kişinin yerində olmadığını görəndə
tək həmsöhbətini
itirməyin verdiyi əzabla məmurdan onun da yerini
xəbər alır.
“Xanım, nə bəy? Burada bəy-filan olmayıb” cavabından sonra hər şeyin fərqinə varır. Düşən çiyinləri,
sinəsinə əyilən
başı və rabitəsiz nitqi onu gerçəyin içinə çəkir.
Ağır addımlarla
Kişinin bir az əvvəl əyləşdiyi skamyaya
tərəf gedir və kitabı əlinə alıb, səhifələri yavaş-yavaş
çevirir. Bu vaxt İkinci kişi ağır çamadanlarını darta-darta
səhnəyə qalxır.
Qatarın nə vaxt gələcəyini soruşub əşyalarını
kassanın önünə
qoyub bilet almağa tələsir. Beləcə, tarix və dialoqlar təkrarlanır. Heç
vaxt başqaları üçün gəlməyəcək
“21:15 qatarı”nın sərnişini olan Qadın gülümsəyərək
yeni sakinə nə isə izah etməyə çalışır. Sonra
fikrindən daşınıb
o da qatar gəlincəyədək susur...
Tamaşa, onun
müəllif ideyası
və quruluşu, aktyor oyunu, ələlxüsus
da əsas plana xələl gətirməyən əlavə
keçidlər əsərin
tam mahiyyətinə varmaq baxımından uyğun səhnə aktı idi. Yeganə qüsur ölümdən keçən
və onu gözləyən iki nəfərin dialoqundakı
qışqırtı, qeyri-adi
hərəkətlilik, tamaşaçının
fikrini dağıdan izafi jestlər,
seyrçiyə xitab dönüşləri əsas
ideyanın birbaşa nüfuz etməsinə xələl gətirirdi.
Qonaq teatrın
paytaxt tamaşaçıları
ilə görüşü
ümumən maraqlı
oldu. Deməli, Şəki teatrı hər zaman olduğu kimi, öz ampluasında qaldığını və
ənənəsini ustalıqla
yaşatdığını tamaşaçıya elan-təqdim
edə bilir.
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2023.- 9 iyun.- S.1;4.