Rənglərin işığında
qadına münasibət
“Çəhrayı
– Qara” sərgisi haqqında təəssürat
Azərbaycan Rəngkarlığı Muzeyinə
Xalq artisti Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” filminin premyerasına (26 may) gedərkən burada bir həftə öncə açılmış
“Çəhrayı – Qara”
sərgisini də izləmək imkanım oldu.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə YARAT Müasir İncəsənət Məkanında
açılan sərgi
elə ilk baxışdan insanı düşündürür və
təkcə təsviri
sənətə deyil,
həm də həyata baxışı
əks etdirir. Sərgidə nümayiş
olunan əsərlər
dünən, bu gün və sabahı göstərir. Bu əsərlərin hər birində dərin məzmun qatları var. O, mövzunu tamaşaçı
üçün bütünlüklə
açmağa çalışır
və reallığı
diktə edir. XX əsrin ustad sənətkarları ilə
yanaşı, müasir
rəssamların da əsərlərinə yer
verilib. Ekspozisiya fəlsəfiliklə bərabər,
sadəlik və açıq fikir aydınlığı ilə
mövzuları tamaşaçıya
aça bilir.
Ekspozisiyada Əzim
Əzimzadə, Toğrul
Nərimanbəyov, Elmira
Şahtaxtinskaya, Odtəkin
Ağababayev, Ağa Mehdiyev, Altay Hacıyev, Bəyim Hacıyeva, Hüseyn Haqverdiyev, Əşrəf
Murad, Fazil Nəcəfov, Fərhad Xəlilov, Elmira Hüseynova, Ələkbər
Rzaquliyev, Əli Verdiyev, Qorxmaz Əfəndiyev, Rasim Babayev kimi ustad
sənətkarların rəngkarlıq,
qrafika və heykəltaraşlıq əsərləri
nümayiş olunur. Burada həmçinin yeni nəsil rəssamlardan Soltan Soltanlı, Şahnaz Ağayeva, İslam Həsənəlizadə, Erkin
Ələkbərli, Aqil
Abdullayev, Aiplague və Vüsal Rəhimin rəngkarlıq,
qrafika, heykəl, instalyasiya, video və performans əsərləri bir araya gətirilib.
İlk olaraq
plakat və dəzgah rəssamlığı
bölməsi diqqətimi
çəkir. Zaman keçir, ictimai formasiya bir-birini əvəz etsə də, insanın ətraf mühitə, cəmiyyətə mesajı
eyni olaraq qalmaqdadır. Bizim bu gün də
güclü ideoloji mesajlara ehtiyacımız var və maraqlısı
da budur ki, öz aktuallığını
itirməyən və
günümüzlə səslənən
tablolar gənc nəslə bir çağırışdır. Ekspozisiyada ustad və gənc rəssamların əsərlərinin
hər biri insanın ətraf mühitə, cəmiyyətə,
qadına münasibətini
izah edir.
Bu məqamda
sərginin adı haqqında düşünürəm:
“Çəhrayı – Qara”.
Sərgi güclü Azərbaycan qadını haqqında hekayədir və qadına qarşı cəmiyyətdəki
stereotip, məhdudiyyətlərə
rəğmən onun mühüm rolunu vurğulayır. Bununla yanaşı, ekspozisiya təkcə bugünkü
cəmiyyətimizdə deyil,
əsrlər boyu qadına olan münasibəti, onun statusunu, təsir imkanlarını və gücünü, o cümlədən
üzləşdiyi problemləri
nəql edir...
Bəli, bu
problemləri biz həm XX əsr görkəmli rəssamlarımızın,
həm də onların xələflərinin
əsərlərində əks
olunduğunu görürük.
Bəzən pozitiv, bəzən də bədbin. “Çəhrayı
– Qara” sərgisi həm də illər ərzində sənətçilərin prizmasından
ötürülən cinsiyyət
haqqında bir mesajdır. O, tamaşaçılara
müxtəlif dövrlərdə
cinsin necə qəbul edildiyini düşünməyə imkan
yaradır. Sərgidəki
13 ustad sənətkarın
əsərləri ilə
yanaşı, yeni nəsil fırça ustalarının əl işlərini izlədikcə
onların da düşüncəsindəki qadın
obrazlarına, qadının
cəmiyyətdə mövqeyinə
baxışlarını müqayisə
etmək imkanı qazanırıq.
XX əsrin ortalarından
Azərbaycan çağdaş
rəssamlığı artıq
ilk addımlarını
atmaqda idi. Tarixi və müasir mövzularda əmək, məişət,
qadın azadlığı,
savadsızlığın ləğvi
kiçik həcmli tablolarda əks olunurdu. Həmin dövr milli özünəməxsusluğu təcəssüm etdirən
sənət yaratmaq niyyətləri rəssamlarımızın miniatür
ənənələrinə yaxın şərti dekorativ üslubda işlədikləri tablolarında
daha çox görünürdü. Bu
üslubda biz Əzim Əzimzadənin sərgilənən əsərlərini
nümunə çəkə
bilərik.
Sərgi sənət
nöqteyi-nəzərindən bir ziyarətçi kimi mənə nəyi diktə etdi? Əgər ötən əsrdə portret janrı rəssamlarımızın yaradıcılığında
əsas yer tuturdusa, bu gün
alt qatında dərin mənalar yatan əsərlər daha çox yaradılır. Əsərlərin
üslub və texnikası dəyişir,
kompozisiya və plastik həll prinsipləri nəzərəçarpacaq
dərəcədə yenilənir.
Yeni bədii təfəkkür müasir
rəssamlıqda qadın
obrazları mövzusuna
münasibətdə də
özünü göstərir.
Hər birinin özünəməxsus gözəlliyi,
plastikası var və əsərlərdə
həm Şərq, həm də Qərb qoxusunu duymaq mümkündür.
Bu sərgi
ümumilikdə fərqli
qadınlara müxtəlif
məkan və zamandan asılı olmayaraq tətbiq etdiyimiz stereotipləri, çiyinlərinə qoyduğumuz
rolları və funksiyaları əks etdirir. Burada eyni zamanda çağdaş
təsviri sənət
ustalarının buna qarşı mübarizəsi
də var. Məsələn, biz Ələkbər Rzaquliyevin
“Balığın çənlərdən
seçilməsi” (1963) və
“Tütünçülük kolxozu” (1966) əsərlərində
sənaye inqilabından
sonrakı dövrün
qadınlarının təsvirini
görürük. Qadınlar
sənayenin müxtəlif
sahələrində azad
çalışırlar. Lakin
bu onların azadlığı deməkdirmi?
Əksinə, bu əsərlər qadınların
iş yükünün
çoxalmasına işarə
edir. Qadın nəinki evdə, həm də sənayedə çalışır.
İstənilən halda
ev işləri və uşaqlara qayğı onların boynunda qalmaqdadır. Bu hal ötən
əsrdə də belə idi, bu gün də
belə davam edir. Prosesin davam etdiyini Soltan Soltanlının əsərlərində də
görmək mümkündür.
Onun qadın obrazları dərin fəlsəfi qatları ilə seçilir. Təkcə “Saçından
asılmış qadın”
əsəri rəssamın
düşüncə və
mesajının nə
dərəcədə ağıryüklü
olduğunu göstərir.
Azərbaycan Rəngkarlığı Muzeyindəki
bu mürəkkəb və fərqlilikləri görmək üçün
Fərəh Ələkbərlinin
kuratoru olduğu sərgini ziyarət etmək lazımdır. Ekspozisiyaya Azərbaycan Milli İncəsənət
Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Azərbaycan Rəssamlar İttifaqı,
Elnur Babayev və Vüsal Rəhimin kolleksiyalarında
saxlanılan əsərlər
daxil edilib.
...1980-ci illərdən etibarən qadın və kişi idealları keçmişin
cinssiz təbliğat klişelərindən uzaqlaşaraq
nəzərdən keçirilirdi.
Sovet hakimiyyətinin süqutundan sonra yeni qazanılan azadlıqlar neokonservativ məhdudiyyətlərlə ayaqlaşaraq
qadın identikliyinin siyasi və ictimai əhəmiyyətini
vurğulamaq üçün
qadınlığın tarixi
alleqoriyalarına işarələr
verməyə başladı...
Siz də
sentyabrın 24-dək açıq
olacaq “Çəhrayı
– Qara” sərgisini ziyarət edin ki, zərif cinsin nümayəndələrinə
birmənalı olmayan
sənətkar baxışlarından
xəbərdar olasınız.
L.Azəri
Mədəniyyət.- 2023.- 9 iyun.- S.5.