“Maqsud
əbədidir”
Xalq yazıçısı
Maqsud İbrahimbəyova
həsr olunmuş kitabın təqdimatı
Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun dəstəyi ilə Əməkdar jurnalist Nadejda İsmayılovanın Xalq
yazıçısı, kinodramaturq,
Dövlət Mükafatı
laureatı Maqsud İbrahimbəyova (1935-2016) həsr
edilmiş “Maqsud əbədidir” (Azərbaycan
və rus dillərində) kitabı
çap olunub.
İyunun 7-də Bakı Kitab Mərkəzində sənədli
povestin təqdimatı
keçirildi.
Mərkəzin direktoru Günel Anarqızı qonaqları
salamladı və “Maqsud əbədidir” kitabının bu məkanda təqdim olunmasından məmnunluğunu
bildirdi.
Maqsud İbrahimbəyov
Yaradıcılıq Mərkəzinin
direktoru Anna İbrahimbəyova dedi ki, əsər təkcə Maqsud İbrahimbəyov haqqında
olan xatirələrdən
ibarət deyil, bioqrafik nəsr nümunəsidir.
Azərbaycan Yazıçılar Birliyinin
katibi Əməkdar mədəniyyət işçisi
İlqar Fəhmi yazıçının özünəməxsus
yaradıcılığından söz açdı. Bildirdi ki, M.İbrahimbəyovun
əsərləri bütün
nəsillər tərəfindən
sevilir, qəhrəmanlarının
hər birinin koloriti və yaddaqalan xarakteri ilə diqqəti cəlb edir: “Bizim nəsil onun nəsrinin ab-havasına köklənər,
qələmindən çıxan
yazıları böyük
həvəslə gözləyər,
kitablarını maraqla
oxuyardı. O, bütöv
bir nəslin ədəbi siması olmaqla yanaşı, həm də əbədi oxunacaq bir yazıçıdır”.
Müəllif Nadejda İsmayılova yazıçı ilə bağlı xatirələrini
bölüşdü. Diqqətə
çatdırdı ki,
əsər ədibin arxiv materialları, əlyazmaları dəqiq araşdırılaraq ərsəyə
gətirilib. O, kitabın
çapına görə
Heydər Əliyev Fonduna və əməyi keçən
hər kəsə təşəkkürünü bildirdi.
Təqdimatda çıxış edən
digər qonaqlar da M.İbrahimbəyov haqqında xatirələrini
bölüşdülər, yazıçının yaradıcılığının
özünəməxsusluğundan söz açdılar. Çıxışlardan sonra
rejissor Tərlan Rəsulovun səhnələşdirdiyi
“Bağçada rahat yer” adlı eksperimental interaktiv tamaşa göstərildi.
M.İbrahimbəyovun “Püstə
ağacı”, “Bağçada
rahat yer” və “Əlvida, Miledi!” hekayələri əsasında hazırlanmış
səhnə işində
rollarda Əməkdar artistlər Elşən Rüstəmov, Mələk
Abbaszadə, Şahin Növrəsli yer alıb. Bəstəkar Şahin Növrəsli tamaşada həmçinin
royal arxasında musiqi kompozisiyaları ifa etdi.
Qeyd edək
ki, “Maqsud əbədidir” kitabının
ilk təqdimatı iyunun 2-də Heydər Əliyev Mərkəzində
keçirilmişdi.
Lalə Azəri
Mədəniyyət.- 2023.- 9 iyun.- S.3.