İsraillə turizm əməkdaşlığı
inkişaf edir
Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyevin İsraildə
bu ölkənin turizm naziri Haim
Katz ilə görüşündə iki
ölkə arasında turizm
əlaqələrinin mövcud
vəziyyəti və
perspektivlər barədə
müzakirələr aparılıb.
DTA-dan bildirilib
ki, iyunun 11-də keçirilən görüşdə
Azərbaycan Turizm Bürosunun Təl-Əviv
şəhərindəki nümayəndəliyinin
fəaliyyəti, birbaşa
uçuşların sayının
artırılması, İsrail
universitetləri ilə
tələbə mübadiləsi
proqramları, birgə
turizm məhsullarının
formalaşdırılması və qarşılıqlı
təcrübə mübadiləsi,
İsrail media nümayəndələrinin Azərbaycana
səfərlərinin təşkili
haqqında fikir mübadiləsi aparılıb.
İşğaldan azad
olunmuş ərazilərin
turizm sektoruna investisiyaların cəlbi məqsədilə İsrail
şirkətlərindən ibarət nümayəndə
heyətinin Azərbaycana
tanışlıq turuna
dəvət olunması
təklif olunub.
Səfər çərçivəsində Təl-Əviv şəhərində
Azərbaycan turizminə
həsr olunan tədbir keçirilib. İsrailin 70-ə yaxın
turizm şirkəti və media nümayəndəsi,
həmçinin Azərbaycanın
hotel və turizm şirkətləri təmsilçilərinin qatıldığı
tədbirdə DTA-nın
sədri Fuad Nağıyev və Azərbaycanın İsraildəki
səfiri Muxtar Məmmədov çıxış
ediblər.
Tədbirdə iştirak edən AZAL-ın satış və tərəfdaşlıq
üzrə direktoru Çingiz Mürsəlov aviaşirkət tərəfindən
Təl-Əvivə uçuşların
sayının iyunun
28-dən artırılacağını diqqətə çatdırıb.
Hazırda Bakı-Təl-Əviv
reysi üzrə həftədə 7 dəfə
birbaşa uçuşlar
təşkil olunur.
Tədbir çərçivəsində
Azərbaycanın turizm
məhsullarının və
AZAL-ın uçuş
istiqamətləri barəsində
təqdimat olub, “Azərbaycan İsrail fotoqraflarının gözü
ilə” adlı fotosərgiyə baxış
keçirilib.
Qeyd edək ki, 2023-cü ilin ilk 5 ayında Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 70 faiz artaraq 8 min 611 nəfər olub.
Mədəniyyət.- 2023.- 14 iyun.-
S.8.