Sənədli
kino salnaməsində
Teyyub Axundov yad olundu
Dövlət Film Fondunda kinomuzun 125 illiyi və Azərbaycanfilm kinostudiyasının
100 illiyi münasibətilə
Azərbaycanın sənədli
kino salnaməsi adlı silsilə retrospektiv baxış çərçivəsində iyunun 9-da növbəti tədbir təşkil olundu. Əməkdar incəsənət xadimi, Dövlət mükafatı
laureatı, kinooperator
(təsvir rejissoru) Teyyub Axundovun yaradıcılığına həsr
olunan tədbir eyni zamanda nakam
şair Mikayıl Müşfiqin 115 illik yubileyinə töhfə idi.
Əvvəlcə Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək
Teyyub Axundovun kinooperator kimi lentə aldığı bədii və rejissor kimi çəkdiyi
sənədli filmlər
haqqında məlumat verdi. Diqqətə çatdırdı ki, o, filmlərində istər kadr tutumunda, istərsə də müxtəlif planlı personajların təqdimatında
fikir və duyğularını ifadə
etməyə nail olub. Özünəməxsus
dəst-xətti ilə
seçilən Teyyub Axundov 50-yə yaxın filmin quruluşçu operatoru olub. Bu silsiləyə sənədli, bədii filmlər, Mozalan kinosüjetləri daxildir.
Əməkdar incəsənət xadimləri
Rafiq Qəmbərov və Aydın Kazımzadə sənətkar
haqqında xatirələrini
bölüşdülər. Bildirildi ki, fotoqrafiya və kinoya böyük həvəs göstərən
operator 14 yaşından
kinostudiyada Almaz filminin operator assistenti kimi əmək fəaliyyətinə
başlayıb. II Dünya
müharibəsi başlayanda
cəbhəyə yollanıb.
Müharibədə ön
cəbhədə gördüyü
dəhşətli mənzərələri
fotolentə köçürməklə
həm də müharibənin fotosalnaməsini
yaradıb.
Çıxışlardan sonra Teyyub Axundovun
şair Mikayıl Müşfiqə həsr etdiyi Kainat olduqca şeir olacaq... filmi təqdim olundu. Filmin nümayişindən
sonra professor Abbasqulu Nəcəfzadə,
filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy və M.Müşfiq irsinin təbliğatçısı
Sənan Talıbov tədbirin əhəmiyyətindən
bəhs etdilər. O da vurğulandı ki, film sovet
dövründə lentə
alındığından Müşfiqin
repressiyaya məruz qalması faktları montaj zamanı filmdən çıxarılıb.
Bu baxımdan da çox dəyərli
olan film sanki yarımçıq təsiri bağışlayır.
Qeyd edək
ki, Teyyub Mirzəhəsən oğlu
Axundov 30 yanvar 1920-ci ildə Bakıda anadan olub. Məktəbli
çağlarından kino
və fotoqrafiya sahəsinə maraq göstərib, kinostudiyada
işləyib. 1941-1945-ci illər
müharibəsində iştirak
edib. 1946-cı ildə
ordudan tərxis olunaraq kinostudiyaya qayıdıb. Həmin il kinostudiyanın
bir neçə işçisi ilə birlikdə Moskvaya Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutuna
ali təhsil almağa göndərilib.
1952-ci ildə institutu
bitirib, qısa müddət Mosfilm kinostudiyasında təcrübəçi kimi
çalışıb. 1953-cü ildə Bakıya qayıdıb və ömrünü Azərbaycanfilm kinostudiyasına
bağlayıb. 1991-ci ildə
vəfat edib.
Lalə Azəri
Mədəniyyət.- 2023.- 14 iyun.-
S.6.