Tələbə “Pillə”sindən
görünənlər
Təhsillə bərabər, teatr, səhnə yolunda ilk peşəkar addımlarını atanlar
sənətdə qazandıqları
bilik və bacarıqları daha bir “Pillə”yə
çıxaraq nümayiş
etdirməyə çalışdılar.
5-9 iyun tarixlərində
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
(ADMİU) 100 illik yubileyi
münasibətilə keçirilən
ikinci “Pillə” Tələbə Tamaşaları
Festivalı diqqətçəkən
təqdimatlarla yadda qaldı.
Festivalın proqramı, mövzu və janr sıralaması
da rəngarəng idi. Tələbə tamaşaları universitetin
əsas və kiçik səhnələrində
göstərildi: B.Nuşiç
– “Nazirin xanımı”,
Teatr sənəti fakültəsi, IV kurs (kurs rəhbəri Gülşad Baxşıyeva);
S.Mrojek – “Karol”, Teatr sənəti fakültəsi, III kurs, rus bölməsi (kurs rəhbəri Ruslan İsmayılov); R.Bredberi – “Və ildırım çaxdı”,
Teatr sənəti fakültəsi, III kurs (rejissor Raya Şərifova);
T.Cücənoğlu – “Uçqun”,
Teatr sənəti fakültəsi, III kurs (kurs rəhbəri Yaqut Paşazadə); Elçin – “Cəhənnəm
sakinləri”, Teatr sənəti fakültəsi,
III kurs (kurs rəhbəri Ruslan İsmayılov); T.Nar – “Dərzi qayçısı”, Teatr sənəti fakültəsi,
III kurs (rejissor Elnur Əkbərov); A.Kamyu – “Yad”, SABAH qrupları, III kurs (kurs rəhbəri Ceyhun Dadaşov); B.Brext – “Teresa Karrarın tüfəngləri”,
SABAH qrupları, II kurs
(kurs rəhbəri Nofəl Vəliyev); C.Məmmədquluzadə – “Ölülər”,
Teatr sənəti fakültəsi, III kurs (kurs rəhbəri Məmmədsəfa Qasımov).
Beləcə, beş gün ərzində müəllimlər
öz tələbələrinin
işlərini izləyib
qiymətləndirdilər, onlar
isə tənqidə dözüm və teatr prosesində qala bilməyin ibtidai mürəkkəblikləri
ilə praktiki tanış oldular. Özü də öz sənət və peşə bələdçilərinin sayəsində.
Nəhayət, iyunun 9-da festival bayramsayağı bağlanış
mərasimi ilə işini başa vurdu. Tədbirdə universitet rəhbərliyi,
professor-müəllim heyəti,
tanınmış incəsənət
xadimləri, media nümayəndələri və
tələbələr iştirak
edirdilər.
Aktyorluq ixtisası
üzrə tələbələrin
ifasında plastik kompozisiyanın nümayişindən
sonra çıxış
edən ADMİU-nun rektoru professor Ceyran Mahmudova festivalı universitetin həyatında yeni inkişaf pilləsi adlandırdı. Bu ilin Ulu öndər
Heydər Əliyevin anadan olmasının 100 illiyi, ADMİU-nun
100 illiyi, eyni zamanda Azərbaycan teatrının 150 illiyi ilə əlamətdar il olduğunu da xüsusi qeyd edən rektor festival iştirakçılarını və qalibləri təbrik etdi, tələbələrə yeni
nailiyyətlər arzuladı.
Mərasimdə builki festivalı əlamətdar edən iki hadisə - Bakı Dövlət Universitetinin (BDU) “Yarımçıq
qalmış” tamaşasının
nümayişi və rusiyalı dramaturq Yelena İsayevanın iştirakı ilə “Müasir dramaturgiya: mövzular və mənalar” adlı seminarın təşkili də xüsusi vurğulandı. Sonra qonaq heyət – BDU-nun kollektivi diplom və sertifikatlarla təltif edildi.
Ardınca festivalın
təşkilat komitəsinin
və münsiflər
heyətinin üzvləri
– professorlar İsrafil
İsrafilov, Məryəm
Əlizadə, Aydın
Talıbzadə, dosent
Vidadi Qafarov, teatrşünas Elçin
Cəfərov və digər çıxış
edənlər iştirakçılara
gələcək yaradıcılıqlarında
uğurlar arzuladılar.
Qeyd etdilər
ki, festivalda ADMİU-da aktyorluq ixtisası
üzrə təhsil alan tələbələrin
doqquz diplom və kurs tamaşası
nümayiş olunub və hər biri tələbə-teatrşünaslardan
ibarət gənc ekspertlər qrupu tərəfindən müzakirə
edilib.
Daha sonra
münsiflər heyətinin
rəyi əsasında
seçilən qaliblər
mükafatlandırıldı.
Teatr sənəti
fakültəsinin dram
teatrı və kino aktyoru ixtisaslaşması
üzrə təhsil alan sonuncu kurs
tələbələrinin təqdim
etdikləri “Nazirin xanımı” tamaşası
“Ən yaxşı tamaşa” mükafatına
layiq görüldü.
“Ən yaxşı kişi rolu” nominasiyası üzrə mükafatı da “Nazirin xanımı” tamaşasında Rista Todoroviç roluna görə tələbə
Elməddin Zakirli qazandı. “Ən yaxşı qadın rolu” nominasiyası üzrə mükafat isə “Cəhənnəm
sakinləri”ndə Qadın roluna görə Nigar Mürsəlovaya təqdim
olundu. Gənc ekspertlərin mükafatını
isə “Yad” əsəri əsasında
hazırlanmış tamaşa
ilə SABAH qruplarının
III kurs tələbələri
qazandılar.
Beləcə, ADMİU-nun “Pillə” festivalı tələbələrin
yaradıcılıq prosesinə
daha sıx təşviq edilməsi, gənc istedadların aşkarlanması və teatr tədrisi prosesinin aktivləşdirilməsi
kimi məqsədləri
uğrunda ikinci aktını da tamamladı.
H.Rüstəmova
Mədəniyyət.- 2023.- 14 iyun.-
S.5.