“Sən
yadıma düşəndə”...
Elza İbrahimovanın 85 illiyinə həsr olunan kitabın təqdimatı keçirildi
Bütün hisslərimizə tərcüman
olan ən həzin nəğmələri
ilə xatırlayırıq
onu. Gah kövrəlir, gah boğazımıza düyünlənən
qəhərdə uşaq
kimi məsumlaşır,
gah da hansısa
xəyalın qanadlarında,
Allah bilir, göyün neçənci
qatında məsud oluruq. Məncə, Elza İbrahimova adlı təpədən-dırnağa
bəstə, musiqi, duyğu, məhəbbət,
dünyaya nəğmə
missiyası ilə gələn mavigözlü,
ağbənizli qanadsız
mələyin yaradılış
sirri bunda idi...
İyunun 9-da Azərbaycan Bəstəkarlar
İttifaqında (ABİ) görkəmli
bəstəkar, Xalq artisti Elza İbrahimovanın
(1938-2012) anadan olmasının
85 illiyinə həsr edilmiş “Sən yadıma düşəndə”
adlı kitabın təqdimat mərasimi keçirildi. Şirin xatirələr qoynunda onu heç vaxt unuda bilməyənlər
yenidən “Sən yadıma düşəndə”,
“Sevgilim, tut əlimdən”, “Anamın sevimli nəğməsi”,
“Mən sənin yanına qışda gəlirdim”, “Gecələr
bulaq başı” kimi unudulmaz mahnıların qanadlarında
Elza ənginliyinə qalxmağa çalışdılar.
Bəstəkarın qızı Zəhra İbrahimovanın (Ələkbərova)
müəllifi olduğu
kitab ABİ-nin dəstəyi ilə ərsəyə gəlib.
Musiqili tədbirin
açılış çıxışını
edən ABİ-nin sədri Xalq artisti, professor Firəngiz Əlizadə Elza İbrahimovanın yaradıcılığından, ömrü boyu şövqlə çalışaraq
milli musiqimizi zənginləşdirməsindən danışdı. Dedi ki, hər nəğməsində
dünyaya, insanlığa,
sənətə böyük
sevgi və istedadı duyulan bəstəkarın bütün
nəğmələrində onun qəlbinin döyüntüləri hiss
olunur. Bildirildi ki, Elza İbrahimova
dahi Üzeyir Hacıbəyli məktəbindən
və xalq musiqisindən məharətlə
bəhrələnib.
Sənətşünaslıq
üzrə elmlər doktoru Leyla Zöhrabova
“Elza İbrahimovanın
yaradıcılıq yolu”,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru Ülkər Talıbzadə “Elza İbrahimovanın mahnılarında
söz və musiqinin vəhdəti” mövzularında çıxış
etdilər. Sənətşünaslıq
üzrə fəlsəfə
doktoru Aytən Babayeva isə təqdim olunan kitab haqqında fikirlərini bölüşdü.
Millət vəkili
Hikmət Babaoğlu (Məmmədov) da bəstəkarın yaradıcılığına
olan sevgi və rəğbətini dilə gətirdi.
Çıxışlarda da vurğulandığı
kimi, Elza xanımın yaradıcılıq
illəri musiqi mədəniyyətimizin çox
zəngin bir dövrünə təsadüf
edib. Həmin dövrdə Tofiq Quliyev, Səid Rüstəmov, Cahangir Cahangirov, Rauf Hacıyev, Şəfiqə
Axundova, eləcə də Oqtay Kazımi,
Emin Sabitoğlu öz parlaq yaradıcılıqları ilə
musiqi mədəniyyətimizdə,
xüsusilə mahnı
janrında yeni səhifələr açıblar.
Məhz belə bir mərhələdə
mahnı aləminə
gəlmək, seçilmək,
sevilmək asan deyildi. Təsadüfi deyil ki, Xalq
şairi Bəxtiyar Vahabzadə Elza İbrahimovanı mahnı
janrında “lövhə
ustası” adlandıraraq
onu gözlə görünən dünyanın
deyil, görünə
bilməyən, içəridən
bizi dalğalandıran
hisslərin, həyəcanların,
bir sözlə, iç dünyamızın
rəssamı olduğunu
deyib.
Doğrudan da,
“Ey Vətən”, “Unuda bilməzsən”, “Qurban verərdim” və digər nümunələrdə biz
sanki musiqi ilə çəkilən
böyük rəsm tablolarını görə
bilirik.
Elza İbrahimova
yaşadığı dövrün
ən tanınan ifaçılarının sevimli
bəstəkarı idi.
Onun “Yalan ha deyil” mahnısı
görkəmli ifaçımız
Şövkət Ələkbərova
tərəfindən ifa
olundu və bu, 31 yaşlı bəstəkarı qısa
zamanda böyük sənətkarların diqqət
mərkəzinə gətirdi.
Dövrün bütün
şöhrət zirvəsini
dadan ifaçıları
onun bəstələrinə
müraciət edərək
həm o nəğmələrin
əbədiyaşarlığına, həm də öz ifaçılıqlarının
fərqli üslublarda
da unikallığına
diqqət çəkdilər.
Rəşid Behbudov, Flora Kərimova, Elmira Rəhimova, Oqtay Məmmədov, Gülağa Məmmədov,
İslam Rzayev, İlhamə Quliyeva, Akif İslamzadə və başqalarının
unudulmaz nəğmələrini
yada salmaq kifayətdir ki, söz-bəstə-ifa üçbucağındakı
qırılmaz rabitəni
görə bilək.
Bu da təsadüfi deyildi. Çünki o, yaratdığı
mahnılarda heç kimə bənzəməyən
yaradıcılıq üslubunu
təqdim etməyi bacarmışdı. Hər
bir mahnıda poetik mətnin mənalılığını musiqi ilə daha da zənginləşdirməyə
nail olan bəstəkar həmçinin
fərqli musiqi istiqamətlərinin yaxşı
bilicisi kimi çıxış edir.
Yaratdığı mahnılarda
biz Elza xanımın həm xalq musiqisinə, həm də şifahi ənənəli
musiqiyə yaxından
bələd olmasının
şahidi oluruq. O, bütün bunları üzvi surətdə öz yaradıcılıq
süzgəcindən keçirərək
estrada üslublu mahnılar yaradıb.
Dövrün tanınmış şairlərinin
şeirlərinə müraciət
edən bəstəkar
sözlərin mövzu
dairəsinin zənginliyinə
xüsusi önəm verib. Məhz buna görə də onun mahnılarının
məzmun dairəsi öz fərqlilikləri ilə daim seçilib.
Məşhur mahnısında
da deyildiyi kimi, o sanki bütün
ömrü boyu bizə bu sözləri
pıçıldayıb: “Nəğmə dolu bir ürəyəm”. Məhz bu sözlərin
bəstəkarın yaradıcılığı
ilə nə qədər dərin bağlı olması adamı həm kövrəldir, həm də qəribə bir sevincə qərq edir.
Müsahibələrinin birində “Mən bəstəkarlığa heç
vaxt pullu peşə kimi baxmamışam. Bəstəkarlığı
özümə peşə
seçimi yox, mənə həvalə olunmuş bir missiya sayıram” demişdi. Haqlı idi. O, bu fani
dünyaya, hamımızın
etibarsız deyə-deyə
beşəlli yapışdığımız
alov topuna sevgi dolu ürəyindən
qopan nəğmələr
bəxş etmək üçün gəlmişdi.
Bir də öz hisslərinin hansı nəhənglikdə
olduğunu göstərib
getmək üçün...
Təqdimat mərasimi
bəstəkarın unudulmaz
nəğmələri ilə
daha da yaddaqalan
oldu. Müğənni
Rövşən Əziz
(Əməkdar artist Fəridə Hüseynovanın
pianoda müşayiəti
ilə) “Gecələr
bulaq başı” (söz: Bəxtiyar Vahabzadə), “Təki sən səslə məni” (söz: Əliağa Kürçaylı)
və Əməkdar artist Arzu Əliyeva
“Sən yadıma düşəndə”, “Daha
məndə dözüm
yox” (hər ikisinin sözləri Dəmir Gədəbəylinindir)
mahnılarını ifa
etdilər. Bəstəkarın
Xalq şairi Vahid Əzizin sözlərinə yazdığı
“Mehribanım” mahnısını
Xalq artisti Fidan Hacıyeva oxudu.
Tədbir bəstəkarın
qardaşı, onun həyat və sənət irsinin yorulmaz təbliğatçısı
Çingiz İbrahimovun
təşkilatçı və
iştirakçılara təşəkkür
çıxışı ilə
bitdi.
Həmidə
Mədəniyyət.- 2023.- 14 iyun.-
S.6.