“Yeni adlar”da violin
və piano dueti
Mədəniyyət Nazirliyinin “Yeni adlar” musiqi layihəsi
davam edir. 2022-ci ilin mart ayından həyata keçirilən
layihə bu il Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunub.
İyunun
12-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında layihənin
növbəti konserti keçirildi. Bu dəfə
layihədə violin və
piano dueti təqdim olundu.
Konsertdə Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor – Əməkdar artist Fuad İbrahimov) müşayiəti ilə
gənc istedadlar – respublika və beynəlxalq müsabiqələr
laureatları Zərrin
Əliyeva (violin) və
Nərminə İsmayılova
(piano) çıxış etdilər.
Zərrin
Əliyevanın ifasında
Y.Sibeliusun “Violin və orkestr üçün konsert”
(re minor, op. 47, 3 hissədə), Nərmin İsmayılovanın
təqdimatında isə
S.Raxmaninovun “Piano və
orkestr üçün
2 nömrəli konsert”
(do minor, op. 18, 3 hissədə) əsərləri tamaşaçılar
tərəfindən alqışlarla
qarşılandı.
Musiqi axşamının tamaşaçıları
arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər
şöbəsinin müdiri
Fərəh Əliyeva,
Mədəniyyət Nazirliyi
İncəsənət və
qeyri-maddi mədəni
irs şöbəsi Musiqi sektorunun müdiri Vüqar Hümbətov, mədəniyyət
və incəsənət
xadimləri vardı.
***
Zərrin
Əliyeva 2001-ci ildə
Bakıda anadan olub. Musiqi təhsilinə
2008-ci ildə violin aləti
üzrə 36 saylı
Musiqi məktəbində
başlayıb. 2011-2019-cu illərdə
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində
təhsil alıb.
2019-cu ildə Ü.Hacıbəyli adına
Bakı Musiqi Akademiyasına (professor Hökümə
Əliyevanın sinfi)
qəbul olunub. Hazırda BMA-nın IV kursunda təhsilini davam etdirir.
2013-cü
ildə Bakıda Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş gənc ifaçıların II Respublika müsabiqəsində, həmçinin
Belçikanın Namur şəhərində
keçirilən VI beynəlxalq
“Bravo” müsabiqəsində II yerə layiq görülüb. 2015-ci ildə
Moskvanın Kreml Sarayında təşkil olunan III beynəlxalq “Musiqi nəsilləri” uşaq festivalında Prezident Simfonik Orkestri ilə çıxış edib.
2019-cu ildə Gürcüstanın
Borjomi şəhərində I “Harmony” beynəlxalq müsabiqəsində
Qran-pri, 2020-ci ildə
Rostov şəhərində “Cənub rapsodiyası” beynəlxalq müsabiqəsində
Qran-pri, 2021-ci ildə
isə Avstraliyada
“Brisbane” beynəlxalq gənclik
festivalında I yerə
layiq görülüb.
Gənc
ifaçı 2017-ci ildə
Prezidentin xüsusi təqaüdünə layiq
görülməklə adı
Azərbaycanın gənc
istedadlarının “Qızıl
kitabı”na yazılıb.
2019-cu ildən etibarən
Xalq artisti, professor Zəhra Quliyevanın rəhbərlik etdiyi “Detaşe” qızlar ansamblının konsertmeysteridir.
2022-ci ildən Bakı
Kamera Orkestrində fəaliyyət göstərir.
***
Nərminə İsmayılova 2000-ci ildə Bakıda anadan olub. 2018-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini fortepiano ixtisası
üzrə bitirib, həmin ildən təhsilini BMA-da davam etdirib. Hazırda BMA-nın magistrantıdır.
2013-cü
ildə Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş gənc ifaçıların
II Respublika müsabiqəsində I yerə layiq görülüb. 2015-ci ildə
Qazaxıstanda “Astana piano passion” beynəlxalq müsabiqəsində
diplomla təltif olunub. 2016-cı ildə Estoniyanın Narva şəhərində Şopen
adına XI beynəlxalq
müsabiqədə laureat
adını qazanıb.
Həmin il Polşanın
Torun şəhərində XXIV beynəlxalq Şopen müsabiqəsində diplomla
təltif edilib. 2018-ci
ildə isə Gürcüstanda keçirilən
II “Vaja Çaçava”
adına beynəlxalq müsabiqədə I yerə
layiq görülüb.
Nurəddin
Mədəniyyət.- 2023.- 14 iyun.-
S.1;3.