Milli dövlətçiliyin xilaskarı

 

Bölgələrdə Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilib

 

 

Ağdaş rayon Mədəniyyət Mərkəzi və rayon MKS-nin birgə təşkilatçılığı ilə “Qurtuluşdan Zəfərə” adlı konsert proqramı keçirilib. Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq musiqi məktəbi, Göyçay şəhər Arif Məmmədov adına Uşaq musiqi məktəbinin müəllim və şagirdləri çıxış ediblər.

Zərdab rayon Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Günü münasibətilə konfrans keçirilib. Qeyd olunub ki, Ulu öndər Azərbaycana rəhbərliyə qayıtdıqdan sonra ölkədə sabitliyi təmin edib, Azərbaycanı inkişaf yoluna çıxarıb. Bu gün Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi müstəqilliyimizi möhkəmləndirir, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu artırır. Çıxışlardan sonra mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.

***

Qazax Rayon İcra Hakimiyyəti, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qazax zona filialı və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib. Şair-publisist Məmməd Əfşanın Heydər Əliyevin hakimiyyətə qayıdışı və 1993-cü ilin iyun hadisələrindən bəhs edən kitabı iştirakçılara təqdim edilib. Dahi liderin həyat və siyasi fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Ağstafa rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə gənc könüllülər tərəfindən rəngarəng rəqslər təqdim olunub, mövzu ilə bağlı sərgi nümayiş etdirilib.

Tovuz rayon Düz Qırıqlı kənd Musiqi məktəbində “Milli Qurtuluşdan tarixi Zəfərə” başlıqlı dəyirmi masa keçirilib.

***

Xaçmaz RMİ, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba şöbəsi və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən seminarda Milli Qurtuluş Gününün müstəqilik tariximizdə yerindən söhbət açılıb.

Quba Tarix-Diyarşünaslıq Muzeyi və rayon MKS-nin Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə “Qurtuluşdan Zəfərə” adlı tədbir keçirilib. Qeyd olunub ki, Milli Qurtuluşdan başlanan yolun zirvəsində tarixi Qarabağ Zəfəri dayanıb.

***

Bərdə RMİ-nin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində bayram tədbiri keçirilib. Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən söz açılıb. Tədbir rəngarəng konsertlə davam edib.

Tərtərdə rayon İcra Hakimiyyəti və Bərdə RMİ-nin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə regional idarənin tabeliyindəki şəhər və rayonların incəsənət ustaları konsert proqramı ilə çıxış edib.

***

Masallı RMİ və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli liderin adını daşıyan parkda bayram konserti keçirilib. Tanınmış musiqiçilər, həmçinin rayon mədəniyyət mərkəzi solistlərinin çıxış etdiyi konsertə atəşfəşanlıqla yekun vurulub.

Masallı Dövlət Rəsm Qalereyasının təşkilatçılığı, Masallı “ASAN Xidmət” Mərkəzinin dəstəyi ilə Milli Qurtuluş Günü münasibətilə rayon rəssamlarının əl işlərindən ibarət sərgi keçirilib.

***

Biləsuvar RMİ və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Səmədabad kəndindəki Heydər Əliyev parkında bayram konserti keçirilib. Sonda atəşfəşanlıq olub.

***

Ağcabədi şəhər Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində keçirilən tədbirdə Ümummilli liderin müstəqil Azərbaycanın inkişafında əvəzedilməz rolundan söz açılıb. Çıxışlardan sonra konsert proqramı təqdim olunub.

Ağdam rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edənlər Ümummilli liderin Azərbaycan dövlətçiliyini yox olmaq təhlükəsindən qurtarmasından, Milli Qurtuluş Gününün əhəmiyyətindən bəhs ediblər.

***

Sabirabad RMİ və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı keçirilib. Sabirabad rayon Mədəniyyət Mərkəzi və şəhər Ü.Hacıbəyli adına Uşaq musiqi məktəbinin təqdimatında konsert proqramı təqdim olunub, mərkəzin rəqs dərnəyinin üzvləri rəqs nümunələri ilə çıxış ediblər.

Şirvan şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə Ulu öndərin abidəsi ziyarət edilib, sonra “15 İyun Milli Qurtuluş Günüdür” adlı sənədli film nümayiş olunub.

***

Gəncə şəhər İncəsənət məktəbinin Gülüstan filialında keçirilən tədbirdə şagirdlərdən ibarət xor kollektivi rəngarəng konsert proqramı ilə çıxış edib.

Gəncə şəhər MKS-nin 5 saylı kitabxana filialı və Goranboy Dövlət Rəsm Qalereyası Milli Qurtuluş Gününə həsr olunmuş sərgilər təşkil ediblər.

***

İsmayıllı RMİ və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər müstəqil dövlətimizin qurtuluş tarixindən, Heydər Əliyevin xilaskarlıq missiyasından söhbət açıblar. Rayon Mədəniyyət Mərkəzinin konsert proqramı maraqla qarşılanıb.

***

Lənkəran RMİ-nin tabeliyindəki mədəniyyət müəssisələrində Milli Qurtuluş Günü ilə əlaqədar Ulu öndər Heydər Əliyevin həyat yolu və siyasi fəaliyyəti haqqında filmlər nümayiş etdirilib, konfranslar, eləcə də müxtəlif mədəni-kütləvi tədbirlər təşkil olunub.

***

Daşkəsən rayon Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Məktəblilər müxtəlif rəqs nömrələri ilə çıxış ediblər.

***

Sumqayıt Dövlət Rəsm Qalereyası və “Matris” tədris mərkəzinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr edilmiş Azərbaycan Rəssamlar İttifaqının üzvü, heykəltaraş-rəssam Nuranə Ələkbərova və onun yetirmələrinin əsərlərindən ibarət “Uşaqlar bizim bu günümüz və gələcəyimizdir!” adlı sərgi keçirilib. Sumqayıtın simvolu olan “Göyərçin” abidəsi gənc rəssamlar tərəfindən kətan üzərində çəkilərək kompozisiya formasında lövhədə quraşdırılıb. Sərgidə gənc rəssamların ümumilikdə 90-a yaxın əsəri nümayiş etdirilib.

***

Şəki şəhər MKS-nin 6 və 7 nömrəli kitabxana filiallarının birgə təşkilatçılığı ilə “Milli Qurtuluş və ölkəmizin əldə etdiyi nailiyyətlər” adlı mühazirə keçirilib. Əlamətdar günlə bağlı məruzələr dinlənilib, oxucuların sualları cavablandırılıb.

***

Kürdəmir RMİ və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə konsert proqramı təqdim olunub. Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edilib. Konsertdə bəstəkar və xalq mahnıları, rəqs nümunələri təqdim olunub.

 

N.Məmmədli

Mədəniyyət.- 2023.- 17 iyun.- S.4.