“Dövlətin
memarı...” xalça
kompozisiyası ADA Universitetində
sərgilənib
Xəbər verdiyimiz kimi, müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə “Azərxalça”
ASC tərəfindən “Dövlətin
memarı. Bir ömrün ensiklopediyası”
adlı triptix – xalça kompozisiyası ərsəyə gətirilib.
“Azərxalça” ASC-dən bildirilib ki, iyunun 13-də kompozisiyanın ADA Universitetindəki
məzuniyyət günündə
təqdimatı olub. Heydər Əliyevin hakimiyyətə qayıdışının
30-cu ildönümü – Milli
Qurtuluş Günü
(15 iyun) ərəfəsinə
təsadüf edən
təqdimat zamanı layihə haqqında geniş məlumat verilib. Məzuniyyət günü mərasiminin aparıcıları “Dövlətin
memarı. Bir ömrün ensiklopediyası”
xalçasının ərsəyə
gəlməsindən söz
açıblar.
Xatırladaq ki, layihənin müəllifləri Əməkdar
incəsənət xadimi,
“Azərxalça” ASC-nin
sədri Emin Məmmədov, Əməkdar
rəssam Rəşad
Ələkbərov, icraçılar
isə qurumun yaradıcı komandasıdır.
Triptixin ərsəyə
gəlməsində “Azərxalça”nın İsmayıllı
emalatxanasında çalışan
11 toxucunun əməyi
var.
Üç hissədən
ibarət xatirə xalça kompozisiyasında
Ümummilli liderin əsas həyat fəlsəfəsi, daim diqqətdə saxladığı
məsələlər, maraqları,
önəm verdiyi dəyərlər əksini
tapıb.
İlk hissədə
(1 rəqəmini əks
edən) xalçanın
kompozisiyasını tamamlayan,
onun sərhədlərini
müəyyən edən
xalqın birliyini və əzəmətini təcəssüm etdirən
rəmzlər haşiyə
motividir. Xalça üzərində Heydər
Əliyev və xalq birliyi ifadə
olunub. Bu hissədə Heydər Əliyevin milli musiqiyə olan sevgisi, təhsil, ən sevdiyi gül – zoğalı rəngli qızılgül,
mənəvi zənginlik
hesab etdiyi kitablar, milli mədəniyyətimizin stilizə
olunmuş simvolları
– tar, kaman, qaval, yallı, armudu stəkanda çay, fırça, kino ləvazimatları və s. əksini tapıb.
İkinci xalça
Heydər Əliyev tərəfindən təməli
qoyulmuş Azərbaycan
Silahlı Qüvvələri, “qara qızıl” – Azərbaycan nefti və Ulu öndərin
müəllifi olduğu
“Əsrin müqaviləsi”
kimi mövzuları əhatə edir.
Triptixin sonuncu
və Heydər Əliyevin xətti (cizgili) portreti əks olunmuş əsas hissəsi “Keçmiş və gələcək – düşüncələr
ayrıcında” adlanır.
Burada xoş gələcəyi naminə
fədakarlıqla çalışdığı,
zəngin tarixi və mənəvi dəyərləri ilə
daim fəxr etdiyi doğma xalqının önündə
həmişə cəsarətlə
addımlayan Heydər
Əliyev yüksək
bir zirvədən Azərbaycanın parlaq, aydın və işıqlı gələcəyinə
baxır. Xalçanın
sərhədlərini müəyyən
edən, “birlik, qardaşlıq və güc” rəmzi – əl-ələ tutmuş
qolların həndəsi
naxış elementlərinin
əhatəsində altıguşəli
elementin daxilində Ulu öndərin timsalında “ideal cəmiyyətin simvolu” – ailə görüntüsü
verilib. Bu hissədəki alov, ocaq, quşlar – qoruyucu mələklər,
bitkilər – bolluq və firavanlıq, qızılgül gələcək
nəsillərə qayğı
və dəstək elementi kimi əksini
tapıb.
Qeyd edək ki, triptix xalça kompozisiyası bir neçə gün ADA universiteti ərazisində sərgilənib.
Mədəniyyət.-
2023.- 17 iyun.- S.7.