Almatıda X Türk Dünyası Araşdırmaları
Simpoziumu keçirilib
Qazaxıstanın Almatı şəhərində X
Türk Dünyası Araşdırmaları Simpoziumu
keçirilib. Qazax Dövlət Qızlar Pedaqoji Universitetinin
ev sahibliyində 14-16 iyun tarixlərində keçirilən tədbirdə
ölkəmizdən də alim və
araşdırmaçılar iştirak edib.
Simpoziumun məqsədi dil, ədəbiyyat, tarix, təhsil,
mədəniyyət, incəsənət, informasiya
texnologiyaları, beynəlxalq əlaqələr, regional
problemlər, din, fəlsəfə, turizm, gender problemləri
kimi sahələrdə akademik mövzuların və aktual məsələlərin
müzakirə edilməsidir.
Simpozium müddətində “Kökümüz bir –
türkük” adlı festival da gerçəkləşib.
Festival türk coğrafiyasında tarixi, dili, mədəniyyəti
və kökü bir olan türk xalqlarının bir-biri ilə
əlaqələrinin və əməkdaşlıqlarının
gücləndirilməsinə xidmət edir.
Festivalda ölkəmizi "Turan" muğam qrupu təmsil
edib. Elmi tədbir boyunca xanəndə Murad Kəngərli, tarzən
İlhamiz İsmayılov və Pərviz Fərhadovun təqdim
etdikləri xalq mahnılarımız və muğamlar
iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Musiqiçilərimizin qazax dilində təqdim etdikləri
mahnı isə simpozium iştirakçılarında
böyük maraq doğurub.
Qeyd edək ki, ilk dəfə 2014-cü ildə
Türkiyənin Niğde Universitetinin ev sahibliyi ilə
keçirilən Türk Dünyası Araşdırmaları
Simpoziumu müxtəlif vaxtlarda türk respublikalarında, o
cümlədən Bakıda gerçəkləşib.
Lalə
Mədəniyyət.-
2023.- 17 iyun.- S.3.