“Biz kinoya maddiyyatı düşünmədən,
sevərək gəlmişdik...”
Arif Səfərov: “Təəssüf ki, bəzən
filmin rejissoru da, prodüseri də, icraçı prodüseri
də eyni adam olur”
2023-cü
il Azərbaycan kinosu üçün xüsusilə əlamətdardır.
Azərbaycan kinosunun 125, Cəfər Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasının yaranmasının isə 100 illiyidir.
Yubileylər
ilində ömrünün böyük hissəsini kinostudiyada
keçirmiş, bu sahənin inkişafına töhfə
vermiş insanların xidmətlərini yada salmaq, milli kinomuzun
keçmişinə səyahət etmək istəyirik.
Redaksiyamızın ilk qonağı uzun illər kinostudiyada
film direktoru kimi çalışmış Əməkdar mədəniyyət
işçisi Arif Səfərov oldu.
Arif
müəllim gənc yaşlarından “Azərbaycanfilm”də
işləməyə başlayıb. “Qayınana”,
“İstintaq”, “Qəribə adam”, “Qızıl uçurum”,
“Bağlı qapı”, “Asif, Vasif, Ağasif”, “Musiqi müəllimi”
və s. ekran əsərlərinin film direktoru (icraçı
prodüseri) olub. Ümumilikdə 30-dan artıq filmdə
çalışıb, son dövrlərdə istehsal edilən
ekran əsərlərində də təcrübə və
bacarığını əsirgəməyib.
–
Kinostudiyaya gəlişinizi necə
xatırlayırsınız?
–
Eyyub adlı qonşumuz vardı, kinostudiyada sürücü
işləyirdi. Əsgərlikdən qayıtdıqdan sonra mənə
dedi bəlkə işləmək üçün kinostudiyaya
gələsən. 1969-cu ilin may ayında gəldim. O vaxt
kinostudiyanın direktoru SSRİ Xalq artisti Adil İsgəndərov
idi. İşə götürülən hər bir əməkdaş
ilə görüşüb danışmalı idi. Nəhayət,
10-15 nəfəri seçdilər və Adil müəllimlə
görüşə yazdılar. İlk
görüşümüzü bu günə kimi unutmuram. Gəldik
otağına və ilk sualı bu oldu: içki içirsən?
Dedim hərdən olur. Dedi səndən əvvəl birindən
soruşdum, cavab verdi ki, özüm bilərəm. Adil müəllim
sərt olduğu qədər də mülayim, zarafatı ilə
seçilən insan idi.
Beləcə,
kinostudiyaya işə düzəldim. Sonra Teatr Texnikumuna daxil
olsam da, təhsilimi yarımçıq qoyub
çıxdım. Xalq Təsərrüfatı İnstitutunun
(indiki Azərbaycan Dövlət İqtisad Universiteti)
Plan-iqtisad fakültəsində oxudum. Təhsilimi başa
vurduqdan sonra məni Moskvaya yolladılar. Orada rəhbər və
yaradıcı işçilərin kursunu da bitirib
qayıtdım kinostudiyaya. Artıq kinostudiyaya Cəmil Əlibəyov
rəhbərlik edirdi. Ərizə yazıb məzuniyyətə
çıxmaq istədim. Məni geri
çağırdılar. Gördüm heyət direktorun
otağına toplaşıb, rejissor Tofiq İsmayılov da
buradadır. Ürəyimə damdı ki, toplantı yüz
faiz onun filminə görədir. Elə içəri daxil olan
kimi Cəmil müəllim dedi: “Hə, Arif bala, səni
oxutdurduq, indi artıq işləməlisən. Səni Tofiq
İsmayılovun “Musiqi müəllimi” filminə direktor təyin
edirik”. Razılaşdım. Məndən əvvəl filmə
görə bir neçə direktor dəyişdirilmişdi. Nəhayət,
filmi uğurla başa vurduq. Moskvada səsləndirməyə
təhvil verib qayıdan kimi məni rejissor Rasim
İsmayılovun çəkdiyi “Asif, Vasif, Ağasif” filminə
direktor təyin etdilər.
–
Bildiyim qədər, bunlar sizin
çalışdığınız ilk filmlər deyil...
– Bəli,
sıravi işçi kimi çalışdığım
“Sevil” və “O qızı tapın” filmləri olub.
“Qayınana” filmindən isə direktor müavini kimi
çalışmağa başladım.
– Bəs
o zaman təyinat necə aparılırdı?
–
İlk olaraq işə inzibatçı kimi
başlayırdın. Dörd film işlədikdən sonra
3-cü, sonra 2 və 1-cü kateqoriyaları almalı və bu
kateqoriyalar arasındakı müddətdə 3-4 film işləməli,
baş inzibatçı vəzifəsinə yüksəlməli,
daha sonra direktor müavini və direktor pilləsinə
qalxmalı idin. Mən yüksək kateqoriyalı film direktoru
olmuş mütəxəssisəm və bu kateqoriya Moskvada təsdiqlənirdi.
O vaxt film direktoru olmaq üçün mütləq iqtisadi sahədə
təhsilin olmalı idi.
–
Kinostudiyada film direktorluğu ilə yanaşı, sex rəisi
də olmusunuz...
– Bəli,
o vaxt kinostudiyanın nəqliyyat sexi var idi. İndi Azərbaycan
Dövlət Film Fondunun binasının olduğu yer nəqliyyat
sexinin ərazisi idi. Bir müddət həmin sexin rəisi
işlədim. Sexin 158 maşını vardı. 1983-cü ildə
məni sexə rəis təyin etdilər.
–
Hazırda həmin sex fəaliyyət göstərirmi?
–
Əlbəttə, sex var. Bildiyim qədər, deyəsən,
hazırda istismara yararsız üç maşın var. O vaxt
bizim qaraj nazirliyin qarajından böyük idi. Baş mühəndislər,
mexaniklər və digər əməkdaşlar
çalışırdı.
–
Arif müəllim, ildə neçə film çəkirdiniz?
–
İlə 8 film: 4-ü bədii, 4-ü bədii-televiziya
filmi. Hamısı da dövlət sifarişi əsasında.
Bundan əlavə, keçid filmlər, cizgi filmləri sexi,
“Mozalan”, indi “Salnamə” deyilən, keçmiş sənədli
xronika sexi də vardı. Bu studiyalarda da çoxsaylı filmlərdə
çalışmışam.
– O
zaman əməyinizin müqabilində maddi təminat necə,
qane edirdimi?
– Biz
kinonu sevirdik. Maddi tərəfi düşünmədən gəlmişdik
bu sahəyə. Kinostudiyaya işə düzələndə
67 manat əməkhaqqı alırdım. Elbrus Vahidov, Akif
Rüstəmov da mənimlə eyni vaxtda kinoya gəlmişdilər.
Kinostudiyanın böyük yeməkxanası var idi. Saat 2-yə
beş dəqiqə işləmiş gəlsəydin, yer
tapmaq müşkül olardı. Kinostudiyanın
ştatında 1350 əməkdaş var idi. 1300-ə yaxın
da ştatdankənar işçi. O vaxt aktyor heyəti
ştatda deyildi. Bir müddət sonra aktyor şöbəsi
açıldı.
–
Hansı rejissorlarla işləmisiniz?
–
Əjdər İbrahimov, Eldar Quliyev, Rasim Ocaqov, Şamil Mahmudbəyov,
Kamil Rüstəmbəyov, Həsən Seyidbəyli, Fikrət
Əliyev kimi rejissorlarla çalışmışam. Həm
də onlarla yaxın dost olmuşuq.
– Ulu
öndər Heydər Əliyev Sovet Azərbaycanına rəhbərliyi
dövründə də mədəniyyətimizə, həmçinin
kino sahəsinə qayğı göstərib. Bununla
bağlı xatirinizdə qalanlardan
danışardınız...
–
Əjdər İbrahimov “Qəribə adam” filmini (1978) çəkirdi.
Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə Nazim
Hikmətin əsərinin motivləri əsasında lentə
alınırdı. Çəkilişlə bağlı bizə
xarici markalı avtomobil lazım idi. Dövlət Avtomobil
Müfəttişliyinin tabeliyində sarı rəngdə iki
“Mercedes” markalı avtomobil vardı. Məktub yazıb həmin
maşınları istədik, bir də filmdə çəkilmək
üçün Moskvadan gələcək aktyorlara məşhur
istirahət mərkəzində yer ayrılmasını
xahiş etdik. Lakin hər iki xahişimizə müsbət
cavab almadıq. Mən Əjdər müəllimə bu barədə
məlumat verəndə o, direktorun otağına gəlib
dövlət telefonu ilə Birinci katib Heydər Əliyevin
köməkçisinə zəng etdi. Sonra dəstəyi Heydər
Əliyev özü götürdü. Filmin çəkilişinə
lazım olan bütün məsələlərin həll
olunmasına göstəriş verdi. O, mədəniyyətə,
kinoya böyük qayğı ilə yanaşırdı.
“Sevinc buxtası” filminin çəkilişi zamanı da
böyük dəstək olmuşdu. Həmin filmə Dövlət
mükafatı da verildi.
– Bu
il 100 yaşı tamam olan “Azərbaycanfilm” kinostudiyasında 54
il işləmisiniz...
– Bəli,
kinostudiyanın çağlayan, insanların şövqlə
işə gəldiyi vaxtlarında
çalışmışam. İlin axırı gələndə
laboratoriyalar 24 saat işləyirdi ki, filmlər təhvil
verilsin. İstehsalat, çəkilişə hazırlıq
şöbələrinin rəisi olmuşam. Nəqliyyat sexində
işlədiyim 7 il müddətdə 5 dəfə keçici
“Qırmızı bayraq” aldıq. 100 yaşlı
kinostudiyamızın çox zəngin keçmişi var. Onu
da qeyd edim ki, mən bir müddət telestudiyanın nəqliyyat
sexində də rəis kimi çalışmışam.
Teleradionun rəhbəri olan Elşad Quliyev kinostudiyaya məktubla
müraciət edib məni şirkətə apardı. Orada da
böyük həvəslə çalışdım. Ramiz Fətəliyev
kinostudiyaya direktor təyin edildikdən sonra məni geriyə
çağırdılar. 90-cı illərin əvvəllərindən
“Pəncərə”, “Yarasa”, “Girov” və s. filmlərin direktoru
oldum. Onda artıq film direktoruna “icraçı prodüser”
deyilirdi.
– Bu
gün film direktorunun işini necə təsvir edə bilərsiniz?
– Təəssüf
ki, bu gün maliyyə çatışmazlığından
filmin rejissoru da, prodüseri də, xətt rejissoru da,
icraçı prodüseri də bəzən eyni adam olur.
Halbuki bu addım mərhələli şəkildə
olmalıdır. Müasir dövrdə bu sahələr üzrə
yetişmək prosesi tamamilə dəyişilib. Mən film
direktoru olana qədər bütün mərhələləri
keçmişdim.
–
Hazırda təqaüddəsiniz, amma yenə də ara-sıra
filmlərdə çalışırsınız...
– Ömrünü
kino sahəsinə həsr edən bir insanın onun cazibəsindən
çıxması asan deyil. Son illərdə “Olimpiya”, “Məryəm”
və “Üçüncü günün adamı” filmlərində
işləmişəm.
–
Kinematoqraflarımıza həsr olunan tədbirlərdə
iştirak etsəniz də, demək olar ki,
çıxış etmir, xatirələrinizi
bölüşmürsünüz...
–
Düzü, danışmağı elə də sevmirəm.
Kino tariximizdə bir neçə nəfər olub ki, “SSRİ
kinematoqrafiya əlaçısı” adına layiq
görülüb. Təvazökarlıqdan uzaq olsa da, deyim ki,
onlardan biri də mənəm. İşdən heç vaxt
çəkinməmişəm, kinonu sevmişəm. Dəfələrlə
başqa yerlərdən daha sərfəli iş təklifləri
alsam da, heç vaxt kinodan getməmişəm.
–
Yubiley ilində kinomuzla bağlı nə deyərdiniz?
–
Film sənayemizin inkişaf etməsini arzulayıram. Bir də
uzun illər çalışdığım,
dünyasını dəyişmiş görkəmli kino xadimlərinin
xatirəsini ehtiramla anıram.
Söhbətləşdi:
Lalə Azəri
Mədəniyyət.-
2023.- 17 iyun.- S.6.