İsti yayın sərin notları
Piano festivalı müxtəlif ölkələrdən
ifaçıları bir
araya gətirib
Musiqinin bütün
janrlarının təbliği
və populyarlaşmasında
müxtəlif miqyaslı
festivalların xüsusi
rolu var. Heydər Əliyev Fondunun dəstəyi ilə artıq ikinci dəfə keçirilən Bakı Beynəlxalq Piano Festivalı da bu sıraya öz adını yazıb.
İsti yay
günlərində klassik
musiqidən caz musiqisinədək bir çox janrlarda virtuoz ifaçılıq
nümayiş etdirən
tanınmış pianoçular
Bakıda bir araya gəliblər. İyunun 15-də Heydər
Əliyev Mərkəzində
möhtəşəm konsertlə
açılışını edən musiqi bayramı iyunun 29-dək davam edəcək.
Mərkəzin nümayəndəsi Rəna
Məmmədova qonaqları
salamlayaraq ölkəmizdə
uzun illərdir Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, Beynəlxalq Muğam Festivalı, Bakı Caz Festivalı,
Şəki “İpək
Yolu” Beynəlxalq Musiqi Festivalı, Qəbələ Beynəlxalq
Musiqi Festivalı kimi layihələrin həyata keçirildiyini dedi. Bildirdi ki, Heydər Əliyev Mərkəzi də bu qəbildən
bir çox konsertlərə ev sahibliyi edib. Məqsədimiz həm milli musiqinin, həm də dünya musiqisinin təbliğinə töhfə
verməkdir.
Əməkdar artist, tanınmış caz pianoçusu Şahin Növrəsli Bakı Beynəlxalq Piano Festivalının təsisçisi kimi layihəni artıq ikinci dəfə təşkil etməkdən
məmnunluğunu dilə
gətirdi. Festivalın
ərsəyə gəlməsində
verdiyi dəstəyə
görə Heydər Əliyev Fonduna və əsas sponsor olan “Pasha
Holding”ə təşəkkürünü bildirən ifaçı cazsevərlər, klassik musiqi həvəskarları
üçün maraqlı
proqram tərtib etdiklərini dedi.
İlk konsertin
iştirakçısı olan
məşhur pianoçu
Elen Mersye Bakıda gözəl insanların əhatəsində
olduğunu və bundan məmnunluğunu dilə gətirdi. Şahin Növrəsli vasitəsilə xalqımızın
musiqi inciləri ilə tanış olduğunu deyən qonaq tədbirin ideya müəllifi və dəstəkçilərinə
təşəkkürünü bildirdi.
15 iyuna – Milli
Qurtuluş Gününə
təsadüf edən
açılışda Ümummilli
lider Heydər Əliyevin mədəniyyətimizə,
incəsənətimizə, musiqi xadimlərinə diqqət və qayğısından da söz açıldı.
Rəsmi
hissədən sonra festivalın ilk konsert proqramı təqdim edildi.
Dinləyicilər öncə Üzeyir
Hacıbəyli adına
Azərbaycan Dövlət
Simfonik Orkestrinin ifasında Qara Qarayevin “Yeddi gözəl” baletindən valsı alqışladılar.
Ardınca orkestrin müşayiəti ilə
Elen Mersye və Şahin Növrəslinin ifasında
Amerika bəstəkarı Corc
Gerşvinin bir əsr yaşı olan məşhur sintez musiqi əsəri
– “Mavi rapsodiya”sı
səsləndi.
Onu da qeyd edək ki, Ş.Növrəsli bu əsəri iki royal üçün hazırlamağa və ona caz-triosu əlavə etməyə
nail olub. Enerji dolu çoxçalarlı
dolğun musiqi iki istedadlı pianoçunun ifası və orkestrin peşəkar müşayiətində
yüksək səviyyədə
təqdim olundu və ifaçılarına
sürəkli tamaşaçı
alqışı qazandırdı.
Festivalın növbəti iki
günü etno musiqi axşamı və rəqs nümayişləri ilə
keçib.
İyunun
16-da Səidə Tağızadənin
tanqo və İlham Osmanovun rəqs studiyasının təqdimatında
tanqo axşamı olub. İyunun 17-də
isə avstriyalı ifaçı David Sıxın
triosunun təqdimatında
caz konserti verilib. Hər iki konsert “Landmark
Hotel Baku”da reallaşıb.
Məlumat üçün
deyək ki, bu il festivalda
ölkəmizlə yanaşı,
Fransa, İspaniya, Braziliya, Avstriya, Türkiyə, Kanada, Latviya, Macarıstan, Norveç və Almaniyadan da musiqiçilər iştirak
edir.
Sənətsevərlər iki həftə ərzində paytaxtın müxtəlif musiqi salonlarında konsertləri
izləyə biləcəklər.
Konsertlərdə klassik
və caz musiqiləri ilə yanaşı, fərqli üslublarda – flamenko, tanqo və s. musiqilər də ifa olunacaq. Bir
sözlə, festival günlərində canlı
musiqi sədaları Bakının yay axşamlarına özünəməxsus
bir ovqat bəxş edəcək.
Festival çərçivəsində bir sıra interaktiv
ustad dərsləri də təşkil olunacaq.
Həmidə
Mədəniyyət.- 2023.- 17 iyun.- S.1;.3.