“Qurtuluşdan
Zəfərə”
Şuşada Azərbaycan-Türkiyə
konfransı keçirilib
İyunun 15-də Şuşa şəhərində
“Heydər Əliyev İli” çərçivəsində
Yeni Azərbaycan Partiyasının (YAP) və
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının
(AKP) birgə təşkilatçılığı
ilə Milli Qurtuluş Gününə
və Şuşa Bəyannaməsinin imzalanmasının
ikinci ildönümünə
həsr olunmuş “Qurtuluşdan Zəfərə”
adlı konfrans keçirilib.
Tədbirdə iki ölkənin dövlət himnləri səslənib. Ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin
xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra “Qurtuluşdan
Zəfərə” adlı
film nümayiş etdirilib.
Konfransda çıxış
edən YAP sədrinin
müavini – Mərkəzi
Aparatın rəhbəri
Tahir Budaqov bildirib ki, 2023-cü il bir millətin
iki dövləti olan Azərbaycan və Türkiyə üçün olduqca əlamətdardır. 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Eyni zamanda
bu il Türkiyə
Cümhuriyyətinin yaradılmasının
100-cü ildönümüdür.
Heydər Əliyevin
Azərbaycan xalqı qarşısında müstəsna
xidmətlərindən söz
açan Tahir Budaqov vurğulayıb ki, Ümummilli liderin müstəqillik illərində ölkəmizə
rəhbərlik etdiyi
1993-2003-cü illər Azərbaycanı
Qurtuluşdan tərəqqiyə
aparan möhtəşəm
dövr kimi tarixə əbədi həkk olunub.
Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin
2020-ci ilin 44 günlük
Vətən müharibəsi
zamanı ən yüksək səviyyədə
dünyaya nümayiş
olunduğunu deyən Tahir Budaqov əlavə
edib ki, iki il əvvəl
– 15 iyun 2021-ci il tarixində Şuşa Bəyannaməsinin imzalanması
ilə münasibətlər
rəsmən müttəfiqlik
səviyyəsinə yüksəlib.
Prezident İlham Əliyevin vurğuladığı
kimi, “Türkiyə-Azərbaycan
artıq bir yumruqdur, bir ürəkdir, bir candır”.
AKP sədrinin birinci müavini, Türk Dövlətləri
Təşkilatı Ağsaqqallar
Şurasının sədri
Binəli Yıldırım
Şuşada 15 İyun
– Milli Qurtuluş Gününü və Şuşa Bəyannaməsinin
imzalanmasının ikinci
ildönümündə belə
bir tədbirdə iştirak etməkdən qürur duyduğunu deyib: “Türkiyə-Azərbaycan
dostluğu və qardaşlığı zaman
keçdikcə daha da dərinləşir. Şuşa Bəyannaməsinin
imzalanması ilə Azərbaycanla Türkiyə
arasında münasibətlər
strateji müttəfiqlik
səviyyəsinə yüksəlib.
44 günlük Vətən
müharibəsində qazanılan
Zəfərdən sonra
Qarabağın yenidən
qurulmasında Türkiyənin
yaxından iştirak etməsindən məmnunluq
duyuruq”.
Heydər Əliyevin
Türkiyə-Azərbaycan qardaşlığında
tarixi rolundan bəhs edən Binəli Yıldırım
qeyd edib ki, onun Azərbaycanda
reallaşdırdığı neft strategiyası, Bakı-Tbilisi-Ceyhan neft kəməri və digər layihələr bugünkü Azərbaycan-Türkiyə strateji tərəfdaşlığına mühüm təməl olub.
Türk Dövlətləri
Təşkilatının fəaliyyətindən
də bəhs edən məruzəçi
qeyd edib ki, İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə türkdilli dövlətlər
arasında əlaqələr
daha da möhkəmlənəcək:
“Bizim məqsədimiz
aydındır. Hədəfimiz
bölgədə rifahı
və hüzuru artırmaq, sülh və sabitliyə nail olmaqdır. TDT hansısa ölkəni təhdid edən təşkilat deyil, amma bizə qarşı hər hansı haqsızlıq olarsa, cavab verməyə
hazırıq”.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi
Aydın Kərimov “Türk dünyasının
mədəniyyət paytaxtı”
missiyasını Türkiyənin
Bursa şəhərindən
təhvil alan Şuşada keçirilən
və nəzərdə
tutulan tədbirlərdən,
şəhərdəki bərpa
və yenidənqurma işlərindən bəhs
edib.
Qeyd edib
ki, Şuşa işğaldan azad olunduqdan dərhal sonra beynəlxalq müstəvidə dostluq və tərəfdaşlıq
münasibətlərinin qurulması
istiqamətində mühüm
addımlar atılıb.
Ötən müddətdə
müxtəlif ölkələrin
9 şəhəri ilə
qardaşlaşma və
tərəfdaşlığa dair protokol imzalanmışdır
ki, bunlardan ikisi Türkiyənin Ərzurum və Kayseri şəhərləridir.
Həmçinin Qazaxıstanın
Türküstan, Özbəkistanın
isə Xivə şəhərləri ilə
qardaşlıq münasibətləri
qurulub. Türk Dövlətləri Təşkilatına
müşahidəçi qismində
qoşulan Macarıstanın
Vesprem şəhəri
də Şuşa ilə əməkdaşlıq
əlaqələri quran
şəhərlər sırasındadır.
Konfransda daha
sonra AKP sədrinin xarici əlaqələr üzrə müavini, Türkiyə Böyük
Millət Məclisinin
(TBMM) üzvü Efkan
Ala, Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası
əlaqələr üzrə
işçi qrupunun üzvü Ramil Həsən, TBMM-də Türkiyə-Azərbaycan parlamentlərarası
dostluq qrupunun rəhbəri Şamil Ayrım çıxış
ediblər.
Konfrans
panel iclasla davam edib. İştirakçılar
Şuşa şəhərində
aparılan tikinti-quruculuq
işləri ilə tanış olub, Yuxarı Gövhər ağa məscidi və Saatlı məscidini ziyarət edib, “Heydər Əliyev və Qarabağ” fotosərgisinə
və XIX əsrin ensiklopedist alimi Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunmuş sərgiyə baxış keçiriblər.
Mədəniyyət.-
2023.- 17 iyun.- S.3.