Paytaxt kuklaçıları
Şabranda və Qubada tamaşa göstəriblər
Mədəniyyət Nazirliyinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan
peşəkar milli teatrının yaranmasının
150 illiyi münasibətilə
həyata keçirdiyi
silsilə tədbirlər
çərçivəsində Azərbaycan Dövlət Kukla Teatrının kollektivi iyunun 21-də Şabran və Quba rayonlarına səfər edib.
Teatr hər
iki rayonun mədəniyyət mərkəzlərində
repertuarındakı baxımlı
səhnə nümunələrindən
olan “Gözəl və Bədheybət” tamaşasını təqdim
edib. Madam Leprens De Bomonun məşhur əsəri əsasında hazırlanan
eyniadlı səhnə
işinin quruluşçu
rejissoru Anar Məmmədov, quruluşçu
rəssamı İqbal
Əliyev, bəstəkarı
Cahangir Zülfüqarovdur.
Rolları Elnur Abbasquliyev, Səriyyə Mansurova, Rəhim Rəhimov, Aygül Ağayeva, Araz Həsənli, Cavid İbrahimov və Könül Nəsibova ifa edirlər.
Birhissəli uşaq tamaşasında fərqli texnikalarda hazırlanmış kuklalardan,
eləcə də canlı planda kukla oyunu sintezindən
istifadə olunur. Musiqi və xoreoqrafik elementlərlə
zəngin səhnə
əsərində bir
qızın timsalında
xoş rəftar və daxili gözəlliyin bütün
maneələri aşması
nümayiş etdirilir.
Bu nümunə vasitəsilə uşaqlara
zahiri gözəlliklə
yanaşı, səbir
və ədalət hissinin də hər məqamda ən yaxın yol yoldaşı olduğu göstərilir.
Hər iki
rayonda reallaşan nümayiş yerli sənətsevərlər, xüsusən
də balaca tamaşaçılar tərəfindən
böyük maraqla qarşılanıb. Quba sakinləri uşaqlarda teatra maraq yaratmaq
üçün belə
nümayişlərin mütəmadi
olmasını arzu ediblər.
Diqqət və marağa görə təşəkkür edən Azərbaycan Dövlət Kukla Teatrının direktoru Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə müxtəlif layihələr, sosial-mədəni aksiyalar çərçivəsində bölgələrdə mütəmadi olduqlarını, yeni mövsümdən həyata keçiriləcək ölkədaxili qastrollar siyahısına Qubanın da daxil ediləcəyini deyib.
Mədəniyyət.- 2023.- 23 iyun.- S.4.