“Rənglər
mənim həyatımdır...”
Bəzən şair rəssam olub rənglərin “dilindən” anlamağı
arzulayır. Rəssam
da sözlərin sirrini aça bilməyin eşqi ilə yaşayır. Deməli, hər iki məqamda sirrin açılmasından
söhbət gedir: sözlərin və rənglərin.
“Mədəniyyətə könül verənlər”
rubrikasında bu dəfə rənglərin
sirrini açmağa çalışanlardan ağdaşlı
rəssam Məlahət
İsmayıl haqqında
bəhs edəcəyik.
O, məktəbli yaşlarından rəssamlığa
maraq göstərib. Bir ara fransız
dili müəllimi olmaq arzusu ilə
yaşayıb. Ancaq memar olan atasının
yaradıcılığı sənət, peşə yönünü dəyişdirib:
“Atam memar idi, qrafika janrında
əsərlər də
çəkirdi. Bir gün məktəbdən
qayıtmışdım. Həyətimizdə
təmir işləri
gedirdi. Yeşiklərin
birində vaxtilə çəkilib yığılmış
kiçikölçülü rəsmlər gördüm.
Anamdan bunları kimin çəkdiyini soruşdum. Atamın əl işləri olduğunu dedi. Rəsmlərə dönə-dönə
baxdım. Artıq qərarımı vermişdim.
Axşam atam işdən evə gələndə ona böyüyəndə rəssam
olacağımı dedim...”.
Məlahət İsmayıl 1979-cu il dekabrın 31-də Ağdaş
şəhərində anadan
olub. M.İsayev adına şəhər tam orta məktəbinin
9-cu sinfini bitirib. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq
Məktəbində (indiki
Azərbaycan Rəssamlıq
Akademiyası nəzdində
İncəsənət Kolleci)
və Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində təhsil
alıb. Rəssamlar İttifaqının üzvüdür.
Hazırda Ağdaş
rayon Mədəniyyət
Mərkəzində rəssam
kimi fəaliyyət göstərir.
Uşaq vaxtı
çəkdiyi ilk rəsmi, daha doğrusu, atasının diplom işini necə korlamasını indi təbəssümlə
xatırlayır: “Atam
Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) bitirib. Həmin gün gecədən keçənədək
diplom işi üzərində çalışırdı.
Səhərə yaxın
atamı yuxu aparmışdı, mən
də stolun üstündəki qələmi
götürüb layihənin
üzərinə ana,
ata və uşaq şəklini çəkdim... Özümdə
rəssamlıq qabiliyyəti
görəndən sonra
ilk ciddi əl işim isə 20 Yanvar şəhidi Müşfiq
İsayevin portreti olub. Yağlı boya ilə çəkdiyim
həmin əsəri şəhidin adını
daşıyan və mənim təhsil aldığım məktəbə
hədiyyə etmişəm”.
Məlahət xanım rənglərlə
işləməyi sevir:
“Çünki rənglər
mənim həyatımdır.
Əsərlərimdə qırmızı
və göy rənglər üstünlük
təşkil edir. Şəxsi həyatımda
da qırmızı və göy rəngdən çox istifadə edirəm. İnanmıram ki, vaxt keçdikdə həmin rəngləri dəyişə biləm”.
Bakıda təşkil
olunan sərgi və müsabiqələrdə
tez-tez iştirak etdiyini söyləyən rəssamın 18 yaşında
ilk fərdi sərgisi keçirilib: “Ağdaş Rayon İcra Hakimiyyəti tərəfindən təşkil
olunan ilk sərgim “Qadın dünyası” adlanırdı.
Sonrakı illərdə
də fərdi sərgim təşkil edilib. 2005-ci ildə Ağdaşda 5-ci sərgim
açılmışdı. Həmin vaxt Prezident İlham Əliyev və ailəsi də rayonda səfərdə idi. Dövlət başçısı açıq
havada keçirilən
sərgimə baxdı.
“Ağdaşın mənzərəsi”
adlı əsərimi
birinci xanım Mehriban Əliyevaya hədiyyə elədim”.
Vətən müharibəsindəki şanlı
Zəfərimiz Məlahət
xanımın yaradıcılığında
yeni üfüqlər
açıb. O, şəhid
qəhrəmanlarımızın portretlərini çəkməyə
başlayıb. Bu günədək 530-a yaxın
şəhidin portretini
çəkib. Bundan sonra da şəhidlərimizin
portretlərini hazırlayıb
ailələrinə hədiyyə
edəcəyini bildirir:
“2022-ci il mayın 7-də
Ağdaş rayon Heydər Əliyev Mərkəzində fərdi
sərgim təşkil
edildi. Şəhid ailələri və yaxınları, rayon nümayəndəliyinin iştirak
etdiyi sərgidə şəhidlərimizə həsr
olunan rəsmlər, həmçinin 250-dən çox
şəhidin portreti nümayiş etdirildi. 10 gün açıq olan sərgini rayon məktəbliləri,
yerli sakinlər, digər rayonlardan da insanlar ziyarət
etdilər. Sərgi bitdikdən sonra həmin portretləri şəhidlərin ailələrinə
bağışladım”.
Yaradıcılığında
tanınmış fırça
ustası mərhum Yavuz Kərimovu örnək götürən
rəssam fəaliyyət
göstərdiyi dərnəkdə
uşaqlara da sənətin sirlərini həvəslə öyrədir.
Məlahət İsmayılın əsərləri
Fransa, ABŞ, Almaniya,
Rusiya, İran, İsrail
və başqa ölkələrdə şəxsi
kolleksiyalarda saxlanılır.
Yaxın zamanlarda Bolqarıstan, Türkiyə,
Fransa və İtaliyada beynəlxalq sərgi və simpoziumlara qatılacağını
deyir. Biz də ona sənət
yolunda uğurlar arzulayırıq.
Nurəddin
Mədəniyyət.-
2023.- 23 iyun.- S.7.