“Tamaşanın
quruluşundakı xırdalıqlar
bilinsə, səhnənin
sehri qalmaz...”
“Azərbaycanda
istedad qıtlığı
yoxdur, sadəcə, onlara diqqəti artırmaq lazımdır...”
Müsahibimiz “Teatr insanın nə demək olduğunu anlamağa kömək edən universal bir mədəniyyət
hadisəsidir” deyən
rejissor və pedaqoq, ölkəmizdə
ilk interaktiv dOM teatrının yaradıcısı, Azərbaycan
Teatr Xadimləri İttifaqının “Eksperimental
teatr” laboratoriyasının
rəhbəri Tərlan
Rəsulovdur.
Onunla Bakı
Kitab Mərkəzində
Maqsud İbrahimbəyova
həsr edilmiş “Maqsud əbədidir” kitabının təqdimatında
görüşüb həmsöhbət
olduq. Həmin gün rejissorun səhnələşdirdiyi “Bağçada
rahat yer” adlı eksperimental interaktiv tamaşa da göstərildi.
Ümumiyyətlə, son aylar Tərlan
Rəsulov üçün
məhsuldar olub. Rejissor Macarıstanın paytaxtı Budapeştdə
keçirilən Teatr
Olimpiadasında iştirak
edib, Moskvada Peredelkino Yaradıcılıq
Evində yaşayıb
işləmək hüququ
əldə edib. Söhbətimizə rejissorun
Budapeşt səfərindən
başladıq.
– Səfəriniz necə keçdi və Macarıstanın teatr mühiti ilə yaradıcılıq
əlaqələri gözlənilirmi?
– Budapeştdə təşkil olunan Teatr Olimpiadası beynəlxalq idman olimpiadası kimi dörd ildən bir keçirilir. Bu, müxtəlif ölkələrdən teatr
sahəsində çalışan
peşəkarların görüş
keçirməsini, problemlərin
müzakirəsini və
təcrübə bölüşməsini
təmin edən bir platformadır. Tərəfdaşlığa zəmin
yaradan belə görüşlər həm
də bizim peşənin vacib hissəsi, gələcək
beynəlxalq layihələrin
təməlidir. Builki
olimpiadanın proqramı
çox zəngin idi. Pandemiyadan sonra ilk dəfə
keçirilən bu tədbirin miqyasını
təsəvvür edin:
58 ölkədən ümumilikdə
400 teatr kollektivinin təqdim etdiyi 750 tamaşa. Həm də tədbirlər təkcə paytaxtla məhdudlaşmırdı, tamaşalar
Macarıstanın bir çox teatrlarında nümayiş olunurdu. Bu, demək olar ki, ölkənin
teatr cameəsini hərəkətə gətirmişdi.
Hazırda ölkəmizdə
də bu lazımdır. Bizim teatr mühitimiz xarici mütəxəssislər
üçün naməlum
bir adadır. Artıq bütün dünyaya açılmaq lazımdır. Teatrlarımıza,
yaxşı mənada,
bir çalxalanma lazımdır. Məşhur
teatrşünasımız İlham Rəhimlinin qeyd etdiyi kimi,
teatr mütləq surətdə öz zamanını qabaqlamalıdır.
Bizim teatr sahəsində dünyaya təqdim etməyə layiq çox böyük potensialımız,
bu və digər layihələri həyata keçirmək üçün yüksək
səviyyəli mütəxəssislərimiz
var.
– Bu yaxınlarda
Peredelkino Yaradıcılıq
Evində də olmusunuz...
– Bir vaxtlar
sovet yazıçılarının
yaradıcılıq şəhərciyi
olmuş Peredelkino ruhsal bir məkandır.
Oradakı mühitdə
təbiət, təmiz
hava, şam ağacları insanı boş oturmağa deyil, yazıb-yaratmağa,
yeni ideyalar tapmaq və həyata keçirməyə
həvəs yaranır.
Peredelkino rezidensiyasında
olimpiada təcrübəsini
mənimsəmək, Azərbaycan
Teatr Xadimləri İttifaqında “Eksperimental
teatr” laboratoriyasında
və Mədəniyyət
və İncəsənət
Universitetindəki tələbələrim
üçün materiallar
hazırlamaqdan savayı,
mən yeni tamaşanın onlayn məşqini də keçirirdim. Bundan başqa, Moskvada diaspor və səfirliyimizin nümayəndələri,
yerli teatr ictimaiyyətinin təmsilçiləri
ilə görüşürdüm.
Birlikdə bir neçə müştərək
layihə üçün
imkanları nəzərdən
keçirdik.
– Bir qədər
də “Bağçada
rahat yer” tamaşasından danışaq.
Yozumunuz, yanaşmanız
maraq doğurdu...
– Bəli, deyirlər
tamaşada maraqlı yozum, xüsusi yanaşma var, lakin mən inanmıram. Hətta ətrafda hamı razı qalsa da, özüm narazı oluram. Bu tamaşa bütün komandamız üçün xüsusi
əhəmiyyət daşıyırdı.
Axı Maqsud İbrahimbəyov kimi görkəmli müəllifin
mətni ilə onun adını daşıyan məkanda həyat yoldaşı və ilham pərisi
olan Anna xanımın diqqəti altında başqa cür ola da
bilməzdi. Tamaşa əvvəldən açıq
hava altında nümayiş edilmək üçün planlaşdırılmışdı,
sonra məkanlar dəyişdirildi, sanki Maqsud İbrahimbəyovun üç hekayəsinin əsasında dramaturq İsmayıl İmanın
səhnələşdirdiyi əsərin qəhrəmanları
köhnə və yeni Bakının hər tərəfini gəzmək və öz yerlərini tapmaq istəyirdilər. Belə bir məkan
Heydər Əliyev Mərkəzi oldu. İlk nümayişdəki
geniş məkan növbəti tamaşada yığcam bir yerə – Bakı Kitab Mərkəzinə dəyişdi. Nəticədə
iki müxtəlif tamaşa alındı. Mizanlar müxtəlif idi, amma eyni
harmoniya alındı.
Musiqi və sözlərin, yeni hisslərin və xatirələrin, xəyal
və həqiqətlərin,
hər bir insanın və bütöv bir ölkənin yaddaşının
harmoniyası... “Ölü
teatrın hüceyrələri”nə
qalib gəlməyə
çalışan, aktyorları
təkrarlanmağa imkan
verməyən, bir dəfə aşkarlanan emosiyanı avtomatik olaraq dəfələrlə
işlətməyə qoymayan
interaktiv teatrda hər bir tamaşa
seyrçilər üçün
fövqəladə və
təkrarolunmaz təcrübəyə
çevrilir. Bu tamaşa ənənəvi
tamaşadan uzaq idi, çünki mənim üçün ən vacib məsələ
o idi ki, aktyorlar tamaşa oynamasınlar. Sözsüz
ki, aktyorlar yüksək səviyyəli
peşəkardırlar, amma
onların qarşısında
başqa məqsəd
qoyulmuşdu. Tamaşadan
sonra səslənən
alqış və fikirlərdən məqsədimizə
nail olduğumuz aydınlaşdı.
– “Xüsusi yanaşma”
vurğunuzun əsasında
nə dayanır? Bu, aktyorların seçiminə də aiddirmi?
– Aşpazlar arasında belə bir zarafat var
ki, restorana gələn qonaqlar xörəklərin nə
cür hazırlanmasını
bilməsələr yaxşıdır.
Teatrda da həmçinin. Tamaşa
quruluşunun xırdalıqları
bilinməsə yaxşıdır.
Bu, səhnənin sehrini öldürə bilər. Kulislər də tamaşaçılardan
həmin ünsürləri
gizlətmək üçündür.
Bu tamaşada isə başqa cürdür, səhnə
yoxdur, hər şey açıqdır,
şəffafdır. Təkcə
bir skamya və royal. Yalnız sözlər, musiqi və sükunət. Sükunətin
də öz səsi var. Bir sözlə, tamaşanın bütün
“inqrediyentləri” göz
qabağındadır, gizli
heç nə yoxdur. Bu bariz
elementlərdən həmin
sehr peyda olur, bir növ
xatirələr bağının
gerçəkliyi formalaşır.
Burada Maqsud İbrahimbəyovun xatirələri
seyrçilərin öz
yaddaş tarixçələri
ilə üzvi bağlılıq yaradır.
Biz quruluş zamanı elə bir temp və
tonallıq tapmağa çalışırdıq ki,
tamaşaçı təkcə
baş verənləri
izləmək deyil, həm də öz-özü ilə təklikdə qalmaq imkanı əldə edə bilsin. Bu, bir növ
ictimai yerdə tənhalıq təcrübəsidir
və özündə
daxili dayaq yaratmağa xidmət edir. Hər bir kəsin öz dayağı olur. İbrahimbəyovun yaradıcılığında əsas motivlərdən biri də budur.
Ona görə də onun əsərləri
həmişə müasirdir.
Təklif olunmuş vəziyyət dəyişir,
lakin insanlıq dəyişməz qalır.
Çox vacib məqamlardan biri də odur ki,
yaradıcı komandamız,
aktyorlar – Mələk
Abbaszadə, Elşən
Rüstəmov və debütant-aktyor, istedadlı
pianoçu Şahin Növrəsli eyni dalğada idik. Mənim üçün hər bir müsahibə
həm də təşəkkür bildirmək
imkanıdır. Bütün
komandaya və seyrçilərə bu tamaşanın nəfəsinə
görə təşəkkür
edirəm. Bakıda indi çox istidir, biz isə
birlikdə hamını
rahat nəfəs alıb dincələ biləcəyi “Bağçada
rahat yer”i
yarada bildik.
– Qarşıda yeni layihələriniz varmı?
– Nəyisə gözləmək düzgün
deyil, bu gözlənti heç nə ilə nəticələnə bilər.
Amma gözləmək
bizim sənətin bir hissəsidir. Hərdən heç kimə lazım olmamaq hissi peyda
olur, lakin teatrda səhnə maşinistindən tutmuş
direktorluğa qədər
bütün yaradıcı
və texniki sahələrdə əldə
etdiyim təcrübə
mənə bu zamanı səmərəli
keçirməyi öyrədib.
Amma ətrafımızda
istedadlı insanlar var və onların
əsərləri tez
bir zamanda səhnə təcəssümünü
tapmalıdır. Ülviyyə
Heydərova, Sevinc Çılğın, Mina
Abbasova, İsmayıl
İman, Jalə İsmayıl və digərlərində çoxlu
ideya var, amma bu ideyaları
realizə etmək üçün həddən
artıq enerji sərf etməli olurlar. Azərbaycanda istedad qıtlığı
yoxdur, sadəcə, onlara diqqəti artırmaq lazımdır.
Teatr fenomenal sənət növüdür,
insanın formalaşmasında
və transformasiyasındakı
rolu əvəzolunmazdır,
millətin yaradıcı
potensialını nümayiş
etdirmək üçün
qüvvətli vasitədir.
Bunu Ümummilli lider Heydər Əliyev dəfələrlə
qeyd etmişdi. Böyük dövlət xadiminin 100 illiyi ilə peşəkar teatrımızın 150 illiyinin
birgə qeyd edildiyi ildə bu müdrik fikirlərin prosesləri hərəkətə gətirəcəyinə
ümid bəsləyirəm.
Əlbəttə ki, yeni layihələr
olacaq və bəziləri ilə bağlı müəyyən
işlər görülür.
Amma istərdim ki, mədəniyyət sahəsinə çəkilən
xərclərin gələcəyə
qoyulan sərmayə olduğunu hamı anlasın.
Lalə Azəri
Mədəniyyət.-
2023.- 23 iyun.- S.7.