Azərbaycan muğamı və hind musiqisinin sintezi
Musiqi festivalında
“Muraaqam” layihəsi təqdim edilib
“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində
növbəti konsert proqramı iyunun 20-də M.Maqomayev adına
Azərbaycan Dövlət
Akademik Filarmoniyasının
Kamera və Orqan Musiqisi Zalında təşkil olunub.
“Muraaqam” adlı konsertdə Xalq artisti, xanəndə Səkinə İsmayılova
və Hindistandan klassik
musiqi ifaçısı
Vasumathi Badrinathan,
violin ifaçısı Jyotsna Srikanth çıxış ediblər.
Konsertdən əvvəl mediaya
müsahibə verən
Xalq artisti Səkinə İsmayılova
bu layihənin bir neçə il öncə ərsəyə
gəldiyini diqqətə
çatdırıb: “Biz bu
layihə ilə Hindistanın bir neçə şəhərində
birgə çıxış
etmişik. Bu gün isə öz ölkəmizdə tamaşaçılar
qarşısına birgə
çıxırıq. Burada
Hindistan musiqiçiləri
ilə bizim “Rast” muğamı üzərində qurulan bir kompozisiya təqdim edirik. Onlar raqa, biz isə muğam ifa edəcəyik. Ümumilikdə bu, ənənəvi musiqi sintezi olacaq. Burada mənimlə birgə çıxış
edən solist Vasumathi Badrinathan xüsusi həssaslığı
ilə seçilən
çoxistiqamətli ifaçıdır.
Cənubi Hindistan klassik musiqi ifaçısı Vasumathi
öz oxuma üslubunda ənənə
və müasirliyin gözəl vəhdətini
yaradır. O, Avropa və Asiya, Sakit Okean hövzəsi
ölkələrində qastrol
səfərlərində çoxsaylı
konsertlər verib”.
Xatırladaq ki, “Muğam aləmi”
VI Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin
təşkilatçılığı,
Elm və Təhsil Nazirliyinin, Azərbaycan
Milli Konservatoriyasının dəstəyi ilə keçirilir. Festival iyunun
25-dək davam edəcək.
Azərbaycan muğam musiqisi
ilə klassik hind musiqisi – raqanın (raqa – sanskrit dilində rəng, çalar mənası verir) sintezi böyük maraqla qarşılanıb.
Mədəniyyət.-
2023.- 23 iyun.- S.5.