“Yaradanlar” filmi “Heydər Əliyev
İli” münasibətilə nümayiş olundu
Müasir Azərbaycan memarlığının banilərindən
olan Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və
fəaliyyətindən bəhs edən “Yaradanlar” sənədli
filmi iyunun 21-də “Heydər Əliyev İli” münasibətilə
Nizami Kino Mərkəzində təqdim olundu.
Azərbaycan Memarlar İttifaqının (AMİ) təşəbbüsü,
Mədəniyyət Nazirliyinin sifarişi ilə 2020-ci ildə
“Salnaməfilm” studiyasında istehsal olunmuş filmin
premyerası 2021-ci ilin dekabrında olub. Filmin ideya müəllifi
AMİ-nin sədri Elbay Qasımzadə, quruluşçu
rejissoru Şamil Əliyev, ssenari müəllifi Natiq Rəsulzadə,
təsvir rejissoru Rüfət Süleymanov, bəstəkarı
Azər Hacıəsgərli, prodüseri Nazim Hüseynovdur.
Rejissor Şamil Əliyev qeyd etdi ki, ekran əsəri
indiyədək 100-dən çox festivalda iştirak edib, bir
sıra mükafatlara layiq görülüb. Bu, Memarlar
İttifaqı ilə birgə ərsəyə gətirilən
ikinci ekran əsəridir. 2018-ci ildə birgə “Memar” filmi
lentə alınıb.
Ssenari müəllifi, Xalq yazıçısı Natiq
Rəsulzadə dedi ki, filmin çəkilişi zamanı incə
detal və elementlər də nəzərə alınıb:
“Biz çalışmışıq ki, filmdə Mikayıl
Hüseynov və Sadıq Dadaşovu peşəkar memardan
başqa, onların bir insan kimi xarakterlərini də
açıb tamaşaçılara göstərək. Filmdə
hər iki memarın yaradıcılıqları ilə bərabər,
həyat yolları barədə də məlumatlar yer
alıb”.
Çıxışlardan sonra “Yaradanlar” sənədli
filmi nümayiş olundu. Filmdə görkəmli memarlar,
akademiklər Mikayıl Hüseynov (1905-1992) və Sadıq
Dadaşovun (1905-1946) həyat və
yaradıcılığı fonunda XX əsrdə kommunist
ideologiyasının Azərbaycan xalqının mədəni
irsinə, əxlaqi-mənəvi dəyərlərinə
vurduğu zərbə diqqətə
çatdırılır. 1937-ci il repressiyasında onların
qohumlarından olan ziyalıların əksəriyyəti məhv
edilib. Eyni zamanda çox yaxın dost olan bu iki sənətkar
ömürlərinin bir hissəsini qorxu və mənəvi
sıxıntılarla yaşamağa məcbur olublar.
Filmdə Ulu öndər Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi dövrdə ziyalıları siyasi rejimin
təqiblərindən qoruyaraq onların
yaşayıb-yaratması üçün
qayğısını əsirgəmədiyi də
vurğulanır.
Nurəddin
Mədəniyyət.-
2023.- 23 iyun.- S.3.