Muğamın toplama, qorunma, arxivləşmə
və yayılma problemləri
Festival çərçivəsində keçirilən elmi simpozium başa çatdı
Xəbər verdiyimiz kimi, “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı müxtəlif
ölkələrdən ifaçı
və kollektivlərlə
yanaşı, sənətşünasları
da bir araya
gətirib.
Festival çərçivəsində
20-22 iyun tarixlərində
elmi simpozium keçirilib. Azərbaycan
mütəxəssisləri ilə yanaşı,
ABŞ, Böyük Britaniya,
Fransa, Hindistan, İsrail, Kanada, Qazaxıstan, Özbəkistan,
Tacikistan, Türkiyə
və Yaponiyadan alimlərin qatıldığı,
iyunun 20-də açılışı
keçirilən simpozium
ayın 21 və 22-də
işini davam etdirib.
Simpoziumun ikinci
günündə “Muğamın
toplama, qoruma, arxivləşmə və
yayılma problemləri”
mövzusunda keçirilən
sessiyada azərbaycanlı
mütəxəssislərlə bərabər, Türkiyə,
Böyük Britaniya, Özbəkistan və Qazaxıstandan olan alimlər də çıxış ediblər.
Gün ərzində
“Mətn və musiqi”, “Muğam, dəsgah və xanəndə avazı”, “Muğamın toplama, qorunma, arxivləşmə
və yayılma problemləri”, “Məqam musiqisinin ruhani və cismani təzahürləri” və
“Məqam musiqisi elmi mənbələr işığında” mövzularında
sessiyalar keçirilib.
Qərbi Kaspi
Universitetinin dosenti, sənətşünaslıq üzrə
elmlər doktoru Alla Bayramova “1920-ci illərdə Cənubi Qafqaz ekspedisiyalarının
materiallarında muğam”
mövzusunda çıxış
edib. Diqqətə çatdırılıb ki,
1920-ci illərdə yeni
sovet ideologiyasının
təsiri altında muğam ifaçılığı
sənətinə müəyyən
qədər mənfi münasibət özünü
göstərsə də,
tanınmış muğam
ifaçılarının səyləri nəticəsində
bu sənət həm musiqi mədəniyyətində, həm
də xalqın həyatında öz əhəmiyyətini qoruyub
saxlaya bilib.
“Muğam dünya
kolleksiyalarında: mədəni
irsin qorunması və müdafiəsi” mövzusunda çıxış
edən Qazax Milli İncəsənət
Universitetinin dosenti, sənətşünaslıq üzrə
fəlsəfə doktoru
Fatima Nurlıbayeva bildirib ki, muğam
Şərq ölkələrinin
klassik xalq musiqisinin əsas janrıdır. Azərbaycan
musiqisində mövcud
olan bütün muğam formaları arasında öz miqyasına və bədii ideyasına görə ən böyüyü dəsgahdır.
Çıxışlarda qeyd olunub ki,
xalqımızın milli
sərvəti olan Azərbaycan muğamları,
aşıq sənəti,
ümumilikdə xalq musiqisi və ifaçılıq ənənələri
müasir dövrdə
mədəniyyətimizi dünya
səviyyəsində tanıdaraq
bu möhtəşəm
sənət incilərinin
inteqrasiya edilməsində
zəruri rol oynayan faktordur. Muğam ifaçılığı
dedikdə, burada həm instrumental, həm də vokal-instrumental ifa nəzərdə tutulur. Qədim dövrlərdən başlayaraq
bizim dövrə qədər inkişaf edib müxtəlif dəyişiklik, əlavə
və ixtisarlara məruz qalan muğam ifaçılığı
müasir dövrümüzdə
artıq bir sıra yeniliklərə addım atan, müxtəlif janrlarla sintezdə ifa və improvizasiya olunan janr kimi
məşhurlaşır. Lakin Azərbaycanın ənənəvi
professional musiqisi olan muğam sənəti tədris prosesində əsrlərdən gələn
ənənə əsasında,
yəni dildən-dilə,
ifadan-ifaya şifahi şəkildə, ustad-şagird
ənənəsinə uyğun
ötürülür.
Tədbirdə jurnalistlərə açıqlama
verən Kaliforniya Universitetinin (ABŞ) professoru,
musiqişünas Möhsin
Məhəmmədi muğam
festivalının əhəmiyyətini
yüksək qiymətləndirib.
“Burada olmağımın
səbəbi də məhz muğamdır. Mən İran musiqisini tədqiq edirəm və bu irsin
Azərbaycan musiqisinə
çox yaxın olduğunu düşünürəm.
Həmçinin bir çox muğam janrını bəyənirəm.
Dünən axşam Bakıda bir neçə muğam ifaçısını dinlədim
və bir daha muğamın bənzərsizliyinin şahidi
oldum”, – deyə musiqişünas bildirib.
Daha bir musiqişünas-alim
Nissim Lugasi müsahibəsində
yəhudilərin öz
milli makam musiqisi barədə danışıb.
Festivalın işini yüksək qiymətləndirən
musiqişünas burada
səslənən fikirlərin
milli musiqi irsinin yaşadılması baxımından
böyük əhəmiyyət
daşıdığını söyləyib. Deyib ki, Bakıda təşkil olunan belə möhtəşəm tədbir
bəşəri məna
kəsb edən muğam fəlsəfəsinin
gələcək nəsillərə
çatdırılması baxımından olduqca təqdirəlayiqdir.
***
Elmi simpozium iyunun 22-də 4 sessiyada işini davam etdirdi. Musiqişünas Kəmalə
Atakişiyevanın moderatorluğu
ilə keçirilən
“Muğamın toplama,
qorunma, arxivləşmə
və yayılma problemləri” mövzusunda
birinci sessiyada Azərbaycan, Türkiyə,
Yaponiya, Özbəkistan,
Qazaxıstan və
ABŞ-dən olan alimlərin məruzələri
dinlənildi.
Şoitsa
Qənixanova (Özbəkistan)
“Makom fiksiyasının
bəzi sistemlərinə
dair”, professorlar İradə Köçərli
və Vamiq Məmmədəliyev (Azərbaycan)
“Milli musiqi irsinin qorunması və açılmamış yeni muğam
səhifələri (Fikrət
Əmirovun not əlyazmalarında
“Şur” və “Rast” dəsgahları), Rüstəm Boltayev (Özbəkistan) “Tənbur
notasiyasına nəzərən
Xarəzmin altı yarım makomları” mövzusunda çıxış
etdilər.
Yaponiyadan
Sui Benq Tanın moderatorluğu ilə gerçəkləşən “Məqam
tarixinə dair materiallar” adlı ikinci sessiyada Möhsin Məhəmmədi
“Məqam əlaqələri:
dəsgahın çoxməqamlı
süita kimi formalaşması”, Villiam Sumits (Türkiyə) “Musiqi naşirləri, musiqiçilər və əlyazmalar: Osmanlı İmperiyasının son dövründə
musiqinin dövriyyəsi
və ticarəti”, yaponiyalı alim Qeniçi
Tsuqe isə “Qopuz, şadarğu və tar” mövzusunda məruzələrini təqdim
etdilər.
Gününün üçüncü sessiyası professor Sənubər
Bağırovanın moderatorluğu
ilə keçirildi. “Məqam musiqisi tarixi retrospektivdə” mövzulu sessiyada Əmir Hüseyn Pircavadinin (ABŞ) “Dəsgahın
18 və 19-cu əsrlərdə
yaranması və inkişafı”, Tacikistandan
Faroqat Azizi və Sadulla Karimovun “Falak - dağ taciklərinin məqamı: tarix və müasirlik”, Kəmalə Atakişiyevanın
“Azərbaycan dəsgahının
tarixi təşəkkül
prosesində milli-etnik
ənənələrin rolu”
mövzularında məruzələri
dinlənildi.
Professor İradə
Köçərlinin moderatorluğu
ilə keçən sonuncu sessiya “Yeni tədqiqatlar və tədqiqat üsulları” mövzusuna
həsr olunmuşdu.
Sessiyada Özbəkistandan
Nilufər Botirova “Mukamat irsində sufiyana kəlam: tarix və müasirlik”,
Gülhüseyn Kazımlı
və Turan İbrahimov “Qədim Azərbaycan səs yazıları irsi üzrə yeni axtarışlar və tapıntılar”, Pikə Axundova-Talıblı “Azərbaycan
muğamlarında qeyri-xətti
təfəkkür tərzinin
inikası (“Rast” və “Şur” muğamları əsasında),
Azərbaycan və Fransanı təmsil edən musiqişünas İlxas Məmmədov isə “Karnatik raqa musiqi tədrisində
praktik məşqlərin
əsas prinsipləri və onların Azərbaycan muğam tədrisi ilə müqayisəsi” mövzularında
məruzə etdilər.
“Bu cür
layihələr Şərqin
mədəniyyətini təbliğ
edir”
Simpoziumun qonağı
olan Tacikistan Milli Konservatoriyasının
elmi işlər üzrə prorektoru Sadulla Karimov qəzetimizə açıqlamasında
tədbiri yüksək
dəyərləndirdi. Bakıda
simpoziumda iştirakından
məmnunluğunu ifadə
edən alim dedi: “Biz bilirik
ki, muğam Azərbaycanın ən qədim milli irsidir. İstərdik ki, biz də
bu muğam sənətinə öz töhfəmizi, tacik muğam ənənələri
haqqında məlumatları
bölüşək. Simpoziumda
çıxışımızda ən qədim milli ənənəvi musiqimiz olan “falak” haqqında məlumat verdik. Çox şadam ki, burada dünyanın
müxtəlif ölkələrindən
alim və tədqiqatçılar bir
ayara gəlib maraqlı mövzularda məruzələr təqdim
edirlər. Bilmədiklərimizi
öyrənirik. Bu mötəbər tədbirə
görə təşkilatçılara
təşəkkür edirəm”.
Villiam Smits ABŞ-dən olsa da,
İstanbulda yaşayır. Deyir ki, Azərbaycan muğamını az-çox
bilsə də, ölkəmizə hər gəlişində muğamı
dinlədikcə daha çox həyəcan keçirir. Bu onun ölkəmizə dördüncü
gəlişidir. İlk dəfə
2011-ci ildə beynəlxalq
muğam festivalı çərçivəsində təşkil edilən beynəlxalq muğam müsabiqəsində münsif
kimi iştirak edib.
Tacikistandan olan daha bir alim Sultanali Kudoyberdiev bildirir ki, belə bir tədbirin
keçirilməsi təkcə
Azərbaycan üçün
deyil, bütün iştirakçı ölkələr
üçün inkişaf
sayıla bilər. Heydər Əliyev Fondu tərəfindən təşkil
edilən bu festival musiqi, muğam vasitəsilə dünyanın
müxtəlif yerlərindən
musiqişünas və
alimləri birləşdirir
və Şərq aləminin mədəniyyətini
təbliğ edir.
L.Azəri
Mədəniyyət.-
2023.- 23 iyun.- S.2.