“Muğam
aləmi” festivalının
konsertləri
“Muğam
aləmi” VI Beynəlxalq
Musiqi Festivalı rəngarəng konsertlərlə
davam edir.
18-25 iyun tarixlərində
gerçəkləşən festivalın konsertləri paytaxtın bir neçə məkanında,
eləcə də Ağcabədi və Şuşada keçirilir.
İyunun 20-də Beynəlxalq Muğam Mərkəzində Malidən
olan tanınmış
ifaçı Kankou Kouyatenin konserti təqdim edilib. Onu sənət dostları Sefoudi Kouyate, Assaba Drame (hər ikisi milli alətlərində),
Vale Akindiya (kontrabas) və Vura Samba (zərb
alətləri) müşayiət
ediblər. K.Kouyatenin akustik folklor və hipnotik bluzdan tutmuş roka qədər ifa etdiyi mahnılar
populyarlıq qazanıb.
Həmin
gün daha bir konsert Azərbaycan
Milli Konservatoriyasında təqdim
olunub. Konsertdə bəstəkar, pianoçu,
beynəlxalq müsabiqələr
laureatı, Fransada yaşayan soydaşımız
Etibar Əsədli
Samuel FHima (kontrabas) və Laurent Emmanuel Bertholo
(zərb alətləri)
ilə birgə səhnəni bölüşüb.
İyunun
20-də festivalın daha
bir konserti Ağcabədi şəhərindəki
Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində
reallaşıb. Konsertdə
“Muğam” televiziya müsabiqəsinin müxtəlif
illərdə qalibi olmuş xanəndələr
– Əməkdar artistlər
İlkin Əhmədov,
Səbuhi İbayev, xanəndələr Günay
İmamverdiyeva, Sərxan
Bünyadzadə, Nisbət
Sədrayeva, Babək Şuşalı və Vəfa Orucova çıxış ediblər.
Muğam
və təsniflərin
məharətlə ifa
olunduğu musiqi axşamı tamaşaçılar
tərəfindən alqışlarla
qarşılanıb.
***
Festivalın iyunun 21-də təşkil
edilən konsertləri
də yaddaqalan olub. Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin nəzdində
fəaliyyət göstərən
“Cadenza” orkestri Beynəlxalq
Muğam Mərkəzində
çıxış etdi.
Konsert çağdaş
Azərbaycan və dünya musiqisinin sintezi üzərində qurulmuşdu. Musiqi axşamında Əməkdar
artist Əyyub Quliyevin
dirijorluğu ilə solistlər Samir Əsədov
(violin), İlkin Həsənov
(saz), Natəvan Həsənova (qanq), İsmayıl Zülfüqarov
(tar), Afaq Qarayeva
(piano), Ərol Rzayev (violonçel) və Xəyyam Quliyev (ud) Cavanşir Quliyev, Aydın Əzimov, Elvin Mirzəyev, Firudin Allahverdi, Tahir İbişov
və Türkər Qasımzadənin əsərlərini
səsləndirdilər. “Cadenza”nın bir-birindən
maraqlı musiqi nömrələri tamaşaçılara
unudulmaz anlar bəxş elədi.
***
Həmin
gün Daş Salnamə Muzeyində Özbəkistan və Tacikistandan olan ifaçılar musiqisevərlərin
qarşısına çıxdılar.
Özbəkistanın Əməkdar
artisti İlyas Arabov (vokal və dütar)
özbək milli muğamını
böyük sevgi və şövqlə nümayiş etdirdi. Səmərqənd şəhərində
ənənəvi keçirilən
“Şərq təranələri”
festivalında UNESCO-nun xüsusi
mükafatına layiq görülən ifaçı
konsert zamanı Azərbaycan muğamına
sevgisindən də söz açdı.
Tacikistanlı xanəndə Sardor
Soliyevin adı azərbaycanlı muğamsevərlərə
yaxşı tanışdır.
Tacik Dövlət Ansamblının solisti olan ifaçı “Muğam aləmi” V Beynəlxalq Musiqi Festivalında (2018) solo ifa
nominasiyasında II yeri
qazanmışdı. O, builki
festivalda da yüksək
peşəkarlıq göstərərək
tamaşaçılardan alqış
aldı.
Sardor Soliyev konsertdən öncə qəzetimizə
açıqlamasında dedi:
“Azərbaycana növbəti
dəfə festivala dəvət edilməyim məni çox sevindirdi. Bu dəfə
solo ifamla çıxış
edirəm. Festivalın
zəngin proqramı
var və iştirakçılar
üçün yaradılan
şəraitə görə
təşəkkür edirəm.
Bu gün proqrama bizim zəngin muğam nümunələrimizi
daxil etmişəm. Sonda isə həmkarım İlyas Arabovla
birlikdə Səmərqənd
şaşmakomunu ifa edəcəyik”.
***
İyunun
21-də daha bir konsert Azərbaycan Milli Konservatoriyasında təqdim
edilib. Səhnəyə
İordaniyanın tanınmış
vokalçısı Macadi
Nahhas və caz pianoçusu, “Cadenza” orkestrinin üzvü Tural Rafael çıxıblar.
Macadi Nahhas Beyrut Musiqi Konservatoriyasının
(Livan) məzunudur. O, musiqi karyerasına 1997-ci ildə “Jerash” festivalında
ilk canlı ifası ilə başlayıb. Onun musiqisi ərəb
melodiyalarını Kuba
və latın cazı ilə birləşdirir. Üzeyir
Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının məzunu
olan Tural Rafael isə piano ifaları ilə tanınır. O, ölkəmizlə yanaşı,
xaricdə də festivallarda çıxış
edir.
***
İyunun
22-də beynəlxalq Muğam
Mərkəzində misirli
musiqiçi Mustafa Said (ud,
vokal) ərəb musiqisinin təbliği məqsədilə yaratdığı
ansamblla konsert verib. Proqramda Ansambl poeziya, tarix, ədəbiyyat və musiqidən ilhamlanaraq yeni kompozisiyalar təqdim edir.
Daha bir konsert M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının
Kamera və Orqan Musiqisi Zalında keçirilib. Burada Yunanıstanın “En Chordais” musiqi
ansamblı çıxış
edib. Salonikidə fəaliyyət göstərən
ansambl Aralıq dənizi ölkələrinin
müasir musiqi cərəyanlarını təbliğ
edir.
22 iyunda Milli Konservatoriyada Hindistan və Azərbaycan musiqiçilərinin
iştirakı ilə
daha bir konsert proqramı təqdim olunub.
***
İyunun
23-də festival konsertəri mədəniyyət paytaxtımız
Şuşada davam edəcək. Şuşa şəhərində bərpa
olunmuş tarixi məkanlarda – Bülbülün
Ev-Muzeyinin həyətində,
Yaradıcılıq Mərkəzində,
Xurşidbanu Natəvanın
evinin qarşısında,
və “Qarabağ” hotelinin qarşısındakı
parkda eyni vaxtda muğam və poeziya ifaları səslənəcək.
İyunun
24-də Heydər Əliyev
Mərkəzində Üzeyir
Hacıbəyli adına
Dövlət Simfonik Orkestri (dirijor Benjamin Yusupov – Tacikistan-İsrail və solist Mahmoud Turkmani (ud) – Livan-İsveçrə) çıxış
edəcək.
Festivalın daha bir konserti Milli Konservatoriyada təşkil olunacaq. “Muğam hekayətləri”
adlı layihədə
Xalq artisti Teyyub Aslanov və pianoçu Nicat Aslanov çıxış
edəcək. Layihənin
musiqi məsləhətçisi
Xalq artisti Salman Qəmbərovdur.
24-25 iyunda festivalın “Muğam marafonu” 24 saat layihəsi və İçərişəhərdə
“Muğam saatı” açıq hava “Sound” performansı da davam edəcək.
Festivalın bağlanış mərasimi
iyunun 25-də Heydər
Əliyev Mərkəzində
gerçəkləşəcək.
Lalə
Mədəniyyət.- 2023.- 23 iyun.- S.1;2.