Muzeylərdə anım günü
Fevralın 24-də Üzeyir Hacıbəylinin Ev-Muzeyində Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Yenilməzdir Türk dünyası” adlı tədbir keçirilib.
“Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyi üzvlərinin, paytaxtdakı 45 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin də iştirak etdiyi tədbirdə Xocalı faciəsi qurbanlarının, həmçinin qardaş Türkiyədə təbii fəlakət zamanı dünyasını dəyişənlərin xatirəsi yad edilib.
Muzeyin direktoru Xalq artisti Sərdar Fərəcov deyib ki, Xocalı faciəsi müasir tariximizin qan yaddaşıdır. O, yeniyetmələrə Azərbaycanın faciəli günlərini unutmamağı, vətənimizin daha gözəl gələcəyi üçün səylə oxumağı, çalışmağı tövsiyə edib.
Sonra “Aytam” İB-nin rəhbəri Aygün Zamanlı, 45 nömrəli məktəbin müəllimi Səlmi Şıxəmirova çıxış ediblər.
Bədii hissədə məktəblilər Xocalı faciəsinə həsr etdikləri şeirlərdən nümunələr söyləyiblər. “Xudayar təsnifi”, “Bayatı-Şiraz” muğamından parça, Əfrasiyab Bədəlbəylinin “Dumanlı Təbriz” tamaşasına bəstələdiyi mahnı səslənib.
Məktəblilərin Xocalı faciəsinə həsr etdikləri rəsmlərdən ibarət sərgiyə baxış keçirilib.
***
Bülbülün Memorial Muzeyində də Xocalı soyqırımının 31-ci ildönümü qeyd edilib. “XX əsrin faciəsi” adlı tədbir “Aytam” İB ilə birgə təşkil olunub. Tədbirdə uşaqların ifasında Xocalı qurbanlarının xatirəsinə ithaf olaraq musiqilər səslənib.
***
Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyində Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Xocalı – əsrin faciəsi!” adlı tədbir keçirilib.
Muzeyin elmi işçisi H.Rəhimə Xocalı faciəsi barədə danışıb. Muzeyin fondundan Mstislav Rostropoviçin ifasında lentə yazılmış P.Çaykovskinin əsəri səsləndirilib.
Anım mərasimində T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayı bədii qiraət dərnəyinin üzvləri bədii kompozisiya, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi Xalq çalğı alətləri şöbəsinin şagirdləri isə musiqi nömrələri ilə çıxış ediblər.
Mədəniyyət.- 2023.- 1 mart. S. 3.