Qan yaddaşımızın
Xocalı səhifəsi
Xəbər verdiyimiz kimi, Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə bölgələrdəki mədəniyyət müəssisələrində anım tədbirləri keçirilib.
Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə mədəniyyət işçiləri və məktəblilər “Xocalını unutmayaq!” adlı ədəbi-bədii kompozisiya ilə çıxış edib, vətənpərvərlik ruhunda şeirlər söyləyiblər.
Quba şəhər Uşaq incəsənət məktəbində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə şagirdlər tərəfindən ədəbi-bədii kompozisiya təqdim olunub.
Siyəzən rayon Heydər Əliyev Mərkəzi, rayon Mərkəzi Kitabxanası, Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzi Siyəzən rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Xocalı soyqırımını unutmayaq!” adlı tədbir təşkil olunub.
Qusar rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev – Xocalı soyqırımının tanıdılmasının əsas təşəbbüskarı” adlı anım tədbiri keçirilib.
***
İsmayıllı rayon mədəniyyət müəssisələrində, eləcə də digər idarə və müəssisələrdə Xocalı soyqırımı ilə əlaqədar tədbirlər keçirilib. Bildirilib ki, ötən əsrin 90-cı illərində Azərbaycan xalqına qarşı törədilən qırğınlar, xüsusilə də Xocalı soyqırımı xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Çıxışlardan sonra Xocalı soyqırımına həsr olunmuş “The son” adlı film və videoçarxlar nümayiş etdirilib.
***
Şəki şəhər 2 nömrəli Uşaq musiqi məktəbində “Xocalım – qanlı xatirəm” adlı tədbir keçirilib. Xocalı soyqırımına həsr edilmiş şeirlər səsləndirilib, musiqilər ifa olunub.
Balakən rayon Uşaq incəsənət məktəbində “Xocalı soyqırımını unutmadıq” adlı anım tədbiri keçirilib. Xocalıda törədilən qırğından bəhs edilən film izlənildikdən sonra şagirdlərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub. İştirakçılar məktəbin Rəssamlıq şöbəsi şagirdlərinin soyqırımı ilə bağlı rəsm əsərlərinin sərgisinə də baxıblar.
***
Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq musiqi məktəbində “Laylay, Xocalım, laylay” adlı tədbir keçirilib. Məktəbin şagirdləri tərəfindən Xocalı haqqında şeirlər söylənilib.
Hacıqabul şəhər Folklor klubunda rayon mədəniyyət işçilərinin birgə təşkilatçılığı ilə “Qisas qiyamətə qalmadı” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.
***
Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “Unutmadıq, Xocalı!” adlı sərgi keçirilib. Sərgidə rəssam Nizami Dadaşovun Xocalı soyqırımına həsr olunan əsərləri nümayiş olunub.
Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü, rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Xırdalan şəhər Heydər Əliyev Mərkəzində keçirilən anım tədbirində Xocalı faciəsi qurbanlarının və şəhidlərin xatirəsi yad edilib. Tədbirdə Xocalı həqiqətlərini əks etdirən videoçarx və “Qanlı torpaq” tamaşası nümayiş etdirilib.
***
Ağstafa Dövlət Rəsm Qalereyasında gənc rəssamların əl işlərindən ibarət “Xocalı uşaqların gözü ilə” adlı rəsm sərgisi təşkil olunub.
Qazax şəhər 1 nömrəli Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə “İnsanlığa qarşı törədilmiş cinayət” adlı tədbir keçirilib. Şagirdlər tərəfindən kompozisiya təqdim edilib.
Tovuz rayon Düz Qırıqlı kənd Uşaq musiqi məktəbində “Tarixin qan yaddaşı – Xocalı” mövzusunda konfrans keçirilib. Çıxışlarda Xocalıda törədilən soyqırımı barədə geniş məlumat verilib, bu faciənin dünyaya çatdırılmasında Azərbaycan gəncliyinin üzərinə düşən vəzifələrdən danışılıb.
***
Naftalan şəhər Heydər Əliyev Mərkəzi və şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib. Çıxışlarda bildirilib ki, Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə müraciət olunaraq qətliamın mahiyyəti açıqlanıb, beynəlxalq ictimaiyyətə erməni terrorizminə qarşı təsirli tədbirlər görmək çağırışı edilib.
***
Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin səhnəsində “Xocalı –şəhid şəhər” adlı tamaşa-kompozisiya təqdim olunub. Tamaşanın quruluşu Masallı Xalq teatrının rejissoru Cəmaləddin Əliyevə, musiqisi Ruslan Zahidova, səhnə tərtibatı isə Elsevər Əliyevə aiddir. Rolları Masallı Xalq teatrının aktyorları, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri ifa ediblər.
***
Astara rayon Heydər Əliyev Mərkəzində “Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşıdır” mövzusunda tədbir keçirilib. Tədbirdə mərkəzin fondunda qorunan Xocalı şəhidlərinin fotoşəkilləri, “Elektron kitabxana”da saxlanılan kitabların və rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi nümayiş etdirilib.
***
Neftçala rayon C.İsmayılov adına Uşaq incəsənət məktəbində keçirilən tədbirdə rayon Mədəniyyət Mərkəzinin kollektivi ədəbi-bədii kompozisiya ilə çıxış edib.
***
Şəmkir rayon MKS-nin Uşaq şöbəsi və Oxuculara xidmət şöbəsi tərəfindən “Xocalı qan yaddaşımızdır”, “Xocalı fəryadı” başlığı altında açıq havada kitablardan ibarət sərgi təşkil olunub.
***
Göyçay rayon MKS-nin Mərkəzi Kitabxanasında “O gün gələcək” adlı tədbir keçirilib. Xocalıya həsr olunmuş şeirlər səsləndirilib, faciə ilə bağlı kompozisiya nümayiş etdirilib.
Nurəddin Məmmədli
Mədəniyyət.- 2023.- 1 mart. S. 4.