“Mərmər soyuğu” Fransada festivalda
Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətinin birgə istehsalı olan “Mərmər soyuğu” tammetrajlı bədii filmi 28 fevral – 7 mart tarixlərində Fransanın Vesoul şəhərində keçirilən 29-cu Asiya Filmləri Beynəlxalq Festivalında (Festival International des Cinémas d’Asie) iştirak edir.
Rejissor Asif Rüstəmovun quruluş verdiyi ekran əsəri bu ay daha bir müsabiqə proqramında – 16-31 mart tarixlərində Bolqarıstanın paytaxtında keçiriləcək 27-ci Sofiya Beynəlxalq Film Festivalında yarışacaq.
Film uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən, həbs həyatından sonra evə qayıdan atanın ən radikal yollarla oğlunun həyatına müdaxiləsindən bəhs edir.
Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və Roelof Jan Minneboo (Niderland), quruluşçu operatorları Oqtay Namazov və Adil Abbasov, quruluşçu rəssamı Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir. Baş rollarda Elşən Əsgərov, Natəvan Abbaslı və Xalq artisti Qurban İsmayılov çəkiliblər.
Qeyd edək ki, film dünya premyerasını 2022-ci ilin noyabrında Tallinndə PÖFF – “Qara Gecələr” Film Festivalında edib və “Ən yaxşı aktyor” (Q.İsmayılov) mükafatına layiq görülüb.
Mədəniyyət.- 2023.- 1 mart. S. 1.