Müharibə həm ata həsrətli körpələr deməkdir...

 

“Maya” sənədli filminin təqdimatı keçirildi

 

Kino bir saniyədəki 24 kadrda həqiqətləri göstərən sənətdir deyən kinorejissor Jan Qodarın bu fikrini, düşünürəm ki, müharibə mövzulu filmlərə daha çox aid etmək olar. Müharibə mövzusu kino üçün daim aktualdır, elə çağımızda, modern dünyada da. Təbii ki, müharibəni hər rejissor öz baxış bucağından təqdim edir... 23 fevralda Nizami Kino Mərkəzində təqdimatı keçirilən “Maya” sənədli filmi belə fərqli baxışla müharibənin bütün acısını nümayiş etdirə bilən ekran əsərlərindəndir. Ssenari müəllifi rejissoru Xəyal Rza olan filmin yaradıcı heyəti 30 illik işğal tariximizi 36 dəqiqəyə uğurla sığdırmağa nail olub.

1945-ci ildən II Dünya müharibəsindən sonra İtaliya kinematoqrafiyasında yaranan neorealizm janrı bu sahəyə fərqli bir anlayış gətirdi. Bu cərəyanın nümayəndələri çəkilişləri əsasən təbiətdə edir, real həyatda mövcud olan obrazları yaradır, adi insanları ekranlara daşıyırdı. Bir çox hallarda filmin fabulasını baş vermiş hadisələr təşkil edirdi. Bəzən elə olurdu ki, filmə aktyorlar yox, elə adi insanlar çəkilirdi.

Təqdimatı keçirilən ekran işinin əsas obrazı olan xanım da film qəhrəmanına çevrilən adi insandır. Film həyatından Birinci İkinci Qarabağ müharibələri keçən şəhid anası Maya Quliyeva haqqındadır. Onun həyat dramının, üşüyən arzularının, dəyişən qədərinin bir səbəbkarı var: müharibə.

Filmdə əzablı, iztirablı qadın taleyindən bəhs olunur. Maya erkən evlilik yaşayan, əcnəbi ilə ailə qurub min bir əziyyətə dözən qadındır. Bütün bunlara rəğmən o, əzmkarlığını qoruyub saxlayıb. Oğlunu əsl Azərbaycan övladı kimi vətənpərvər böyüdüb. Oğlu Xalid Hassan Qarabağ döyüşlərində şəhid olub... Mən Xalidlə böyüdüm. O, mənim qardaşım oldu, dostum oldu, sirdaşım nəhayət, oğlum oldu”, – deyir Maya Quliyeva.

Film təkcə müharibənin amansızlığından bəhs etmir, o həm bir insanın vətən sevgisini nümayiş etdirir. Anası döyüşlərdə olarkən kiçik yaşlarından Ağdamın Saybalı kəndində özündən kiçik bacı-qardaşlarına baxan Maya bir gün qoca nənəsi ilə birlikdə öz kəndlərindən çıxmalı olur. Kəndlərindən məktəbli yaşında çıxan Maya bir gün həmin kəndin geri alınması üçün öz oğlunu qurban verəcəyini ağlına belə gətirməzdi. Mən torpağımı, Ağdamımı geri almaq istəyirdim. Onu almaq üçün nədənsə keçməli idim. Həmin o ... Xalid oldu”, – Maya ana deyir. Onun həyat nağılında biz ərəb əsilli həyat yoldaşı Mahmud Hassanın, oğlu Ömərin Xaliddən yadigar qalan balaca Məryəmin düşüncələri ilə tanış oluruq. Nəticə isə belədir: müharibə ana fəryadıdır, ata həsrətli körpələrin nisgilidir!

Rejissor təkcə problemi göstərmək yox, eyni zamanda bu görüntüyə bədii ruh da qatmaq istəyib. Bu bədiilik çəkilişin məkanında, təsvirlərdə özünü büruzə verir. Filmdə erkən nikahın fəsadları, müharibə qadın, vətən həsrəti, şəhid övladı, ailə bağlılığı mövzularına işıq salınır.

Təqdimatda çıxış edən kinorejissor, Xalq artisti, filmin bədii rəhbəri Oqtay Mirqasımov tələbəsinin uğurlu debütü münasibətilə təbriklərini çatdırdı, uğurlar arzuladı.

Qeyd edək ki, çəkilişləri Ağdam, Bərdə Sabirabad rayonlarında aparılan ekran işinin operatoru Rafiq Əliyev, operator assistenti Kənan Fərzəliyev, montaj rejissoru Aydan Əhmədova, prodüseri Tahir Tahiroviçdir.

 

Lalə Azəri

Mədəniyyət.- 2023.- 1 mart. S. 7.