Sözün bitdiyi an rənglər danışır...
Əməkdar rəssam İsa Məmmədov 1956-cı ilin
5 martında Zəngəzur
mahalının Qafan rayonunda dünyaya göz açıb. İncəsənətə
kiçik yaşlarından
həvəs göstərib,
məktəb illərində
rəssamlıq və
musiqi ilə məşğul olub.
Qarmon ifa etməyi məharətlə bacaran İsa bu sevgisinin
keçici olduğunu,
rəssamlığın ona
daha yaxın, doğma olduğunu anlayır. Beləliklə,
1974-cü ildə Əzim
Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq
Məktəbinə daxil
olur.
İlk müəllimi
olan Rəşid Heydərzadədən sənətin
incəliklərini sevgi
ilə mənimsəyir. 1979-cu ildə məktəbdə
təhsilini başa vurur. Sonra bir müddət
Moskvada da rəssamlıq dərsləri
alır. Oradan qayıtdıqdan
sonra 1982-ci ildə indiki Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin Rəngkarlıq
fakültəsinə daxil
olur. Mikayıl Abdullayev, Nadir Əbdürrəhmanov,
Böyükağa Mirzəzadə
kimi böyük rəssamlardan dərs alır. Diplom müdafiəsi zamanı
istedadlı rəssam zəhmətkeş kəndli
qadınlar mövzusunu
seçir. Kətan üzərində
yağlı boya texnikası ilə Lerik qadınları adlı çoxfiqurlu kompozisiyasını ərsəyə
gətirir. Kənd həyatı,
üzərində tarixi
geyimlərimiz olan qadınların obrazları
əks olunan tablo müəllimləri tərəfindən çox
bəyənilir. 1988-ci ildə ali
təhsilini də tamamlayan rəssam daim yaradıcılıq axtarışında olaraq,
müxtəlif miqyaslı
sərgilərin iştirakçısına
çevrilir.
İsa Məmmədovun
əsərlərinə nəzər
yetirdikdə onun yaradıcılığını səciyyələndirən ifadə
tərzinin impressionizm
üslubu ilə yaxınlıq təşkil
etdiyini deyə bilərik. Yaradıcılığında zaman-zaman müxtəlif
janrlara müraciət
etsə də, daha çox mənzərəyə üstünlük
verən rəssam bu janrda rəngarəng
tablolar ərsəyə
gətirir. Mənzərə janrı vasitəsilə
o, əhatə olunduğu
gerçəkliyi, təbiətdən
ilhamlanaraq aldığı
xoş təəssüratlarını
sənətsevərlərə özünəməxsus bədii
şərhlə çatdırır.
Əsasən kətan üzərində
yağlı boya texnikasında əsərlər
yaradan rəssam işıq-kölgədən məharətlə
istifadə edir.
Onun yaradıcılığını
fərqləndirən ən
önəmli xüsusiyyətlərdən
birincisi Bakı mövzusuna xüsusi diqqət ayırmasıdır. Paytaxtımıza insanların görmədiyi
baxış bucağından
baxaraq təsvir etdiyi əsərlərinin
mövzu sərbəstliyi,
kompozisiya quruluşu,
real həyata olan lirik, romantik baxışının canlı
şahidi oluruq.
Buna misal olaraq onun Bakı mənzərəsi, Dənizkənarı
Milli Park, Paytaxtın
Nizami küçəsi,
Payız adlı mənzərə əsərlərini qeyd edə bilərik. Hər bir tablosunu fərdi
müşahidələrinə və ilkin təəssüratlarına
əsaslanaraq təsvir
edir. Fəsillərin bir-birini əvəz
etməsi ilə təbiətdə, açıq
havada daim dəyişən rənglərin
ahəngi rəssamı
yeni əsərlər
yaratmağa sövq edir. Rəssam rəngarəng koloriti
vasitəsilə Bakının
müxtəlif fəsillərdə
olan yaddaqalan görüntüsünü yaratmağı
üstün tutur.
Şəhəri ilin müxtəlif vaxtlarında
təsvir etdiyi Bakı motivi, Vağzalyanı meydan, Fəvvarələr meydanı,
Bakı. Bizim küçə, Bakı
vağzalı və
s. kimi əsrlər bu qəbildəndir.
İsa Məmmədovun yurdumuzun dilbər guşələrindən biri olan Şəkinin ürəkaçan təbiətinə, əsrarəngiz gözəlliklərindən ilham alaraq təsvir etdiyi tabloları da diqqəti cəlb edir. Müəllif bu mənzərə əsərləri vasitəsilə Şəki təbiətinin füsunkarlığını əlvan palitrası ilə əks etdirməyə nail olur. Bu silsilədən Şəki mənzərəsi, Şəki motivi, Şəki. Kiş kəndi və s. əsərlərini qeyd etmək olar.
Payız adlı ilk fərdi sərgisini Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına qalereyasında təqdim edən rəssamın İstanbulda (2007), Almaniya paytaxtındakı Bakı-Berlin qalereyasında (2011) da sərgiləri gerçəkləşib. Əsərləri Türkiyə, Rusiya, Fransa, İtaliya, ABŞ və s. ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır. 2022-ci ildə Əməkdar rəssam fəxri adına layiq görülən İsa Məmmədov hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəngkarlıq kafedrasında pedaqoq kimi fəaliyyət göstərir. Azərbaycan Rəssamlar İttifaqının və UNESCO-nun nəzdindəki rəssamlar birliyinin üzvüdür.
Ziyarət Cabarova
Azərbaycan Dövlət Rəsm
Qalereyasının böyük elmi işçisi, sənətşünas
Mədəniyyət.- 2023.- 3 mart.-
S.7.