Sevgi cəzaya dönəndə...
“Aida” operasının
Əli Əsgərovsuz nümayişindən notlar
Xəbər verdiyimiz kimi, ötən həftə mədəniyyətimiz nadir səsə malik opera sənətçilərimizdən birini itirdi. Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti (bas) Əli Əsgərov 62 yaşında dünyasını dəyişdi.
Onun əsas partiyalardan birini (Misir çarı, firon) ifa etdiyi “Aida” operasının növbəti tamaşasını çoxları kimi, mən də maraqla gözləyirdim. Əli Əsgərov tamaşaya iki gün qalmış dünyasını dəyişdi...
Budur, fevralın 25-dir. Opera və Balet Teatrının
zalı doludur. Səhnə adamları
həmkarlarının itkisindən
doğan göz yaşlarını kulisdə
qoyub tamaşaçı
önünə çıxırlar.
Sirli Misir və heç
vaxt öz təsir gücünü itirməyən nakam məhəbbət haqqında
möhtəşəm operanın
ilk taktları səslənir,
dopdolu zala sükut hakim olur. Böyük italyan bəstəkarı Сüzeppe Verdinin zərif və bənzərsiz hisslərlə
qol-qanad verdiyi bu əsrarəngiz musiqi əsəri salonu ehramlar ölkəsinə, qum və günəşin harmonik səhrasına “aparır”.
Xatırladım ki, librettosu Antonion Qislansoniyə aid dördpərdəli opera ilk dəfə
1871-ci ildə Qahirədə
səhnəyə qoyulub
və o vaxtdan dünyanın, əksər
opera teatrlarının əsas
repertuarında öz yerini möhkəmləndirib.
Azərbaycan operasevərlərinə də
yaxşı bəlli olan musiqi əsərinin
budəfəki müşayiət
və ifaçı heyəti də zəngin idi. Tamaşanın dirijoru Əməkdar
artist, dirijorların beynəlxalq
müsabiqələrinin laureatı
Əyyub Quliyev, quruluşçu rejissoru Əməkdar incəsənət
xadimi Əli Usubov, quruluşçu rəssamı Əməkdar
incəsənət xadimi
Eyyub Fətəliyevdir.
Uzun illərdir bu teatrın repertuarında qalan “Aida”nın
rəqslərinin quruluşçusu
SSRİ Xalq artisti,
SSRİ Dövlət mükafatı
laureatı Qəmər
Almaszadə, xormeysteri
Əməkdar incəsənət
xadimi Sevil Hacıyevadır.
Budəfəki nümayişdə əsas
partiyaları Əməkdar
artistlər Afaq Abbasova (Aida) və Səbinə Vahabzadə (Amneris – fironun qızı) ifa edirdilər. Tamaşada Ramfis – baş kahin isə Xalq artisti Əkrəm
Poladov idi.
Mütəmadi qastrolçular ilə
əməkdaşlıq edib,
operasevərləri fərqli
ifalarla tanış edən teatr rəhbərliyi bu dəfə Radames (saray mühafizəsinin rəisi) partiyasını
Manheym Milli Operasının (Almaniya) solisti İrakli Kaxidzeyə, Amonasro (Efiopiya şahı – Aidanın atası) partiyasını isə hazırda Almaniyada (Manheym Milli Operası)
çalışan sənətçimiz,
Xalq artisti Əvəz Abdullayevə həvalə etmişdi. Əli Əsgərovun öz səsi ilə möhür
vurduğu rolda isə Samsun Dövlət
Opera və Balet Teatrının (Türkiyə)
solisti Tuncay Kurtoğlu səhnəyə
çıxmışdı.
***
Memfisdə fironun sarayıdır və baş kahin Ramfis baş
keşikçi Radameslə
rastlaşıb ona həyəcanlı bir xəbər verir. Artıq Efiopiya
şahı öz qoşunları ilə yenidən Misirin sərhədlərini keçib
və tezliklə onun qarşısına qoşun yeritmək lazımdır. Əks halda
o, paytaxtı mühasirəyə
ala bilər.
Ramfis misirlilərin yürüşünə
başçılıq etmək
şərəfinə kimin
nail olacağını allahlardan
soruşmaq məqsədilə
İzida məbədinə
gəlir. Şöhrət arzusu ilə
yaşayan Radames fikirləşir ki, əgər bu şərəf ona nəsib olarsa, doğma şəhərinin
düşmənə təslim
olmasına imkan verməz. Və firon allahların istəyini təntənəli
şəkildə xəbər
verir: Misir qoşunlarına Radames başçılıq edəcək!
Mükafat olaraq da o, fironun qızı Amnerisdən onun köləsi – sevgilisi Aidanı azad etməyini istəyəcək.
Amnerisin də öz xəyalları var. O, Efiopiya
üzərində qələbə
qazanan Radamesin gəlişini gözləyir. Düşmənin darmadağın edilməsi,
gözlədiyi şəxsin
qələbəsi, tezliklə
baş tutacaq görüş – bütün
bunlar onu sevindirir. Lakin Aidanı görərkən
qəlbində tərəddüd
və qısqanclıq
hissi baş qaldırır. Aidanın sirrini
öyrənmək məqsədilə
fironun qızı Radamesin öldüyünü
ona xəbər verir. Aida öz
kədərini gizlədə
bilmir və sevgisinin sirri açılır. Qəzəblənmiş Amneris öz köləsini amansız intiqam alacağı ilə hədələyir.
Meydandan qələbə marşının
sədaları eşidilir
və xalq qalibi salamlayır. Aida allahdan ölüm
diləyir. Axı,
məhəbbətindən imtina
etmək iqtidarında
deyil...
İkinci
pərdədə biz daha
təntənə və
dəbdəbə ilə
tərtib olunmuş səhnə görürük:
meydanda Misir qoşunları coşqu ilə qarşılanır.
Fironun qarşısından əsir
efiopiyalılar keçir.
Aman diləyən əsirlərə
xalq da qoşulur.
Məhz bu səhnədə xorun əzəməti və zərb alətlərinin orkestr səslənməsində
emosional vəziyyətin
möhtəşəm təsviri
alqışlarla qarşılanır...
Nəhayət, ali kahinin məsləhəti ilə firon Aidanı və atasını əsir kimi saxlamağa razılıq verir. Qızını isə Radamesə ərə verir. Amneris qalibdir və o, Aidanın kədərinə sevinir. Nilin sahilində, İzida məbədində Amneris Radameslə nikah bağlamağa hazırlaşır. Bədbəxt Aida sevgilisi ilə əbədi vidalaşmaq üçün onu gözləyir. Narahatdır, həm də qərarlı: ayrılığa dözmədiyindən özünü Nilə atacaq. O həm də daha görə bilməyəcəyi vətənini xatırlayır. Qəfildən atası gəlir. O, artıq qızının məhəbbətindən və Amnerislə rəqabətindən xəbərdardır. Qızından sarayla bağlı sirri öyrənməsini tələb edir. Sözsüz ki, Aida razılaşmır. Küskün ata qızını lənətləyir. Bezgin Aida məhəbbətini vətəninə qurban verməyə razı olur.
Bir tərəfdən Radames də qələbəsinə əmindir. Amma Aida onunla razılaşmır: fironun qızı onları məhv edəcək və yeganə xilas yolu Efiopiyaya qaçmaqdır. Radames isə qərar verə bilmir və sevgisinə görə vətəndən imtina ona ağır gəlir. Ancaq Aida onu məcbur edir və heç nədən şübhələnməyən Radames sirri açaraq Misir qoşunlarının gedəcəyi yolu ona deyir. Amonasro çox məmnundur. Artıq efiopiyalıların qələbəsi mütləqdir. Radames dəhşət içindədir. İstəmədən vətən satqını olub. Amonasro və Aida onu sakitləşdirərək birlikdə qaçmağı təklif edirlər. Aldanmış aşiq razılaşmır və özünü kahinə təslim edir. Aida və atası qaçırlar. Məbədin altında Radamesin məhkəməsi qurulur. Amneris Aidadan əl çəkməsi üçün ona yalvarır, Misir tacını ona təklif edir. Amma cəsur döyüşçü öz sözünün üstündə durur. Aidaya görə o, vətəninə xəyanət edib. Fironun qızı gah Radamesdən dəhşətli qisas alacağını deyir, gah da tanrıdan onun xilasını arzulayır. Ali kahin hökm verir: xain diri-diri məbədin altında basdırılmalıdır!
...Aida sevdiyinin taleyinə şərik çıxmaq üçün onunla birlikdə ölmək istəyir. İndi heç kəs onları ayıra bilməz. Məbəddən kahinlərin səsi gəlir və biz kədərli məhəbbətin son taktı kimi vicdanının rahatlaşması üçün allahlara yalvaran şah qızını görürük...
Bitkin musiqi, zəngin tərtibat və mükəmməl böyük heyətin əməyi öz halal mükafatını – fasiləsiz alqışını alır.
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2023.- 3 mart.-
S.5.