“Ciddi ədəbiyyat təbliğ edilməlidir”

 

Xalq yazıçısı Anar: “Virtual dünyada söz sənətinə maraq da, hörmət də, diqqət də azalıb...”

 

Martın 14-də Xalq yazıçısı, publisist, ssenarist, kinorejissor, ictimai xadim, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 yaşı tamam olur.

Anar baharda dünyaya gəlib. Bəlkə həm də bu səbəbdən yaradıcılığı da həmişə yeni təravətdə olub, sevilib, oxunub. İnsanlar bahara ehtiyac duyduqları kimi Anarın da əsərləri hər zaman ehtiyac duyulan, axtarılan əsərlərdir. Xalq yazıçısı ilə ömrünün 85-ci baharında görüşdük.

– 15 il əvvəl, 70 illik yubileyinizlə bağlı müsahibəmizdə demişdiniz ki, mən yaşa o qədər də əhəmiyyət vermirəm. Əsas da məni yaşadan, həvəsləndirən budur ki, planlarım çoxdur, elə işlər var ki, onları görmək istəyirəm. Elə isə o gündən bu günə hansı əsas planlarınızı reallaşdıra bildiniz?

– Xeyli iş görə bildim. Üç cilddə rus dilində “Azərbaycan ədəbiyyatı və incəsənəti” nəşr edilib. Hərəsi 1000 səhifəlik kitabdır. Azərbaycan dilində “Azərbaycan söz dünyası” 5 cilddə çap olunub. “Yaşamaq haqqı” kitabım nəşr olunub. Bu da təxminən 1000 səhifədir. Nazim Hikmətin həyat və yaradıcılığı haqqında düşüncələrimdən ibarət “Kərəm kimi” romanım da nəşr olunub, haradasa, 1000 səhifədir. Bundan əlavə, “Sübhün səfiri” filminin ssenarisi və Gənc Tamaşaçılar Teatrında səhnələşdirilən “Şəhərin qış gecələri” pyesi, eləcə də çoxlu məqalə, hekayə və yazılar. Demək, xeyli iş görülüb.

– Yaşın bu çağında həyat və ədəbiyyatla bağlı düşüncələrinizi də bilmək maraqla olardı...

– Düzü, əvvəl necə görünürdüsə, bu gün də elə. Elə bir fərq yoxdur. Yeganə fərq odur ki, bu gün ədəbiyyatı daha az oxuyurlar. Bura, Yazıçılar Birliyinə bir müddət əvvəl gənclər gəlmişdilər. Divardakı yazıçıların şəkillərini göstərib kim olduqlarını soruşuram. Heç birini tanımırlar. Bu böyük təəssüf doğuran haldır. Ona görə də nə qədər ədəbiyyatı təbliğ etsək, o cümlədən sizin qəzetiniz, televiziya kanalları, digər media vasitələri ilə klassiklərimizi tanıtsaq, o qədər də yaxşı olar.

– Gənclərimizin klassiklərimizi tanımamağının səbəbini nədə görürsünüz? Bəlkə həm də Yazıçılar Birliyində təşkil olunan çoxsaylı tədbirlərdə, xatirə və yubiley gecələrində gənclərin iştirakı diqqətdə saxlanılmır.

– Məncə, əsas səbəb virtual dünyanın yaranmasıdır. Gənclər sosial şəbəkələrə qapanıblar. Kitab oxumurlar. Yalnız adını eşidirlər. Bu virtual dünyada söz sənətinə maraq da, hörmət də, diqqət də azalıb.

– Sizcə, bu problemlə necə mübarizə apara bilərik?

– Müəllimlərdən, pedaqoqlardan daha çox asılıdır. Məktəblilərin teatrlarda tamaşa izləməsinə şərait yaratmaq, gənclərin yazıçıların ev-muzeylərinə ziyarətini təşkil etmək, bir sözlə, genişmiqyaslı iş aparmaq lazımdır. Təhsil sistemindən də asılı səbəblər çoxdur. Maarifləndirici, ciddi ədəbiyyat təbliğ olunmalıdır. Bu işi birlikdə görsək, daha məqsədəuyğun olar.

– Hamımız birlikdə demişkən, Ulu öndər Heydər Əliyev Azərbaycan yazıçılarının 1976-cı ildə keçirilən qurultayındakı çıxışında yaradıcılıq ittifaqlarının sıx əlaqəsinin, qarşılıqlı mübadilənin mədəniyyətimizin inkişafı üçün önəmini vurğulamışdı. Bu məsələ indi də aktualdır. Anar müəllim, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı və başqa yaradıcılıq təşkilatları ilə birgə layihəniz olubmu?

– Yaradıcı təşkilatların hər birinin rəhbəri mənim dostlarımdır. Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı, Azərbaycan Kinematoqrafçılar İttifaqı da eləcə. Bir-birimizin tədbirlərinə qatılır, çıxışlar edirik. Özüm Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüyəm. Vaxtilə Rüstəm İbrahimbəyov sədr idi, hazırda Rasim Balayevdir. Tədbirlərində mütəmadi iştirak edirik. Fərhad Xəlilov sərgilərə dəvət edir. Əlbəttə ki, Ulu öndərin vaxtilə etdiyi bu çağırış çox doğrudur. Bizim yaradıcı təşkilatlar arasında tək şəxsi deyil, yaradıcı əlaqələr də qurulmalıdır. Bu sahəyə də xüsusi diqqət ayırmaq lazımdır.

– Bu il ölkəmizdə “Heydər Əliyev İli”dir. Yazıçılar Birliyinin əlamətdar ilə nə kimi töhfəsi olacaq?

– Yazıçılar Birliyi kitab hazırlayır. Bu kitabda Heydər Əliyevi şəxsən tanıyan yazıçıların xatirələri toplanıb. Kitabda mənim də xatirələrim yer alır. Tanımayan, şəxsən ünsiyyətdə olmayan yazıçıların da Heydər Əliyevə həsr etdikləri yazılar bu nəşrdə olacaq. 100 illik yubileyə belə bir sanballı nəşrlə töhfəmizi verəcəyik.

– 2008-ci ildə Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan “Gənc ədiblər məktəbi” yaradılmışdı, xeyli müddət də fəaliyyət göstərdi, bu layihənin iştirakçısı olan neçə-neçə gənc ədəbi mühitdə tanındı...

– Biz bu layihəni bərpa etməyi, əlbəttə ki, düşünürük. Ümumiyyətlə, Mədəniyyət Nazirliyi ilə birgə müzakirə etmək istədiyimiz məsələlər, layihələr var. İndi o sistemdə dəyişikliklər gedir. Düşünürəm ki, birgə planları, işləri gələcəkdə həyata keçirə bilərik.

– Bu gün Türk dünyasının ölkələr və xalqlar olaraq bir araya gəlməsi hamımızı sevindirir. Sizcə, ədəbiyyat və sənət bu yaxınlaşmaya, birliyə öz töhfəsini necə verə bilər?

– Mən Türkiyəyə ilk dəfə haradasa 40 il əvvəl getmişdim. Həmin dövrdə çox üzüldüm ki, orada, bir nəfər də olsun, Azərbaycan yazıçısını tanımır. Bir nəfər də olsun yazıçımızın əsərlərinə rast gəlmədim. İndi çox şey dəyişib. Bu gün bizim onlarla yazıçının nəinki Türkiyədə, bütün Türk dünyasında əsərləri, kitabları nəşr olunur. Yazıçılarımızın əsərləri tamaşaya qoyulur. Eləcə də bizim türkdilli dövlətlərlə əlaqələrimiz genişlənir. Könül istər ki, daha da çox olsun. Bir-birimizi daha da yaxından tanıyaq...

“Mətbuatda, ədəbiyyatda dilimizin vəziyyəti bizi narahat edir”

– Siz həmişə ana dilimizə həssas yanaşmısınız. Müasir ədəbi nümunələrimizin dili sizi qane edirmi?

– Biz bir neçə gün əvvəl Yazıçılar Birliyində müşavirə keçirdik. Seyran Səxavət dilimizin vəziyyəti haqqında məruzə etdi. Akademiklər, professorlar, Xalq yazıçıları, digər müəlliflər də çıxış etdilər. Bu gün mətbuatda, ədəbiyyatda dilimizin vəziyyəti bizi çox narahat edir. Qeyri-dəqiq ifadələr, dil pozuntuları və s. var. Bunlarla mübarizə bizim borcumuzdur. Bizim müşavirənin mətni “Ədəbiyyat qəzeti”ndə çap olunub. Bütün dil qayğılarımız bu mətndə ifadə olunub. Bundan sonra da məsələni diqqətdə saxlayacağıq.

– Yaradıcılığınızda ədəbi-mədəni və tarixi yaddaşa müraciət önəmli yer tutur. Bəs bu gün tariximizin hansı dövrünə, hadisəsinə işıq salınmasına ehtiyac var?

– Bu gün tariximizə aid daha çox kitablar yazılır. Qarabağ xanlığının tarixinə dair daha çox kitablar nəşr olunur. Bu mövzu aktualdır. Çünki Qarabağ hər zaman Azərbaycan torpağı olub. Ermənilərin yaratdığı saxta tarixi ifşa etmək üçün həqiqi tarixi yazmaq lazımdır. Bundan əlavə, dövlətçilik tariximizin əsas səhifələrindən olan Səfəvilər dövrü ilə bağlı da əsərlərin yazılması, məncə, gündəmə gəlməlidir.

– Bəzi ziyalılar, hətta hansısa tənqidçi Mirzə Cəlilin, Sabirin timsalında tənqidi realistlərin guya xalqımızı təhqir etdiyi barədə fikirlər səsləndirirlər. Bu qənaətdə olanlara nə deyərdiniz?

– Bu qənaətdə olanlara mənim sözüm budur ki, bu heç də düzgün ifadələr deyil. Ümumiyyətlə, bəzən şairlərimiz, yazıçılarımız barədə yazılanlar, danışılanlar heç də həqiqəti əks etdirmir. Məsələn, 37-ci illə bağlı müəyyən fikirlərə rast gəlirik. Bilirsinizmi, dövrün, zamanın da öz tələbləri, öz qanunları olub. Bu binada Yazıçılar İttifaqının fəaliyyəti 1939-cu ildən sonraya təsadüf edir. Bu illər ərzində yazıçılarımız arasında yaşananlar da, yaranan ədəbiyyatımız da tarixdir.

“Tarixi şəxsiyyətlərimiz haqqında filmlər çəkilsə, yaxşı olar”

– Mirzə Cəlil, Üzeyir bəy, Hüseyn Cavid, Mirzə Fətəli haqqında filmləriniz var. Bu silsilədən daha kimlər haqqında film çəkmək istərdiniz?

– Bu mövzuda demək istədiyim odur ki, görkəmli ədəbiyyat və mədəniyyət xadimlərimiz haqqında nə qədər çox filmlər çəkilsə, təbliğ olunsa, bir o qədər yaxşı olar. Söhbət mənim ssenarilərimdən gedirsə, uzun müddətdir mənim ssenarilərimə film çəkilmir. Klassiklərə aid beşinci filmin ssenarisini yazmışam. Cəfər Cabbarlı haqqında  Azad bir quşdum” adlı ssenarini üç il əvvəl nazirlik qəbul etdi, ancaq hələ də film barədə bir xəbər yoxdur. Teatrımızın 150 “Azərbaycanfilm”in 100, kinomuzun 125 illik yubileyində belə bir filmin ərsəyə gəlməsi həm də Cabbarlı ruhuna bir ehtiram olardı. Düzdür, yenə də onu qeyd etmək istərdim ki, burada problem maliyyə vəsaiti ilə də bağlı ola bilər. Mən demirəm, bunların hamısını dövlət etməlidir. Amma bizim varlı, imkanlı adamlarımız var. Onlar bu ssenarilərə pul ayırsalar, kinomuza dəstək olsalar, heç də pis olmaz.

– Qeyd etdiyiniz kimi, bu il peşəkar milli teatrımızın 150 illiyidir. Teatr tariximizdə xüsusi yeri olan tamaşalar sırasında sizin də imzanız var. Ulu öndər yaradıcı heyətlə hal-əhval tutmaq üçün səhnəyə ilk dəfə sizin “Şəhərin yay günləri” pyesinizin tamaşasından sonra çıxıb...

– Bəli, o vaxt Heydər Əliyev ali məktəblərə qəbulda rüşvət problemindən bəhs edən pyesimi “vaxtında yazılan əsər” adlandırdı. Bu mövzuda film çəkilməsini tövsiyə etdi. Bu əsərə görə 1980-ci ildə pyesin müəllifi kimi mənə Dövlət mükafatı da verildi. Amma son illər əsərlərim teatrlarda,  demək olar ki, səhnəyə qoyulmur. Mən çox arzulayardım ki, “Şəhərin yay günləri”ndən sonra yazdığım “Şəhərin qış günləri” əsəri də məhz Akademik Milli Dram Teatrında səhnəyə qoyulsun. Təəssüf ki, bu əsərə teatr laqeyd yanaşdı. 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş əsəri uğurla Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov Gənc Tamaşaçılar Teatrında səhnələşdirdi. Bu gün mənim hər hansı bir teatra müraciət etmək fikrim yoxdur. Teatrlarda əsərlərim əsasında hazırlanan tamaşalara görə minnətdaram.

– Anar müəllim, “Dədə Qorqud” filmində Emin Sabitoğlunun sizin sözlərinizə bəstələdiyi məşhur “İncəbellim” mahnısı Vətən müharibəsindən sonra başqa mətnlə ifa edilir. Bunu necə qarşıladınız?

– Mən, düzü, bu dəyişikliyi müsbət qarşılamadım. İllərdir tanınan bir mahnıya müdaxilə etməyi müəllif hüququna da hörmətsizlik kimi qəbul edirəm. Yaxşı olardı ki, bu musiqi üzərində oxunan sözlərə ayrı mahnı bəstələnsin.

– Bu gün sizi sevənlər və sevməyənlər, AYB-ni tənqid edənlər və işini təqdir edənlər var...

– Məni sevənlər 99 faizdirsə, sevməyənlər 1 faiz təşkil edir. Yazıçılar Birliyindən narazı qalanlarla razı qalanların sayı da mütənasibdir. Bir tərəfdən Yazıçılar Birliyini tənqid edən yazıçılar o biri tərəfdən gəlib birliyə üzvlük üçün müraciət edirlər. Belə məqamlar var. Əgər Yazıçılar Birliyi heç bir işə yaramırsa, onda niyə siz bura üzv olmaq üçün növbəyə dayanırsınız. Bu gün Yazıçılar Birliyi bacardığı qədər həm gənc, həm də yaşlı nəsil yazıçılarımıza dəstək olmağa çalışır. Fəaliyyətimizdən söz açarkən onu deyim ki, biz burada çox cüzi məvaciblə çalışırıq. Bəzən hesablayanda görürük ki, bizim sədr və müavinlərin maaşını bir yerdə toplayanda hansısa idarə rəisinin maaşına bərabərdir. Maaş artımı ilə bağlı müraciət edəndə həmişə bizə deyilir ki, ixtisarlar edin və bunun nəticəsində də maaşları yüksəldin. Amma burada rəhbər olduğum illər ərzində heç vaxt heç kimi ixtisara salmadım. Çünki düşündüm ki, cüzi də olsa, adamın ümidi, uşaqlarına çörəkpulu aparmaq qapısı bu birlikdir. İşimizə gəlincə isə, biz qurultaydan sonra bir neçə dəfə iclaslar keçirmişik. Bölmələrimizin, seksiyaların işinin dirçəldilməsi, bu günün tələblərinə cavab verən qaydada tənzimlənməsi ilə bağlı tövsiyələrimi də vermişəm.

– Sizə elə gəlmirmi ki, şanlı Zəfərimizin bədii ədəbiyyatda inikası ilə bağlı cəmiyyətdə sanki bir qədər səbirsizlik hiss olunur.

– Bu gün cəmiyyətdə Zəfərə, Vətən müharibəsinə həsr olunan ədəbiyyat yazılmır deyənlər, əslində, ədəbiyyatı oxumayanlar, ədəbi gündəmdən xəbərsiz olanlardır. Biz Vətən müharibəsinin ildönümünə həsr olunmuş AYB-nin təşəbbüsü ilə hazırlanan “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabını çap etdik. Bu kitabdakı əsərlərin çoxu Vətən müharibəsində Zəfərimizdən sonra qələmə alınıb. Ramiz Qusarçaylının bu kitabda yer alan “Vətən” poemasına mükafat da verdik. Həmçinin kitabda Sabir Rüstəmxanlının yaxşı bir poeması var. Ümumilikdə, kitabdakı bütün yazılar Zəfər mövzusunu özündə əks etdirir.

– Bu il Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” kimi çoxsaylı tədbirlərə ev sahibliyi edəcək. AYB olaraq bununla bağlı planlarınız varmı?

– Şuşada keçiriləcək mötəbər tədbirlərə biz də özümüzə aid olan bölmələr üzrə hazırlaşırıq. İnanırıq ki, bu tədbirlər də çox böyük uğurla yekunlaşacaq.

– Müsahibəyə görə təşəkkür edirik. Qəzetimizin kollektivi adından yubileyinizi təbrik edir, cansağlığı, yaradıcılıqla bol olan fərəhli illər arzulayırıq.

– Mən də sizin kollektivə uğurlar arzulayıram.

 

Lalə Azəri

Mədəniyyət.- 2023.- 3 mart.- S.6.