Violonçel ifaçısının “Solo”su
Beynəlxalq Muğam Mərkəzində (BMM) Azərbaycanın Əməkdar artisti, tanınmış violonçel ifaçısı Aleksey Miltıxın “Solo” adlı konserti keçirildi.
Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin təşkilatçılığı və BMM-in dəstəyi ilə reallaşan gecədə ifaçı ilə bərabər ayrı-ayrı musiqi nömrələrində sənətçi dostları, o cümlədən “The Passion” kvarteti də səhnəyə çıxdı.
Konsert proqramı elə həmahəng tərtib olunmuşdu ki, A.Miltıxın məxsusi ifaçılıq texnikasındakı zəriflik, melanxoliklik, bəzənsə “sərtlik” duyulurdu.
Müxtəlif zamanlara məxsus əsərlərin bir xətdə ustalıqla birləşərək vahid tablo yaratması xoş idi. İfaçının texniki ustalığını, interpretasiya qabiliyyətini xüsusi qeyd etməliyik. Çünki bu, hər bir əsərdə, həqiqətən də, fərqli təzahür edirdi.
Gecədə sənət dostları ifaçını tək qoymadı. Müxtəlif violin və fortepiano ilə duetlər, rəqs nömrələrinin təqdimi proqramı daha da zənginləşdirdi. Musiqi axşamı tamaşaçılara unudulmaz duyğular bəxş etdi. Onlar da aldıqları enerjini, alqışları ilə qarşılamağa çalışdılar.
L.Azəri
Mədəniyyət.- 2023.- 10 mart.-
S.5.