Zəriflərin bayramı münasibətilə
– “Harmoniya”
Martın 6-da Bakıdakı Rus evinin sərgi salonunda Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Harmoniya” adlı qrup sərgisi keçirilib.
“Chagh Art Platform” və “Art Cardio”nun təşkilatçılığı ilə gerçəkləşən sərginin açılışında Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev çıxış edərək Azərbaycan rəssamlarının əsərlərində qadın obrazları mövzusunda düşüncələrini bölüşüb və əl işləri sərgilənən rəssamları təbrik edib. Bildirilib ki, statusundan və yaşından asılı olmayaraq, qadın gözəlliyi, incəlik, müdriklik və qadına diqqət hər zaman təsviri sənət ustalarının yaradıcılığında xüsusi yer tutub.
Sərginin əhəmiyyətini vurğulayan sənətşünas deyib ki, qadın gözəlliyini duymağa və dəyərləndirməyə xidmət edən belə sərgilər cəmiyyətin müxtəlif təbəqələrinin estetik zövqünün formalaşmasında mühüm rol oynayır.
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor müavini Gülşən Qəribli bildirib ki, “Harmoniya” sərgisi qadın təbiətini, kainatın ən ülvi gözəlliyini əsərlərində tərənnüm edən rəssamların yaradıcılığına diqqət çəkmək məqsədilə keçirilir.
Sərgidə Rəfail Əliyev, Mir Azər Abdullayev, İlham Mirzəyev, Diana Əliyeva, Cavid Məmmədov, Xanlar Əsədullayev, Sahib Yaqubov, Ellada İsmayıl, Samirə Allahverdiyeva, Sara Nizam, İnna Seleznova, Rüstəm Hüseynov, Məhərrəm Əliyev, Ruslan Rüstəmov və başqa rəssam və heykəltəraşların müxtəlif üslub və texnikalarda işlənmiş 40-a yaxın rəngkarlıq, heykəltəraşlıq əsərləri və bədii fotoqrafiya nümunələri nümayiş olunur.
Lalə
Azəri
Mədəniyyət.- 2023.- 10 mart.-
S.8.