Peşəkar milli
teatrın 150 illik yubileyində
düşüncələr və xatirələr
2023-cü
il mart ayının
10-da Azərbaycan peşəkar
milli teatrının
150 illik yubileyi tamam olur. Əlamətdar
yubiley cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə
il ərzində
geniş şəkildə
qeyd ediləcək.
Peşəkar milli teatrımızın əsryarımlıq tarixi. Bu 150 illik tarixdə mənim də 50 illik payım olduğuna görə özümü xoşbəxt
hesab edirəm.
Xatirələr məni nə az, nə
də çox, düz yarım əsr əvvələ, peşəkar milli teatrın 100 illik yubileyi keçirilən dövrə apardı.
1973-cü ildə keçirilməli
olan yubiley tədbiri 1974-cü il may ayının
31-də indiki Heydər
Əliyev Sarayında gerçəkləşdi. O vaxt
mənim 25 yaşım
var idi. Rəhmətlik Tofiq Kazımov
Akademik Dram Teatrının
baş rejissoru idi. 100 illik yubiley tədbirlərinə
hazırlanan tamaşalardan
biri Mehdi Məmmədovun quruluşunda
Səməd Vurğunun ”İnsan” pyesinin
tamaşası idi. Quruluşçu rejissor əsərə
Səməd Vurğunun
poeziya nümunələrindən
də əlavələr
etmişdi. Mən tamaşada
alman zabitlərindən
birini ifa edirdim.
Təntənəli yubiley yığıncağında
Azərbaycan KP MK-nın
I katibi Heydər Əliyev “Çoxmillətli
sovet incəsənətinin
bayramı” adlı məruzə ilə çıxış etmişdi. Daha sonra
digər respublikalardan
dəvət olunmuş
qonaqların təbrikləri
dinlənilmişdi.
Yaxşı yadımdadır, 100 illik yubileylə bağlı Azərbaycan Dövlət Akademik Dram Teatrı “Lenin”
ordeni, aktyor və rejissorların bir qismi fəxri
adlarla təltif edilmişdi. Onların sırasında bu il 100 illik
yubileyi olan novator rejissor Tofiq Kazımov da vardı. Hələ bir çoxları Tofiq Kazımovun gələcəkdə yaradacağı
qeyri-adi tamaşaların
ümidi ilə yaşayırdı. Hələ
onun avtomobil qəzasında həlak olmasına 6 il
var idi. Bu
altı ildə o, maraqlı tamaşalar hazırladı, biz gənclərə
bir-birindən fərqli
obrazlar həvalə etdi.
Teatrda Tofiq Kazımovla birlikdə Mehdi Məmmədov, Əşrəf Quliyev, Məmmədkamal Kazımov
və digər rejissorlar da müxtəlif tamaşalar
hazırlayırdı. Lakin mənə
və mənim kimi o dövrün gənclərinə, bizim yaradıcılıq bioqrafiyamıza
yaxın olan, ustad hesab etdiyimiz
Tofiq Kazımov idi. O, tamaşalarında
hər zaman gənclərə önəm
verir və onların yaradıcılıq
potensialının artmasına
çalışırdı. Səməndər Rzayev, Amaliya Pənahova, Fuad Poladov, Yaşar
Nuriyev, Ramiz Məlikov, Hamlet Qurbanov, mən və digərləri Tofiq Kazımovun tamaşalarında
püxtələşmiş aktyorlar idik.
Tofiq Kazımov
1974-cü ildə Aleksandr
Vampilovun “Övlad” tamaşasını hazırladı. Əsas aktyor
heyəti gənclər
idi. Ramiz Məlikov, Yaşar Nuriyev, Şəfiqə Məmmədova, Məhbubə
Məlikova, Hamlet Qurbanov,
Zərnigar Ağakişiyeva,
Əminə Babayeva və başqaları.
Sonrakı mərhələdə dahi rejissor Vilyam
Şekspirin “Fırtına”
tamaşasında mənə
Adrian obrazını verdi. Ramiz Məlikov Sebastian, Hamlet Qurbanov Ferdinand, Səməndər
Rzayev Kaliban, Şəfiqə Məmmədova
Ariel obrazlarını canlandırırdı.
Tofiq müəllim tamaşada yaşlı, orta nəsil və gənc aktyorların müştərək fəaliyyətinə
şərait yarada bilmişdi. Məlik Dadaşov Prospero, Məmmədrza
Şeyxzamanov Kral
Alonso, Əliağa Ağayev
Stefano, Məmməd Sadıqov
Qonzalo obrazlarını
ifa etmişdilər. Bu, sözün əsl
mənasında, sənətin
təntənəsi sayılmalı
idi. Bu, Tofiq
Kazımov rejissorluğunun
əsas qayəsi hesab olunmalıdır.
O, tamaşadan tamaşaya
məni və yaradıcılıq potensialına
inandığı mənim
kimi gəncləri mərhələlərlə, tədricən
daha mükəmməl
obrazlara hazırlayırdı.
1975-ci ildə Tofiq
Kazımov İlyas Əfəndiyevin “Bağlardan
gələn səs” pyesini tamaşaya qoydu. Mənə, 26 yaşlı gəncə
gözlənilmədən 60 yaşlı Qubad obrazını həvalə
etdi. Baxımlı bir tamaşa
alınmışdı. Əliağa
Ağayev kimi yüksək peşəkar
səviyyəli bir sənətkar mənim ifamda Qubad obrazını
görüb, çox
bəyəndi, bir daha bu obrazda
çıxış etmədi.
Başqa
sözlə desək,
sənətdə sözünü
demiş sənətkar,
ilk addımlarını atan
hər gəncə yaradıcılıq imkanlarını
üzə çıxarmağa
imkan yaradırdı.
Bu gün bütün
bunları xatırlayanda
novator rejissor Tofiq Kazımova rəhmət oxuyuram.
1976-cı ildə Tofiq
Kazımov Maqsud İbrahimbəyovun “Ümid”
pyesinin tamaşasını
hazırlayanda mənə
Rauf obrazı həvalə edildi. Bu tamaşada
mərhum Rafael Dadaşov
(Zaur), Nəcibə Məlikova (Nərminənin
anası), Bürcəli
Əsgərov (Bədirov),
İsmayıl Dağıstanlı
(Sabir), Hamlet Qurbanov və Kamal Xudaverdiyev
(Tahirov) və digər aktyorlar maraqlı obrazlar ifa edirdilər. Bu tamaşada da
quruluşçu rejissor
gənc aktyorlarla birgə orta və yaşlı nəsil aktyorlara yer vermişdi. Gənc nəsil səhnədə
orta və yaşlı nəsil aktyorlarla bir növ “ustad dərsləri”ndən keçirdi.
Maraqla qarşılanan bu tamaşa bir müddət teatrın repertuarında uğurla oynandı.
Tofiq Kazımov 1976-cı ildə
M.S.Ordubadinin “Qılınc
və qələm” əsəri əsasında
tamaşa hazırlayanda
mənə Mühakim
obrazını verdi. Fuad Poladov İlyas, Nizamini, Kamal Xudaverdiyev Fəxrəddini,
Hamlet Xanızadə Hüsaməddini,
Səməndər Rzayev
Əmir İnancı,
Nəcibə Məlikova
Safiyə və digər aktyorlar fərqli obrazlar təsvir edirdilər.
1977-ci ildə Mirzə
İbrahimovun “Bəşərin
komediyası və yaxud Don Juan” tamaşasında
Pedro rolunu oynadım. Tamaşaçılar
Rafael Dadaşovun Don Juanını,
Yaşar Nuriyevin Sqanarelini, Şəfiqə
Məmmədovanın Teodorasını,
Hamlet Xanızadənin Don Martinini
və digər aktyorların ifa etdikləri obrazları maraqla qarşıladılar.
Tofiq Kazımov sanki yaxınlaşmaqda olan qəzavü-qədəri hiss edir
və daha çox tamaşalar hazırlayıb, tamaşaçıların
qəlbini oxşamaq, yaddaşlarda əbədi məskən salmaq istəyirdi. Deməliyik ki, o bunu bacardı. Böyük
rejissor, əbədiyyətə
qovuşmağından 43 il keçsə də, xeyirxahlıqla xatırlanır və unudulmur.
Həmin ildə unudulmaz rejissorumuz Anatoli Safronovun “Daşqın” tamaşasını səhnəyə
qoydu. Görkəmli sənətkarımız Əliağa Ağayevlə
mənə Çakan
Yemelyan obrazını
həvalə etmişdi.
Əliağa Ağayev kimi
sənətkarla eyni bir obrazı oynamaq çox böyük məsuliyyət
idi. Lakin Əliağa Ağayev
səhnədə tərəf-müqabilinə
stimul verən, onu oynamağa ruhlandıran təcrübəli
sənətkar idi.
Bu tamaşada da gənclərlə birlikdə orta və yaşlı nəslin sənət nümayəndələri müştərək
fəaliyyət göstərərək,
sözün əsl mənasında, sənət
nümunəsi yaradırdılar.
İsmayıl Dağıstanlı
Anton Petroviç, Səməndər
Rzayev Beryozin Qriqori, Zərnigar Ağakişiyeva Olqa Semyonovna, Şükufə
Yusupova Anyuta, Rafiq Əzimov Zaxar obrazlarında maraqla izlənilirdi.
Həmin
il Tofiq
müəllim Anarın
“Şəhərin yay
günləri” tamaşasını
hazırladı. Bu tamaşada Feyruz obrazını canlandırdım.
Bu tamaşada da təcrübəli rejissor müxtəlif yaş qruplarından ibarət maraqlı ansambl toplaya bilmişdi.
1978-ci ildə Tofiq Kazımov Mirzə Fətəli Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah” pyesinə quruluş verdi. Rafiq Əzimovla mənə Müsyö Jordan obrazını tapşırdı. Bu tamaşada da rejissor maraqlı aktyor ansamblı toplaya bilmişdi. Dərviş Məstəlişahı Məlik Dadaşov, Hətəmxan ağanı Səməndər Rzayevlə Məcnun Hacıbəyov, Şərəbanunu Nəcibə Məlikova, Şahbaz bəyi Fuad Poladovla Rafael Dadaşov, Qulaməlini Yaşar Nuriyevlə Elxan Ağahüseynoğlu və digər obrazları teatrın aktyorları ifa edirdilər.
Novator rejissorun maraq dairəsi geniş və hərtərəfli idi. Tofiq Kazımov 1980-cı ildə birdən-birə Taufiq əl-Hakiminin “Karıxmış sultan” əsərinə müraciət etdi. Bu maraqlı tamaşada Çəkməçi rolunu oynadım...
Beləliklə, Akademik Dram Teatrında Tofiq Kazımovun yaradıcılıq kitabını vərəqləyərək, eyni zamanda özümün və mənimlə birlikdə teatra qədəm qoymuş gənc nəslin 50 ilə yaxın səhnə yoluna qısa nəzər saldım. Həm sevindim, həm də qüssələndim. Sevindim ki, peşəkar milli teatr 150 illik yubileyinə çatsa da, sanki ildən-ilə cavanlaşır və yenilənir. Teatrda nəsillər bir-birini əvəz edir. Mən də sənət yoldaşlarımla birgə ömrümün 50 ilini milli teatr sənətinə həsr etdiyim üçün xoşbəxtəm. Bizim nəsil artıq yaşlanıb, amma hələ də təcrübəmizlə gərəkli ola bilərik. Teatra yeni nəsillər gəlir. Onların da daha peşəkar, daha istedadlı olmasını istəyirəm. Teatrda maraqlı dram əsəri, peşəkar rejissura, baxımlı və düşündürücü aktyor ifaları görmək arzusundayam.
XXI əsr müasir
texnologiyalar dövrüdür. Süni intellektlər
dövrünə qədəm
basmışıq. Texnologiyalar yenilənə
bilər. Amma heç
bir texnologiya teatrın möcüzəsini
və sehrini əvəz edə bilməz. Mən buna qəti
əminəm. Amma teatr
da müasir texnologiyalar əsrinə cavab verməli, müasir insan düşüncəsini silkələməlidir.
Bunu teatra gələn yeni nəsil bilməli və riayət etməlidir.
Biz yaşlı nəsil bacardığımız
qədər peşəkar
milli teatrı qoruyub, inkişaf etdirdik. Bundan sonra peşəkar
milli teatrı inkişaf etdirib, gələcək nəslə
çatdırmaq bugünkü
gənclərin öhdəsinə
düşür. 150 yaşlı peşəkar
teatrın gələcək
inkişafının əmin
əllərdə olmasına
əminəm.
İlham
Namiq Kamal
Xalq artisti,
professor
Mədəniyyət.- 2023.- 10 mart.-
S.7.