Opera və
moda – iki sənət bir arada
Heydər Əliyev Mərkəzində konsert
və sərgi
Martın 8-də Heydər Əliyev Mərkəzində “Opera və
moda. Sultan Couture 20” adlı
konsert və sərgi keçirilib.
Beynəlxalq Qadınlar Günündə
bayram əhvali-ruhiyyəli
layihə tamaşaçılarda
dərin təəssürat
yaradıb.
Opera və moda həmişə bir-birinə
sıx bağlı olub. Opera müğənniləri
səhnəyə ən
gözəl libaslarda və zərgərlik nümunələri ilə
çıxıblar. Opera
kostyumları modaya və ya əksinə
– geyim dəbləri
opera səhnəsinə daim
sirayət edib. Tamaşaçılar məşhur opera əsərləri ilə moda evlərinin müştərək səhnə
performanslarını da
həmişə maraqla
izləyib.
Heydər
Əliyev Mərkəzindəki
opera və modanın birləşdiyi konsertdə
tanınmış vokalçılar
– Stanislavski və Nemiroviç-Dançenko
adına Moskva Akademik Musiqili Teatrının solisti Anastasiya Çernovolos
(soprano), “Helikon-Opera” Moskva
Musiqili Teatrının
solisti Elnarə Məmmədova (soprano), beynəlxalq
müsabiqələr laureatı
Yana Melikayeva (metso-soprano)
və Yekaterina Sannikova (soprano) iştirak ediblər.
Proqramda Azərbaycan və dünya bəstəkarlarının
ən parlaq və məşhur əsərləri ifa olunub. İfaçıları dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan
Dövlət Simfonik Orkestri müşayiət edib.
Gecəyə fərqlilik gətirən daha bir məqam
opera müğənnilərinin səhnəyə rəssam-modelyer
Orxan Sultanın məhz Bakı konserti üçün hazırladığı libaslarda
çıxması olub.
“Auditorium”
zalındakı konsert
zamanı bu il 20 yaşını
qeyd edən “Sultan Couture&Co” brendinə məxsus kolleksiya nümayiş etdirilib. Gecə ərzində səhnəyə
çıxan müğənnilər
həm də “BVLGARI” brendinin zinət əşyalarını təqdim
ediblər. Beləliklə, konsertdə tamaşaçılar
həm gözəl vokal interpretasiyaları, zəngin repertuar, həm də cazibədar səhnə geyimləri ilə məşhur zərgərlik
brendinin kolleksiyasının
şahidi olublar.
Konsert müğənnilərin
Müslüm Maqomayevin
bəstələdiyi həmişəyaşar
“Azərbaycan” mahnısının
birgə ifası ilə başa çatıb.
Konsertdən sonra Anastasiya Çernovolos öz təəssüratlarını bölüşüb: “Bu bir musiqi və moda bayramı idi. Bunun ənənəyə çevrilməsi və gələcəkdə mədəniyyətləri birləşdirən festivalın təşkil edilməsi gözəl olardı”.
Beynəlxalq müsabiqələr laureatı Yana Melikayeva da tədbirdə iştirakından məmnunluğunu ifadə edib: “Bu tədbirə uzun müddət hazırlaşmışıq. Çox xoşbəxtəm ki, Müslüm Maqomayevin repertuarından mahnı ifa etdim...”.
Heydər Əliyev Mərkəzində bu layihə çərçivəsində təqdim olunan “Azərbaycanın opera tarixində ilk qadın ifaçı və bəstəkarlar” adlı sərgi də maraq doğurub. Müsəlman Şərqində ilk dəfə qadın ifaçılar məhz Azərbaycanda teatr səhnəsinə çıxıblar. Sərgidə ilk qadın opera müğənniləri Fatma Muxtarova, Gülxar Həsənova, Sona Aslanova, Sona Mustafayeva, Şövkət Məmmədova, Şərqdə ilk opera yazmış qadın bəstəkar Şəfiqə Axundova haqqında məlumat verilib. “İlk Azərbaycan opera müğənniləri səhnə geyimlərində” bölməsində qadın ifaçıların məşhur tamaşalardakı səhnə geyimlərində fotoları sərgilənib.
Mədəniyyət.- 2023.- 10 mart.-
S.3.