150 illik yubileydə 100
illik tarixə baxış
Milli teatr sənətinin
qayğıkeşi Heydər Əliyevin yarım əsr öncə
söylədikləri indi də aktualdır...
10 mart Milli Teatr Günüdür. Bu
gün Azərbaycanda peşəkar milli teatrın
yaranmasının 150 illiyi tamam olur. Əlamətdar
ildönümü bu günə təsadüf etsə də,
yubiley tədbirləri ilin sonunadək davam edəcək.
Çünki 150 il əvvəl zəngin
tarixə malik xalq teatr ənənələrimizin, kökləri
qədim folklorumuza bağlı səhnə sənətimizin
peşəkar müstəviyə qədəm qoyması təkcə
mədəniyyət tariximiz üçün deyil, ümumilikdə
ictimai həyatımız üçün də müstəsna
əhəmiyyətli hadisə idi.
Prezident
İlham Əliyevin Azərbaycan peşəkar milli
teatrının 150 illik yubileyi haqqında sərəncamında
da vurğulandığı kimi, Azərbaycan teatrı həmişə
fəal mövqeyi ilə seçilərək ictimai fikrin
ön sıralarında dayanıb, cəmiyyətin mədəni
tərəqqisinə və milli şüurun inkişafına əhəmiyyətli
təsir göstərib. Ədəbi fikir
tariximizin görkəmli nümayəndələri xalqa
müraciət üçün teatr səhnəsindən
yüksək xitabət kürsüsü kimi istifadə ediblər.
Azərbaycanda peşəkar milli teatrın yubileyi ilk dəfə
dövlət səviyyəsində, böyük təntənə
ilə yarım əsr öncə qeyd edilib. Düzdür, 100 illik yubiley
bir il ertələmə ilə, 1974-cü
ildə keçirilmişdi, amma bu, Azərbaycanın mədəniyyət
tarixində o dövr üçün ən möhtəşəm
yubiley mərasimi idi. Mədəniyyətimizin və
incəsənətimizin böyük himayədarı, milli
teatr sənətimizə hər zaman xüsusi
qayğıkeşliklə yanaşan Heydər Əliyev mərasimdə
geniş məzmunlu, proqram səciyyəli nitq söyləmişdi.
Yarım əsr öncə deyilən o fikirlərin
bir çoxu indi də aktualdır.
Azərbaycan peşəkar milli teatrının 100 illik
tarixinə və həm də gələcək
inkişafına nəzər salınan həmin nitqdən əsas
fikirləri oxucuların diqqətinə təqdim edirik.
***
...Yüz
il bundan əvvəl ictimai və dini
köləliyin zülmət səltənətində Azərbaycan
dram sənətinin ilk qığılcımı parladı. Mirzə Fətəli Axundovun “Lənkəran
xanının vəziri” pyesinin tamaşası ilə Azərbaycan
teatrının təməli qoyuldu.
Şərqdə ilk teatr olan Azərbaycan teatrı
maarifçilik və azadlıq ideyalarının
carçısına çevrildi, köhnə dünyanı
dağıdıb alt-üst etməkdə mühüm rol
oynadı. O,
zamanın qatı qaranlığını yararaq parlaq gələcəyə
yol açan, insanların şüurunu, qəlbini oyadan,
onları azadlıq, səadət naminə hünərlər
göstərməyə ruhlandıran bir məşəl idi...
O, Azərbaycanda mütərəqqi ictimai fikrin təşəkkül
və inkişafında fəal iştirak etmiş, öz
xalqının mənəvi xəzinəsini zənginləşdirmiş...
və indi də qabaqcıl ideya mövqelərində
durmaqdadır.
Azərbaycan dram teatrının yüzillik yubileyi
respublikamızın həyatında böyük mədəni
və siyasi əhəmiyyətli hadisəyə, bütün
çoxmillətli sovet teatrının bayramına
çevrilmişdir.
Maksim Qorki gözəl demişdir ki, həyatın əsl
tarixini sənət xadimləri yazırlar. Bu sözləri
bilavasitə dram sənətinə də aid etmək olar.
Azərbaycan xalqının ictimai zülmdən
xilas olmaq uğrunda, tərəqqi uğrunda, yeni həyat
uğrunda mübarizəsini əks etdirən Azərbaycan teatr
sənətinin tarixi buna bariz sübutdur.
Teatrımız yeni dünya quruculuğunda bilavasitə
iştirak etməyə başlayanadək bir çox illər
boyu enişli-yoxuşlu yollarla getmiş, ağır
sınaqlara məruz qalmış, xalqa zidd mürtəce
qüvvələrə qarşı şiddətli ideoloji
mübarizə aparmalı olmuşdu. Görkəmli mədəniyyət
xadimləri Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi,
Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy
Haqverdiyev, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə,
Üzeyir Hacıbəyov ilk dərin şırım
açaraq Azərbaycan teatr sənətinin toxumunu səpmiş,
onun cücərtilərini inqilabdan əvvəlki dövrün
şiddətli qasırğalarından hifz
edib qorumuşdular.
Azərbaycan
teatrının beşiyi başında dahi mütəfəkkir,
materialist filosof, Azərbaycan dramaturgiyasının atası
Mirzə Fətəli Axundov dayanmışdı... Əlamətdar haldır ki, Mirzə Fətəli
Axundovun ölməz komediyaları ilk dəfə müəllifin
öz tərcüməsi ilə Peterburqda və Tiflisdə rus
səhnəsində tamaşaya qoyulmuşdur. Müəllifin
ana dilində ilk tamaşası yalnız iyirmi il
sonra, 1873-cü ilin martında Bakıda göstərildi. Əsəri maarifçi demokrat Həsən bəy Zərdabi
öz şagirdlərindən Nəcəf bəy Vəzirovun və
Əsgər Adıgözəlovun yaxından iştirakı ilə
tamaşaya qoymuşdu.
Azərbaycan teatrının meydana gəlməsi Azərbaycanda
mütərəqqi ictimai-siyasi fikrin bütün
inkişafı gedişində hazırlanmışdı. Azərbaycan
teatrı lap əvvəldən realist teatr kimi təşəkkül
tapmış, öz banilərinin arzuladıqları kimi, “həyat
məktəbi”, “əxlaqı saflaşdırmaq vasitəsi”
olmuşdu.
N.Vəzirovun
“Müsibəti-Fəxrəddin”, Ə.Haqverdiyevin “Bəxtsiz
cavan”, N.Nərimanovun “Nadanlıq” pyeslərinin qəhrəmanları
öz qəlblərinin ən gözəl, ən nəcib hiss
və duyğularını doğma yurda, başı bəlalar
çəkmiş xalqa həsr etmişdilər..
Belə ağır bir şəraitdə
dramaturgiyanın qəhrəmanları öz müqəddəs
arzularına çatmayaraq həlak olurdular. Lakin onlar həlak olduqda da tamaşaçıya
yüksək ideallar aşılayır, xalqı mənəvi
cəhətdən yüksəltmək kimi böyük bir işə
xidmət etməyi ona öyrədirdilər.
Azərbaycan teatrının şöhrəti ildən-ilə
artırdı.
Bakıda olduğu kimi, Naxçıvanda, Şuşada, Gəncədə,
Şamaxıda, Şəkidə, habelə Tiflisdə, İrəvanda,
Təbrizdə və Aşqabadda da Azərbaycan dilində
tamaşalar qoyulurdu.
Hüseyn
Ərəblinski, onun həmkarları və məsləkdaşları
olan Sidqi Ruhulla, Cahangir Zeynalov, Abbas Mirzə Şərifzadə,
Mahmud Kazımovski, Mirzağa Əliyev, Hüseynqulu Sarabski,
Əbülfət Vəli və başqaları teatrın
özünü qoruyub saxlamaq uğrunda daimi, hətta fədakarcasına
mübarizə şəraitində xalqı Azərbaycan və
rus dramaturqlarının, dünya dramaturgiyası klassiklərinin
ən yaxşı əsərləri ilə tanış
edirdilər.
Azərbaycan dram teatrının fədailəri necə
çətinliklərə və məhrumiyyətlərə
rast gəlsələr də, irəliyə inamla
baxırdılar. Ə.Haqverdiyev yazırdı: “Artistliyin yolları
ağır və tikan ilə doludur. Ayağa
batan tikanların ağrılarına qəyuranə davam edib mərdanə
getməyin axırda işıqlı bir mənzilə yetirməyi
şübhəsizdir”.
1908-ci ildə Bakıda ilk milli operanın - Üzeyir
Hacıbəyovun “Leyli və Məcnun” operasının
tamaşası ilə musiqili teatr meydana gəldi. Çox
keçmədən musiqili komediyalar, vodevillər
yaradılmağa başladı.
1916-cı ildə Cəlil Məmmədquluzadənin
“Ölülər” pyesi tamaşaya qoyulduqda cəhalətpərəstlər
arasına necə vəlvələ
düşdüyünü xatırlayaq. Bu tamaşa ətrafında
şiddətli bir mübarizə başlanmışdı.
Mürtəce tənqidçilər pyesin və
tamaşanın ideya əhəmiyyətini, bədii məziyyətlərini
kiçiltməyə çalışır, müəllifə
mənasız ittihamlar verirdilər.
Lakin ziyalıların tərəqqipərvər hissəsi
tamaşanı layiqincə qiymətləndirir, pyesin müəllifini
irticaçıların və fanatiklərin
hücumlarından qoruyurdular. N.Nərimanov yazırdı: “Bu drama
müsəlmanların həyatında böyük rollar
oynayacaqdır: paslanmış beyinləri pasdan təmizləyib,
ölmüş ruhlara can verəcəkdir”... Doğrudan
da, Cəlil Məmmədquluzadənin pyesi öz dərinliyi,
obrazlarının parlaqlığı ilə indi də
tamaşaçıları heyran edir.
Sovet hakimiyyətinin ilk illərində Azərbaycan və
rus truppaları olan “Tənqid-təbliğ teatrı”
yaradıldı. Teatr kiçik formalı tamaşalar qoyur, mənfi
halları, meşşan və nepmanları satira atəşinə
tutur, qadın azadlığının düşmənlərinə,
din xadimlərinə, qolçomaqlara, bütün
mürtəce qüvvələrə acı-acı
gülürdü. İnqilabın özündən
doğan “Tənqid-təbliğ teatrı” öz şərəfli
vəzifəsini layiqincə yerinə yetirirdi. Sonralar bu
teatrların əsasında Azərbaycan və rus truppaları
– Bakıda Səməd Vurğun adına və
Kirovabadda (Gəncə - red.) Cəfər Cabbarlı adına indiki teatrların sələfləri
olan Bakı İşçi Teatrı yaradıldı...
...Cəfər Cabbarlının
yaradıcılığı dramaturgiya ədəbiyyatımızın
daha da inkişaf etdirilməsinə çox böyük təsir
göstərmişdir.
...Görkəmli
şair Səməd Vurğunun “Vaqif” mənzum dramı Azərbaycan
dramaturgiyasının əsil incisi, səhnəmizin
iftixarıdır.
...Dramaturq
Hüseyn Cavidin və teatrın yaradıcı kollektivinin
yüksək sənətkarlığı sayəsində
“Şeyx Sənan”, “Səyavuş”, “Xəyyam” pyesləri
geniş tamaşaçı kütlələrinin məhəbbətini
qazanmışdır.
Dramaturqların
sonrakı nəslinin – Mirzə İbrahimovun, Mehdi Hüseynin,
Sabit Rəhmanın, Süleyman Rüstəmin, İlyas Əfəndiyevin,
İmran Qasımovun, Ənvər Məmmədxanlının əsərlərində
də teatrımızın ənənələrinin canlı
nəfəsi duyulur. Böyük Vətən
müharibəsi illərində sovet xalqının hünərini
əks etdirən tamaşalarda realizm və romantizm üzvi surətdə
birləşir. “Məhəbbət”, “Vəfa”,
“İntizar”, “İntiqam”, “Uzaq sahillərdə”
tamaşalarında döyüşçülərin və
zabitlərin, arxa əməkçilərinin hünəri, qələbə
saatını yaxınlaşdırmaq naminə onların
göstərdikləri qəhrəmanlıq tərənnüm
olunur.
Fərəhli
haldır ki, respublika teatrları tamaşalarının əksəriyyəti
müasirlərimizə, həyatımızın ciddi, aktual
ictimai və etik problemlərinə həsr olunmuşdur... “Sən
yanmasan”, “Sən nə üçün yaşayırsan?”,
“Ömür elə qısadır ki”, “Unuda bilmirəm”, “Qəribə
oğlan”, “Kəndçi qızı”, “Göz həkimi”,
“İkinci səs” tamaşalarında və digər
tamaşalarda qəhrəmanların sözlərinə və
hərəkətlərinə tamaşa salonunun dərin maraq
göstərməsi bunu sübut edir.
Azərbaycan
teatrının ən yaxşı tamaşaları,
rejissorlardan İsmayıl Hidayətzadənin, Aleksandr Tuqanovun,
Sergey Mayorovun, Rza Təhmasibin, Mehdi Məmmədovun, Məhərrəm
Haşımovun, Tofiq Kazımovun, Ələsgər Şərifovun,
Əliheydər Ələkbərovun, rəssamlardan Nüsrət
Fətullayevin, İsmayıl Axundovun, Bədurə
Əfqanlının adları, bəstəkarlardan Asəf
Zeynallının, Qara Qarayevin, Fikrət Əmirovun, Cahangir
Cahangirovun, Səid Rüstəmovun, Tofiq Quliyevin
yaradıcılığı ilə bağlıdır.
Azərbaycan
səhnəsinin görkəmli ustalarından Abbas Mirzə
Şərifzadənin, Sidqi Ruhullanın, Mirzağa Əliyevin,
Yeva Olenskayanın, Kazım Ziyanın, Ülvi Rəcəbin, Mərziyyə
Davudovanın, Fatma Qədrinin, Ələsgər Ələkbərovun,
Mustafa Mərdanovun müxtəlif tamaşalarda
yaratdıqları canlı və dərin obrazlar M.Əzizbəyov
adına teatrın (Akademik Milli Dram Teatrı – red.) salnaməsinə
həmişəlik daxil olmuşlar. Diqqətəlayiq artistlərdən
Hökümə Qurbanova, İsmayıl Dağıstanlı,
Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, Barat
Şəkinskaya, Əli Zeynalov, Möhsün Sənani və
başqaları Azərbaycan teatrının inkişafına
böyük kömək göstərirlər.
Mixail
Jarov, Faina Ranevskaya, Pyotr Yudin, Kseniya Babiçeva, Raxil Ginzburq,
Vera Şirye və başqaları rus dram teatrında gözəl
aktyorluq məktəbi keçmişlər. Zəroş Həmzəyeva,
İbrahim Həmzəyev, İsa Musayev, Rəmziyyə Veysəlova,
Ələkbər Seyfi və başqaları Naxçıvan,
Stepanakert (Xankəndi), Kirovabad (Gəncə – red.) teatrlarında
məhsuldar çalışırlar. Teatrlarımızda
getdikcə püxtələşən istedadlı gənclər,
Azərbaycan teatr sənətinin ən yaxşı realist ənənələrinin
ləyaqətli varisləri və davamçıları
böyük yaradıcılıq ilhamı ilə işləyirlər...
Hər tamaşanın yaradılması bir çoxlarının
– dramaturqun, rejissorun, aktyorların, dekoratorların,
işıq ustalarının və başqalarının
böyük və gərgin əməyidir. Səhnə əsərinin
yaradılmasında həm baş, həm də epizodik
rolların ifaçıları, həm səhnə fəhlələri,
həm də biletyoxlayanlar iştirak edirlər. Bu gün, yüzillik yubiley günündə biz Azərbaycan
teatrının yaranmasına, qüvvə toplamasına,
inkişaf etməsinə və belə zirvələrə
çatmasına özlərinin nəcib əməyi ilə
kömək göstərənlərin hamısına əhsən
deyirik.
Biz haqlı olaraq fəxr edirik ki, teatrlarımızın
bir sıra ən yaxşı tamaşaları SSRİ və
respublika dövlət mükafatlarına layiq
görülmüşdür. “Şərqin səhəri” və “Xəzər
üzərində şəfəq” tamaşalarına Sovet
İttifaqı Dövlət mükafatının verilməsi
M.Əzizbəyov adına və S.Vurğun
adına teatrların böyük yaradıcılıq qələbəsi
idi.
İndi respublikamızda 14 dövlət teatrı və
41 xalq teatrı vardır. Azərbaycanın
paytaxtında yeddi teatr fəaliyyət göstərir.
Bizim teatr, ədəbiyyat, kino, televiziya, təsviri sənət,
musiqi son illər ərzində sovet adamlarına xeyli yeni,
maraqlı və gözəl əsər vermişdir. Yeni əsərlər və
tamaşalar meydana gəlmişdir ki, bunlar da
xalqımızın keçmişini və bugünkü həyatını
realistcəsinə, bəzək-düzəksiz, lakin həm də
nöqsanları qatılaşdırmadan
işıqlandırır...
Teatrımız dərin düşüncələr və
böyük hisslər, güclü dramatik vəziyyətlər
teatrıdır. Dramaturgiyamız həmişə
böyük ictimai konfliktlərə, böyük ictimai əhəmiyyəti
olan mövzulara meyil etmişdir.
Teatr tamaşası həmişə bir bayramdır. Elə bir
insan çətin tapılar ki, səhnə sənəti onun
taleyində, dünyagörüşünün, estetik
zövqünün formalaşmasında böyük rol
oynamasın. Bizim bir çox yaxşı
xatirələrimiz, təəssüratlarımız, ürək
çırpıntılarımız ecazkar sənət
ustalarının nəfəsini duymaqda, sevimli qəhrəmanların
səsini eşitməkdə, bir növ onların sevinc və
kədərinə şərik olmaqda bizə imkan verən
teatrla, səhnə ilə bağlıdır. Bu cəhət teatrın böyük
üstünlüyüdür və buna görə də biz
şübhə etmirik ki, incəsənətin formaları daim
nə qədər zənginləşirsə-zənginləşsin,
televiziya və kino nə qədər yayılır və
kütləvi hal alırsa-alsın, cəmiyyət inkişaf
etdikcə teatrın rolu da artacaqdır. Səhnənin
bilavasitə tamaşa salonu ilə ünsiyyəti prosesinə əsaslanan,
tamaşaçılarla birlikdə həyəcan keçirən
teatr həyatın özü qədər əbədidir.
Təəssüflə qeyd etmək lazımdır ki, tamaşa salonları heç də həmişə adamla dolu olmursa, bunun səbəbini həm bəzi pyeslərin və tamaşaların keyfiyyətində, həm də əsərlərin səhnə təcəssümünün forma və üsullarının daha rəngarəng olmasına imkan verən müasir texniki vasitələrə mühafizəkar münasibətdə axtarmaq lazımdır. Onu da etiraf etmək lazımdır ki, teatr sənətinin təbliği işi bizdə zəif təşkil edilmişdir. Bununla əlaqədar olaraq müasir dramaturgiyanın rolu və əhəmiyyətini qeyd etmək lazımdır. Müasir dramaturgiyanın inkişafı, şübhəsiz, bilavasitə teatrın özündən, onun bədii və estetik səviyyəsindən asılıdır. Bununla birlikdə qeyd etməmək olmaz ki, özünün bütün müvəffəqiyyətlərinə baxmayaraq, dramaturgiyamız zəhmətkeşlərin artan tələbatından geri qalır... Səthi müşahidələr əsasında tərtib edilmiş sxemlər üzrə soyuq ürəklə dərin məzmunlu səhnə əsərləri, müasirlərimizin şüuruna və qəlbinə təsir edə bilən əsərlər yaratmaq mümkün deyildir.
Azərbaycan teatrının bir əsrlik yoluna yekun vurarkən bir daha qeyd etmək istəyirəm ki, xalqın həyatı ilə, rus teatrının, onun vasitəsi ilə də dünya teatrının təcrübəsi və nəzəriyyəsi ilə üzvi əlaqə onun tarixi təcrübəsinin əsası olmuş və olmaqdadır. Azərbaycan teatrı öz ideyalarını, mövzu və obrazlarını xalq içərisindən götürmüşdür və götürür. Bu yolda Azərbaycan teatrı bədii kamilliyə çatmış, xalqın şüuruna yol tapmış, onun ideya-estetik tərbiyəsində mühüm rol oynamışdır.
Mədəniyyət.- 2023.- 10 mart.-
S.6.