“Primanın irsi” – Qəmər
Almaszadə haqqında film nümayiş
olunub
Bakı Musiqi Akademiyasının Opera studiyasında ilk azərbaycanlı balerina, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Qəmər Almaszadənin (10.3.1915 – 7.4.2006) doğum gününə və Azərbaycan milli teatrının 150 illiyinə həsr olunmuş “Primanın irsi” sənədli filminin premyerası olub. Görkəmli sənətkar professional səhnəni tərk etdikdən sonra Akademik Opera və Balet Teatrının baş baletmeysteri olub, Bakı Xoreoqrafiya Məktəbinin direktoru işləyib.
Filmin ssenari müəllifi və rejissoru Samir Səmədovdur. Bu onun müəllif işidir.
Sənədli filmdə Qəmər Almaszadənin yetirmələrinin iştirakı ilə müxtəlif illərin nadir kadrları tamaşaçılara təqdim olunub. Qonaqlar arasında yer alan filmin qəhrəmanları milli balet tarixinə qayğıkeş münasibətə görə müəllifə təşəkkürlərini bildiriblər.
Filmdə ilk milli balerina və xoreoqraf Qəmər Almaszadənin yaradıcılığından, onun ən istedadlı tələbələrindən, Azərbaycan baletinin əfsanəvi primalarından söhbət açılır.
Qəmər Almaszadə Azərbaycan bəstəkarlarının
əksər baletlərində, o cümlədən
Qara Qarayevin “Yeddi gözəl” və Əfrasiyab Bədəlbəylinin
“Qız qalası” baletlərində ilk dəfə
baş partiyaları ifa
edib. Azərbaycanda balet
məktəbinin inkişafına böyük
töhfə verən sənətkar tanınmış
ifaçılar nəslini yetişdirib, onlar dünyanın müxtəlif şəhərlərinin
səhnələrində çıxış ediblər.
Mədəniyyət.- 2023.- 17 mart.-
S.6.